KÖŞƏ

Mənsumə Babayeva

Paşinyanın başağrısı

17 may 2018 22:59
3921

Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verən zaman xalq elə düşünürdü ki, ölkədə sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə Ermənistanın qarşısında “yaşıl işıq” yanacaq. Ölkə çiçəklənən dövrünü yaşayacaq. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlayır

Ermənilər 200 ildir ki, bizim xalqla düşmənçilik aparırlar. Onların milli şüurlarında və dövlət siyasətlərində “türk düşməndir”, “dənizdən dənizə böyük Ermənistan qurmalıyıq” və “Azərbaycanın ərazilərini maksimum dərəcədə işğal etməliyik” prinsipləri durur. Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq daşnak ideologiyası ilə zəhərlənmiş xalq uzun illərdir bu duyğularla yaşayır. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı pafoslu, radikal çıxışları daxili gərginliyi sakitləşdirməyə hesablanır. Paşinyana qədər Ermənistanda “Qarabağ klanı” hakimiyyətdə olub. Onların maddi imkanları genişdir. Həmçinin də hal-hazırda Ermənistan parlamentində 50-yə yaxın “Qarabağ klanı”nın deputatı var. “Qarabağ erməniləri” hakimiyyət strukturlarında geniş formada təmsil olunurlar. Paşinyan isə, bu klanı zəiflətmək üçün hər cür yollara əl atır. Məhz Dağlıq Qarabağla bağlı çıxışlar edərək, xalqı öz ətrafında toparlamaq istəyir. Dağlıq Qarabağ məsələsində özünü Sarkisyandan daha “ağıllı” radikal göstərir. Onun Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanatlarınında əsasında bu amil dayanır. Paşinyanın xalqımızla bağlı başından böyük danışdığına gəldikdə isə, hər kəs bilir ki, Ermənistanın arxasında duran Rusiyadır. Rusiya Qarabağ məsələsində neytral mövqe tutsa, Azərbaycan Ordusu Ermənistanı qısa müddətdə məğlub edər. 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 16-da Naxçıvana səfəri çərçivəsində Ermənistanın yeni hakmiyyətinin sərt ritorikası fonunda İrəvanın 50 km.də işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin Naxçıvandan birbaşa Ermənistana yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi. Çünki işğalçı ölkədə “məxməri inqilab”ın eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Dağlıq Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin ehyamını vurur. Bununla paralel işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirirlər. Göründüyü kimi, rəsmi İrəvanın həm siyasi, həm də hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçısının məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, İrəvana bu istiqamətdən də təkcə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkcə, Dağlıq Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər.

Qeyd edək ki, Ermənistanda uzun müddətdir ki, xaotik vəziyyət yaranmışdı, Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz edən müxalifət lideri Nikol Paşinyan xalqı meydanlara topladı və yalnız bu xaotik vəziyyətdən sonra Sarkisyan istefa verməli oldu. İndiki halda hələ də Ermənistanda gərginliyin səngiməsi isə onu göstərir ki, erməni xalqı bundan sonra hələ çox meydanlarda olacaq. Paşinyanın gətirdiyi bu “ənənə”-mitinqlərlə dəyişikliklər görünür özü üçün də başağrısı olacaq.