KÖŞƏ

Sevinc Mürvətqızı

Şanlı zəfər tariximiz - aprel döyüşləri

03 aprel 2017 23:46
3539

Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən bir il ötür. Xalqımız bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi,  orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlətimizin başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir.

Artıq erməni ictimaiyyəti yaxşı dərk edir ki, Qarabağ torpaqları onlara məxsus deyil. Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə yanaşı, Sarkisyan rejiminin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirir, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Ona görə ki, aprel döyüşləri ilk növbədə Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar, qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Məhz bu səbəbdən, bu gün bir çox erməni ailələri öz övladlarını Qarabağ cəbhəsinə hərbi xidmətə göndərməyə etiraz edir, onları hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini deyirlər. Onu da qeyd etmək yerinə düşər ki, aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Düz, dörd günün içində işğalçılar xaricdəki havadarlarının ayaqlarına düşdülər ki, Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünün qarşısı alınsın. Yenidən atəşkəsə nail olmaq üçün elə də uzağa getməyərək, həmin vaxtlar Serj Sarkisyan rejiminin və separatçı “DQR” rəhbərliyinin xarici ölkələrlə apardıqları danışıqları xatırlamaq kifayət edər. Yəni bütün bunlar bir daha sübut etdi ki, “erməni ordusu” əfsanəsi əslində sabun köpüyündən başqa bir şey deyilmiş.

Beləliklə, bu döyüşlər Azərbaycan Ordusunun, sözün həqiqi mənasında, bütün dünyada ən güclü ordular sırasında olduğunu köklü şəkildə isbatladı. Silahlı Qüvvələrimizin hərbi balans, texnika və canlı qüvvə sarıdan Ermənistanı dəfələrlə üstələməsi belə deməyə əsas yaradır. Bu gün ermənilər Rusiyadan köhnə və ikinci nəsil “İsgəndər” raketləri almaları ilə fəxr edirlər və elə sanırlar ki, bununla hərbi balansı öz xeyirlərinə dəyişiblər. Ancaq onların bu arzuları da ürəklərində qalıb. Cənab İlham Əliyev bugünlərdə aprel döyüşlərində şücaətləri ilə seçilən qəhrəman əsgər və zabitlərimizlə görüşündə ötən ilin bu günlərində hərbi potensialımızın çox cüzi hissəsinin istifadə edildiyini və bütün potensialın istifadəsi olardısa, Ermənistanda daşın-daş üstündə qalmayacağını bəyan etdi. Məhz bu bəyanatdan sonra ermənilər yenidən pəjmürdə vəziyyətə düşdülər. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusunun vətənpərvərlik ruhu çox güclüdür. Bu gün Azərbaycan əsgəri nə üçün döyüşdüyünün fərqindədir. O, öz Vətəni, işğal altındakı torpaqlarının azad olunması uğrunda döyüşür, canından keçir, şəhidlik zirvəsinə ucalır. Erməni əsgəri isə seçki saxtakarlıqları və sair vasitələrlə öz hakimiyyətini qoruyub saxlamaq istəyən Sarkisyan rejiminin əlində bir alətə çevrildiyini anlayır. Biz aprel döyüşləri zamanı bütün bunların hamısını tam çılpaqlığı ilə gördük. Digər tərəfdən, aprel döyüşlərinin ən böyük dərslərindən biri o oldu ki, bu münaqişənin dondurulmuş münaqişə olmadığı bir daha özünü göstərdi. Bütün dünya ölkələrinə bir daha agah oldu ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir. İnanırıq ki, o gün uzaqda deyil...