KÖŞƏ

Zahid Rza

Eleni Teoxarusun Albaniyaya da girişi qadağan edildi

14 noyabr 2018 23:03
3844

Avropa Parlamentinin ermənipərəst deputatı Eleni Teoxarusun Albaniyaya da girişi qadağan edildi

Ölkəmizə qarşı hər zaman separatçılıq mövqeyi tutan, hələ 90-cı illərin əvvəllərindən Ermənistan və erməni lobbisinin çirkli pulları ilə bəslənən, dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilən, haqqında Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib.

Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən, ermənipərəst E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.

AP-nin Kiprdən olan bu üzvünün  beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib.

Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərarın heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar. Belə gedərsə Kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü “statusu”nu da qazana bilər.

Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarus Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.

Xatırladaq ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbi təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilmiş və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilmişdir. Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın də adının hallandığı bu cinayət işi ermənilərin lobbiçi fəaliyyətinin maliyyə təminatçısının və əlaqələndiricisinin erməni mafiyasının olduğunu sübut edən təkzibolunmaz dəlildir. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb. Bir müddət əvvəl Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.

Uzun illər erməni lobbisi ilə çirkli əlaqələrdə olan Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir. Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə  həyata keçirən E.Teoxarus kimilər məhz ədalətli araşdırmaların  nəticəsi olaraq öz layiqli cəzalarını almalıdırlar.