KÖŞƏ

Sevinc Mürvətqızı

Sarkisyan “vicdan” axtarışında...

29 noyabr 2016 14:03
218

Məlum olduğu kimi, yola saldığımız həftə Ermənistanda hakim Respublika Partiyasının 16-cı qurultayı keçirilib. Bu qurultayda da Ermənistan prezidenti Serj Sarkisyan ənənəsinə uyğun olaraq partiyadaşları qarşısında geniş nitq söylədi, eyforiyaya qapılaraq Azərbaycana qarşı populist, sərsəm fikirlər ifadə etdi. Sözügedən fikirlərlə tanış olduqca bu insanın nə qədər xəstə təxəyüllü, nə qədər dayaz siyasətçi olduğunun bir daha şahidi oluruq. Serj hələ də anlamır ki, əhalisinin böyük əksəriyyəti aclıqdan, səfalətdən canını qurtarmaq üçün başqa ölkələrə üz tutan Ermənistan yalnız Sarkisyan kimilərin dilində “güclüdür”. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəliyi yerinə yetirməyən Ermənistan iqtidarı görəsən hansı sənədə, hansı ərazilərə əsasən Azərbaycanı günahkar adlandırır. Hansı güclü ordudan danışırsan ki, aprel döyüşlərində həlak olan əsgərlərinin dəqiq sayını hələ də göstərə bilməmisən, hələ də erməni anaları övladlarının boş tabutlarını qucaqlayırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vicdanlı aparılmasını istəyən biri Qarabağda körpələrin qanına bulaşmış əllərini nə zaman vicdanının üstünə qoydu ki, indi də arsızcasına vicdandan danışır? Təbii ki, bu fikirlər Azərbaycan üçün yenilik deyil və rəsmi Bakı heç vaxt Sarkisyanın belə sərsəm bəyanatlarına, fikirlərinə cavab verməyi özünə rəva bilməyib. Çünki bütün dünya bilir ki, işğalçı tərəf Ermənistandır. Azərbaycan yalnız öz ərazi bütövlüyünün bərpasını tələb edir və illərdir yurd-yuvalarından didərgin salınan insanların hüquqlarının bərpasını istəyir.

Məlum qurultaydan dərhal sonra Ermənistan mətbuatı bütünlüklə Serj Sarkisyanın fikirlərinin təhlilinə səfərbər olundu. Kimisi prezidentinin fikirlərindən qürrələndiklərini yazır, kimisi isə Serji sözün əsl mənasında topa tutur. “1.in.am” saytı yazır ki, erməni ictimaiyyəti Sarkisyan hakimiyyətindən təngə gəlib və ona qarşı nifrətlərini açıq şəkildə bəyan edir. Qeyd olunub ki, Respublika Partiyası 2000-ci ildən Ermənistanda hakimiyyətdədir və bu yolla siyasi məkanın daha çox seqmentlərini ələ keçirməyə çalışır: “Bu siyasi təşkilat yavaş-yavaş bədheybət partiyaya çevrilir, ancaq Serj Sarkisyanın arzularını həyata keçirməklə məşğuldur. Oradakı fərdlərin hər biri məhz Sarkisyanın arzularını gerçəkləşdirmək üçün daha çox qan içməyə hazırdır. Serj hər qurultayda bəyanatlar səsləndirərək xalq üçün hər şeyin daha yaxşı olacağını söyləyir. Sonradan bu sözlərin havaya buraxılmış sabun köpüyü olduğu üzə çıxır. Ən azından verilən vədlərin cüzi hissəsi həyata keçirilməli idi ki, optimal siyasət istiqamətində cəmiyyətə, ictimaiyyətə xidmət göstərilsin, fikir ayrılıqlarına son qoyulsun. Bir siyasi partiyada diskussiya, müzakirə, ictimai azadlıq, azad söz yoxdursa, bu amillər praktikada mövcud deyilsə, onda modernləşmədən, islahatlardan ümumiyyətlə danışmağa dəyməz”.

Göründüyü kimi, ermənilər özləri də prezidentlərinin nə qədər səriştəsiz, yalançı, qaniçən, siyasətdə təsadüfi biri olduğunu etiraf edirlər, onun sözlərinin havaya buraxılmış sabun köpüyü olduğunu söyləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Sarkisyan hakimiyyətinin sonu çatıb, mövcud vəziyyət təcavüzkar Ermənistan üçün gələcəkdə yaxşı heç nə vəd etmir. Sadəcə Serj dalay-dalay deməklə vaxtını bir az uzatmağa çalışır. 

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...