KÖŞƏ

Şəfiqə Dadaşova

Ermənistanda “möcüzə” baş verəcək?

27 noyabr 2018 00:19
3134

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan əvvəlcədən dediyi kimi, növbədənkənar parlament seçkilərində hərtərəfli iştirakını təmin etmək üçün məzuniyyət götürdükdən sonra bu gündən etibarən təşviqat kampaniyasına start verib. O, çıxışında gələn ilin Ermənistanda möcüzə ili olacağı barədə çıxışlar edib

Erməni kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdən görünür ki, rəhbəri olduğu “Mənim addımım” blokunun qələbəsi üçün tərəfdarlarını yenidən küçələrə tökən Paşinyan Araqaçotn əyalətinin Talin şəhərindən seçkiqabağı təşviqat aksiyalarına başlayıb. Paşinyan daha sonra kampaniyanı Maralik və Gümrüdə davam etdirəcəklərini bildirib.

Lakin təşviqat kampaniyasında Paşinyanın çıxışını gülməli edən məqam onun deputatlara yox, özü üçün səs istəməsi olub. Onsuz da dünya siyasətində ciddi bir sima kimi tanınmayan Paşinyan bu cür “siyasi oyun”ları ilə bir daha sübut edir ki, onun nəinki dünya siyasətində, heç Ermənistan siyasətində də önəmli rolu yoxdur. Hər zaman olduğu kimi, təşviqat kampaniyasında da pafoslu sözlərindən geri qalmayan Paşinyan bəyan edib ki, xalqın qərarı ilə baş nazir olacaq və xalq ona etibar etdiyi müddətcə bu postda qalacaq: “Əvvəllər sizin səs verdiklərinizin əvəzinə başqaları seçilirdi. Buna görə də Ermənistanda inqilab oldu”.

Görünən odur ki, Paşinyan yenidən erməni xalqına vədlər verməyə başlayıb. Bu dəfə o, fantaziyalarında daha da irəli gedərək gələcəkdə məsuliyyətindən asanlıqla boyun qaçıra bilməyəcəyi çox utopik və Ermənistan reallıqları ilə ziddiyyət təşkil edən vədlər verib. Gələn ilin Ermənistana möcüzələr gətirəcəyinə inanan Paşinyan hətta bildirib ki, əgər hər şey yaxşı getsə, onda 2019-cu ildə Ermənistanın iqtisadi inkişafında ani sıçrayış, iqtisadiyyatın strukturunun dəyişilməsi gözlənilir. Onun sözlərinə görə gələn il işğalçı ölkədə kiçik sahibkarlıq vergilərdən tamamilə azad ediləcək. Həmçinin, taksi sürücüləri də vergilərdən azad olunacaqlar.

Hələ ki, Paşinyanın vədlərinə inanmaqda çətinlik çəkən erməni xalqının qərarı necə olacaq bilinmir. Xatırladaq ki, Ermənistanda seçkiqabağı təşviqat kampaniyasına rəsmən start verilib və Parlamentə seçilmək üçün siyasi partiyaların öz platformalarını bəyan edəcəkləri kampaniya 12 gün davam edəcək. 9 dekabrda isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.