KÖŞƏ

Mənsumə Babayeva

Köhnə hamam, köhnə tas...

06 aprel 2018 15:20
4794

Hər zaman Azərbaycan xalqının, dövlətinin milli maraqlarına əks mövqe tutan radikal müxalifət yenə də öz ampluasındadır. Antiazərbaycan mövqeyində duran beynəlxalq təşkilatların, erməni diasporunun pulu ilə Azərbaycanda ictimai-siyasi sabitliyə kölgə salmaq istəyən radikal ünsürlər ölkəmizdəki seçkiqabağı siyasi sabitlikdən narahat olduqlarını pis niyyətləri, mənfur xislətləri ilə büruzə verirlər.

Başqa sözlə, aprelin 11-də keçiriləcək prezident seçkilərinə ciddi hazırlıq, seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin qoyulmaması qərəzli dairələri narahat edir. Xalqın təbliğat-təşviqat kampaniyasında mütəşəkkilliklə iştirakı, ölkədəki dinamik inkişafı  dəstəkləməsi, YAP-ın namizədi cənab İlham Əliyevlə  həmrəylik, beynəlxalq təşkilatların müşahidə missiyaları tərəfindən də etiraf olunur. Bu baxımdan da radikal ünsürlər ölkəmizdə demokratik ənənələrə əsaslanan, şəffaf və ədalətli seçki mühitinin mövcudluğundan narahat olur, müxtəlif yollarla buna mane olmağa çalışırlar.

Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin, qondarma “Milli Şura”nın və Müsavat Partiyasının seçkilərə qatılmaması, onu boykot etməklə hakimiyyət uğrunda sivil mübarizə aparmaq mədəniyyətindən kənar olması sübut edir ki,  özünü siyasi qüvvə kimi təsdiqləyə bilməyən, cəmiyyət arasında heç bir nüfuza, elektorata malik olmayan bu qurumlar birmənalı şəkildə antimilli maraqların ifadəçisi qismində çıxış edirlər. Ümumiyyətlə, sosial bazaları olmayan, küçə və meydan  təfəkkürü ilə seçkiləri boykota çağıran bu zümrələrin sonlarının çatdığını azsaylı iştirakçılarla keçirdikləri mitinqlər də təsdiqlədi.

“Milli Şura”, AXCP və Müsavat Partiyasının martın 31-də Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqi də uğursuzluqla başa çatdı. Qondarma şüarları təkrar-təkrar səsləndirməklə  iştirakçıları bezdirən Əli Kərimlinin sosial şəbəkədə “formalaşan söyüş bandası”,  əsas tribunaları olan “Meydan TV” belə mitinqin heç bir əsaslara söykənmədiyini sübut etdi. AXCP, qondarma “Milli Şura” və Müsavat Partiyasının 31 mart Azərbaycanlıların Soyqırımı Günündə mitinq keçirməsi isə  ermənilər tərəfindən qətlə yetirilən soydaşlarımızın ruhuna  hörmətsizlik idi. Mitinq üçün  ümumxalq hüzn gününü seçməkdə məqsədləri əməlləri kimi məkr olanların kələkləri baş tutmadı. Bilərəkdən mitinqi 31 marta təyin etməkdə  məqsədləri bu idi ki, dövlət onlara icazə verməsin.  Sonra da hay-küy salsınlar ki, sərbəst toplaşmaq hüququmuz pozuldu.  Ancaq unutdular ki,  demokratik prinsiplərin qorunduğu Azərbaycanın bütün bölgələrində  insanların öz istəklərini sərbəst bildirmələri üçün əvvəlcədən yerlər müəyyənləşdirilib. Bütün bunların hamısı oyunbazlıqdır.

Həmişə olduğu kimi, bu dəfə də dağıdıcı müxalifətin mitinqə 1000 nəfərdən artıq adam yığa bilməməsi, əsassız iddialar səsləndirmələri, heç bir fakta söykənməyən çıxışlar radikalların  xarici ağalarının drijor çubuğu ilə idarə olunduqlarını göstərdi. Necə deyərlər, “Köhnə hamam, köhnə tas”ın “bir həsir, bir məmmədnəsirləri”n mitinq şouları  fiaskoya uğradı. Hər zaman eyni fikirləri, təhqir xarakterli çıxışları ilə özlərini gülünc vəziyyətə salan radikal müxalifət bu cür aksiyalar keçirməklə özlərini daha da alçaltmış olurlar. Çünki obyektivliyə əsaslanmayan fikirlər həqiqətdən uzaqdır. Mitinqdə səsləndirilən bəzi fikirləri isə, ümumiyyətlə, demokratik prinsiplərə, siyasi mübarizəyə tamamilə zidd məsələlərdir. İctimai dəstəyə malik olmayan radikallar bu şəraitdə ən yaxşı çıxış yolunu paytaxtın gur olan yerlərində aksiyalar təşkil etməkdə görürlər. Bununla həmin yerlərdəki sadə insanların guya öz tərəfdarları olmasına dair bir təəssürat yarada biləcəklərinə ümid edirlər. Bakıda insanların gur olduğu məskənlərdə martın 31-də mitinq keçirmək cəhdləri bu taktikanın növbəti uğursuz  sınağı oldu. Bununla da Azərbaycan cəmiyyəti dağıdıcı antimilli ünsürlərə etinasız münasibətini belələrinə  “yox” deməklə bildirdi.