KÖŞƏ

Sevinc Azadi

Ermənistanı gözləyən sərt qış

16 noyabr 2018 00:16
3232

Ermənistanı gözləyən sərt qış - sanksiyalar rəsmi İrəvanı necə “DONDURACAQ”?

İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası regionda rəsmi Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: “Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək”.

ABŞ-ın “Euarasianet” analitik dərgisi yazıb ki, Ermənistanın yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışının olmaması və ciddi təbii resurslardan məhrum olması ona çətinlik yaradacaq. Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyən Metsamor AES köhnəlib. Nəticədə Ermənistanın İran və Rusiyadan enerji asılılığı daha da artıb. ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan, “Mehri” Azad İqtisadi Zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan daha ciddi iqtisadi problemlərlə üzləşə bilər.

İrandan ciddi enerji asılılığı olan Ermənistanın rəsmi Moskva tərəfindən qazın bahalaşdırılması ilə hədələnməsi isə əməlli başlı ermənilər üçün problem yaradıb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya üçün baş ağrısına çevrilməkdədir. Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə münasibətlərin yaxşı olduğunu və bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini bəyan etsə də, V.Putinin Paşinyana etimadının az olduğu açıq-aydın hiss olunur. Tərəflər bunu gizlətməyə çalışsalar da, ictimaiyyətin gözündən yayındırmaq mümkün deyil. Paşinyanın bir qədər sürüşkən mövqe tutmasının bir çox siyasi və iqtisadi səbəbləri var. Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın da iştirak etdiyi nəhəng qaz və neft kontraktlarında iştirak etməsi, ən azından bu kəmərlərin heç olmasa birinin onun ərazisindən keçməsi Ermənistan üçün əlçatmaz görünür. Bundan başqa Türkiyə ilə diplomatik əlaqələrin yoxluğu, Gürcüstan sərhəddi ilə yükdaşımaların çox məhdud səviyyədə olması Ermənistanı daha da asılı vəziyyətə salır. Artıq elə bir durum yaranıb ki, Rusiya bir həftə Ermənistanla əlaqələri kəssə, bu ölkə faciəli vəziyyətə düşər.

Bir tərəfdən də Vaşinqton “məxməri inqilab”dan sonra Ermənistanın Rusiya himayəsindən çıxmasına çalışır. Bir sözlə, Ermənistan xaotik bir vəziyyətin içindədir. Bu da aydındır ki, heç bir erməni rəhbər nə qədər ABŞ meyilli olsa da, “oturduğu budağı” kəsməz.