KÖŞƏ

Qvami Məhəbbətoğlu

Paşinyanın “sabiqlər” qorxusu

14 noyabr 2018 00:06
3698

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Astanaya yola düşməzdən əvvəl deyirdi ki, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) sammitində Yuri Xaçaturovun istefasını baş katib postunun fors-major situasiyada boşalması ilə eyniləşdirəcək. Daha doğrusu, onun yerinə 2020-ci ilə qədər öz nümayəndəsini, yəni keçmiş müdafiə naziri Mikael Arutyunyanı təsdiq etdirəcək. Lakin KTMT-nin ali orqanı sayılan Kollektiv Təhlükəsizlik Şurası bloka rotasiya qaydasına uyğun olaraq, Belarus nümayəndəsinin başçılıq edəcəyini bildirməklə onun bu arzusunu ürəyində qoydu. Bununla da Ermənistan KTMT-də baş katib postunu itirdi. Yeri gəlmişkən, son vaxtlar Ermənistanın dünya miqyasında reytinqi tamamilə aşağı düşüb. Şübhəsiz, bu, Azərbaycanın apardığı uğurlu siyasətlə bağlıdır.

Bütün bunlar da növbədənkənar seçkilər ərəfəsində Nikol Paşinyanın rəqiblərinə ona hücum etmək fürsəti verib. Məsələn, elə bu günlərdə Respublikaçılar Partiyası sədrinin birinci müavini seçilmiş sabiq müdafiə naziri Vigen Sarkisyan siyasət aləmində heç bir təcrübəyə malik olmayan Nikol Paşinyanı tənqid edərək bildirib ki, bundan sonra onun mənsub olduğu partiya yeni hökumətlə müxalif partiya kimi mübarizə aparacaq. Üstəlik, növbədənkənar parlament seçkilərində Respublikaçılar Partiyası yeni tərkiblə iştirak edəcək. Bununla da onlar yeni formalaşacaq parlamentdə səs çoxluğuna malik olmaq və üstünlüyü ələ almağa çalışan Nikol Paşinyanın planlarını pozmaq niyyətindədirlər. Halbuki bir müddət əvvəl onlar parlamentdə yer uğrunda mübarizə aparmayacaqlarını bəyan etmişdilər. Politoloqlar belə bir planın başında sabiq baş nazir Serj Sarkisyanın dayandığı qənaətindədirlər. Doğrudur, o, parlament seçklərində iştirak etməyəcəyini bildirmişdi. Amma görünən budur ki, Respublikaçılar Partiyasının ipi hələ də Serj Sarkisyanın əlindədir.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan da çox fəallaşıb. Belə ki, 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunmuş, sonradan apelyasiya məhkəməsinin qərarı ilə azadlığa qovuşmuş, öz hüquqlarının müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmiş bu eks-prezident də Paşinyanın Astana uğursuzluğundan yararlanmaq üçün dəridən-qabıqdan çıxır. Doğrudur, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində onun iştirak etməyəcəyi barədə məlumatlar yayılıb. Lakin yerli ekspertlər bunu Robert Koçaryanın növbəti hiyləsi kimi qələmə verirlər. Çünki o, öz adamlarını parlament “döyüş”lərinə hazırlamaqdadır.

Məlum olduğu kimi, on il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, sonradan adı Ermənistanda ağır cinayətlərdə hallandırılan Yuri Xaçaturov da əlinə düşən fürsəti boşa vermək niyyətində deyil. Onun Paşinyanı zəiflətmək məqsədilə özünəməxsus planları var... Bu mənada parlament seçkilərində bu qüvvələrin Nikol Paşinyana sarsıdıcı zərbələr vuracaqları şəksizdır.

Bəzi siyasətçilər iddia edirlər ki, əgər sabiqlərin bu addımları bir səmərə verməsə, onlar başqa bir yola əl ata bilərlər. Belə ki, həm Yuri Xaçaturovun, həm də sabiq prezidentlər Robert Koçaryanın, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş erməni hərbi birləşmələrində nüfuzları yüksəkdir. Bu isə o deməkdir ki, sabiqlər separatçı rejimin köməyi ilə Yerevana qarşı müqavimət və itaətsizlik təşkil edə, güc yolu ilə hakimiyyəti ələ ala bilərlər. Yeri gəlmişkən, hazırda Ermənistan ordusunda vəziyyət olduqca gərgindir. Üstəlik, əsgərlər arasında şübhəli ölüm hallarının sayı artıb. Buna görə də gənclər orduda xidmət etməkdən boyun qaçırırlar. Şübhəsiz, bu məsələdə son vaxtlar Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar da öz sözünü deyib. Bütün bunlar isə hazırda dərin iqtisadi böhran içində yaşayan Ermənistana, o cümlədən hər şeyi öz əlində cəmləşdirməyə və birpartiyalı parlament yaratmaq xülyasında olan, xalqa gözlədiyini verə bilməyən Nikol Paşinyana daha ağır günlər vəd edir.