KÖŞƏ

Taleh Bağırov

Dağıdıcıların yeni “Milli Şura”sı?

19 dekabr 2016 22:54
2682

Hər kəsə məlum olduğu kimi, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaradılan (yəni sənəd üzərində) “Milli Şura” adlı qurum geridə qalan 3 il ərzində dağıdıcı müxalifətin digər birlikləri kimi heç bir siyasi uğura imza ata bilməyib. Əksinə, bütün “fəaliyyəti” uğursuzluqla müşayiət olunub. Fəaliyyətinin böyük bir hissəsi hər seçkiərəfəsi sənədüstü bir qurum yaratmaq olan dağıdıcılar deyəsən indi yeni məcaraya hazırlaşırlar. Baxmayaraq ki, seçkilərə iki ildən də çox vaxt qalır dağıdıcılar yenə də müxalifəti bir dam altında birləşdirmək üçün yeni qurum yaratmaq haqqında düşünürlər.

“Milli Şura”nı da yaradarkən böyük birlikdən danışılırdı, hələ ortada heç nə yox ikən Cəmil Həsənli və Əli Kərimli əmək haqlarını bir neçə dəfə artırmışdılar da...Amma yeni yaradılacaq qurumun qərargahı belə yox idi. Vaxtilə orada təmsil olunan 129 nəfərdən indi cəmi-cümlətanı 30-35 nəfər ya taparsan, ya tapmazsan. Lap tapsan da həmin 30-35 nəfərin yarısı qurumun toplantılarına, sessiyalarına, ümumiyyətlə, qatılmır. Belə olan halda sual yaranır ki, əgər “Milli Şura”nın əhatə dairəsində 15 nəfər varsa onda bu necə milli olur? “Şura” o qədər inamsız və fəaliyyətsiz imic qazanıb ki, dağıdıcıların xarici havadarlarının da oyuncaq siyahısından çıxarılıb. 

Elə alternativ AXCP-nin sədri Razi Nurullayev də “Milli Şura”nın yarandığı gündən lazımsız qurum olduğunu bildirib və buna görə ölü qurumda qalanların özlərinin ölüyə döndüyünü söyləyib: “Milli Şura”da baş verən son hadisələr, Müsavat Partiyasının və ayrı-ayrı şəxslərin qurumdan istefa verməsi qurumun taleyində müəyyən iz buraxdı və planlaşdırılan məsələlər təxirə düşdü. Ölü qurumda qalanlara məsləhətim budur ki, özünə qiymət vermək istəyənlər üzüsulu-üzüsulu qurumu tərk etsələr, daha faydalı olar”.

İndi növbədə növbəti yaradılacaq “birlikdədir”. Artıq “Milli Şura”nı yaratmağa başlayanda seçkilərdən dərhal sonra yüksək səs çoxluğu ilə hakimiyyətə gələcəklərini ağızdolusu deyən C.Həsənli və Ə. Kərimli görək indi hakimiyyətə haçan gələcək. Əslində bunun üçün kifayət qədər vaxtları var, tələsmədən hazırlıq görə bilərlər. Təsəlib təndirə düşməyin nə mənası var ki?! Necə olsa gözləməyi dağıdıcılar yaxşı bacarırlar. Ən azından 25 ildir gözləmə mövqeyindədirlər.