KÖŞƏ

Şəmsiyyə Əliqızı

Cılız taktika

07 mart 2018 23:56
7039

Bu gün ölkədə müsbət mənada çox böyük dəyişikliklər baş versə də dəyişməyən bir şey var, o da dağıdıcı müxalifət mənsublarının cılız təfəkkürüdür. Cılız təfəkkür sahibləri olan bu ünsürlər hələ də ötən əsrin 90-cı illərinin “meydan” təfəkkürü”  ilə yaşayır,  iqtidara gəlmək naminə, necə deyərlər, şeytanla belə əməkdaşlıqdan çəkinmirlər. Azərbaycanın uğuruna sevinməyən, dövlətimizin qüdrətlənməsi, güclənməsi, dünyanın təhlükəsizlik siyasətini təyin edən ölkələr sırasına yüksəlməsi ilə  barışmayan dağıdıcı müxalifət bu istiqamətdə hər kəslə, hətta əli xalqımızın qanına batmış ermənilərlə açıq şəkildə  müttəfiqlik edir.  Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Bütün bunlar onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir. Ən pisi isə odur ki, həmin “liderlər” Azərbaycanda yaranmış demokratik mühitdən faydalanaraq yenə əvvəlki kimi, siyasi cəhətdən hazırlıqsız olan gənclərdən özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışır, onları qeyri-qanuni hərəkətlərə səsləyir, ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər.

Onların şirin dilinə, boş vədlərinə aldanan  gənclər bilməlidirlər ki, bu ünsürlər  həmişə dar məqamda ən yaxın təəssübkeşlərini də  meydanda tək qoyub qaçmışlar. 1990-cı il 20 Yanvar faciəsini xatırlayın. Xalqı küçələrə səsləyən başda İsa Qəmbər olmaqla heç bir “lider”in” burnu belə qanamadı. Millətimizin qəhrəman oğulları azadlıq naminə canlarını fəda edərkən, İsa Qəmbər Yusif Səmədoğlunun evində gizlənmişdi. 2003-cü ilin oktyabr hadisələrini də xatırlamağa dəyər. Bütün prosesləri bağlı qapılar arxasından izləyən  Əli Kərimli və İsa Qəmbər tərəfdarlarını küçələrə səslədilər. Nəticədə, 400-dək azğınlaşmış insan şəhərin mərkəzində qarşılarına keçən hər şeyi dağıtmağa başladılar. Onlar hətta yolu keçən maşınların şüşələrini sındırır, sürücüləri döyür, qadın, kişi fərq qoymadan sərnişinləri  təhqir edirdilər. Pəncərə sındıran, maşın yandıran, yolboyu dağıntılar törədən quldurları qızışdıraraq küçələrə salan, vandalizmə təhrik edən İsa Qəmbər və Əli Kərimli idi.

Dağıdıcı müxalifət ünsürləri hər zaman ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğul olublar. Bu tendensiyanı iyrənc şəkildə bu gün də davam etdirirlər.

 Milli Məclisin deputatı, politoloq Elman Nəsirov mətbuata açıqlamasında bildirib ki, təəssüf ki, Avropanın özündə də Azərbaycan diasporunun inkişafında maraqlı olmayan, antiazərbaycan təbliğatı aparan qüvvələr mövcuddur. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin qüvvələrin sırasında öz millətimizin nümayəndələrindən də var. Təbii ki, onlar mütləq azlıqdadır. Lakin belələri var və onlar antiazərbaycan qüvvələrin əlində bir alətdirlər, necə deyərlər, “sapı özümüzdən olan baltalar”dır. Azərbaycana qənim kəsilən bu qüvvələr müəyyən ödənişlər müqabilində xidmət göstərirlər. Bu halda onlar üçün vətən, torpaq, qeyrət kimi məsələlər arxa plana keçir. Avropada olan bu ünsürlər son günlər fəallaşıblar. Çalışırlar ki, Azərbaycan əleyhinə nə isə bir addım atsınlar. Onlar sadəcə, azərbaycanlı soyadını daşıyırlar. Bütün bunlar təbii ki Azərbaycan ictimaiyyətini narahat edir. Onların bu satqınlığı, xəyanəti xalq tərəfindən bağışlanmır”. E.Nəsirov əlavə edib ki, Avropada olan diasporumuz vətənsevərdir və onlar Azərbaycanı yüksək səviyyədə təmsil edirlər: “Düşünürəm ki, bizim diaspor təşkilatlarımız da məhz Avropadakı antimilli ünsürləri qınaq obyektinə çevirməlidirlər. Onların keçirilən qurultaylara, tədbirlərə gəlişi əngəllənməlidir. Çünki belə ünsürlər bir çox hallarda havadarlarına ancaq məlumat daşımaqla məşğul olurlar. Ona görə də belə insanlara qarşı ictimai qınaq obyekti olmalıdır, onlar bizim diaspor təşkilatlarının sıralarında özlərinə yer tapa bilməməlidirlər. Bilmədirlər ki, dünyanın hər bir yerində xəyanətkar insana eyni yanaşma var”.

Azərbaycan ictimaiyyəti isə kimin kim olduğunu çox yaxşı bilir. Xalq ölkədə qarışıqlıq salmaqda maraqlı olan siyasi riyakarların, vandalizmə yuvarlanan siyasətbazların simasına yaxşı bələddir. Bu gün müxalifətin antiazərbaycan dairələrlə baş-başa verərək eyni addımlar atması Azərbaycan xalqının kəskin  etirazına səbəb olur.