KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin yeni fitnə-fəsadı

13 iyun 2017 00:19
3262

Müxalifətin dağıdıcı qanadında təmsil olunan partiyalar arasında gərginlik davam edir. Getdikcə daha da kəskinləşən vəziyyət əzəli düşmən olan Müsavat və AXCP üçün onsuz da həlli mümkün olmayan problemləri daha da çıxılmaz hala salır. Özünü çıxılmaz hala salmaqda isə Əli Kərimli qatı rəqibi Arif Hacılını üstələyə bilib. Artıq Müsavatın bostanına daş atmaqdan yorulan AXCP sədri bu dəfə özünə yeni hədəf seçib. Bu hədəf Sərdar Cəlaloğlunun sədri olduğu ADP-dir.

Belə ki, son vaxtlar AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə açdırdığı saxta profillər və həmin profilləri idarə edən muzdlu gənclər ADP sədrini ittiham edərək, onu tənqid və təhqir obyektinə çevirərək məsxərəyə qoyublar. Təbii ki, qarşı tərəf belə çirkli kampaniyaya biganə qalmayıb. Yazılanlara dözə bilməyən S.Cəlaloğlunun müavini Həsrət Rüstəmov “cəbhəçi”lərə yazdığı cavabda onları “küçə uşağı”, “nadan”, və “qanmaz” adlandırıb: “Söyüşdən başqa əlindən bir iş gəlməyən tərbiyəsiz, nadan, başıboş Facebook “qəhrəmanları”na deyirəm ki, söyüş söymək, həm də bunu şəxsiyyətini təhqir etmək istədiyiniz adamın xəbəri olmadan, eşidib görmədiyi bir yerdə etmək, nəinki qəhrəmanlıq deyil, hətta insanlıqdan uzaq bir şeydir. Bizim kənddə yalnız qanmaz uşaqlar onları hansısa ciddi səbəbdən şilləyə qonaq edən böyüklər gedəndən sonra, öz yaşıdları arasında şeşələnmək üçün söyərdilər”.

H.Rüstəmov ilkin cavabından sonra bildirib ki, bu günlərdə S.Cəlaloğlunu çox pis şəkildə təhqir edən “cəbhəçi” qrup fəaliyyət göstərir. Bildirib ki, sözügedən qrup, əsasən, KXCP sədri Mirmahmud Mirəlioğlunu, ADP sədri Sərdar Cəlaloğlunu, “Ümid” sədri İqbal Ağazadəni, Azadlıq Partiyasının sədri Əhməd Orucu və digər partiya sədrlərini hədəfə alır. ADP sədrinin müavini qeyd edib ki, söyüşçülərin bir neçəsinin profilinə baxıb: “Onlar “uşaq” olsalar da, yaşları kifayət qədərdir. Əməllərinin heç də kişiyə yaraşmadığını qansınlar. Mənim onlara bir sözüm var: əgər siyasəti və qəzetçiliyi peşə seçmisinizsə, bir kənara boylanın, görün, dünyada bu işləri necə görürlər?! Yox, küçə uşağı kimi söyüş söyəcəksinizsə, bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur, bir zibilliyə çəkilin və ürəyiniz istədiyi qədər kimi istəyirsiniz söyün”.

Sözsüz ki, qarşı tərəfin bu yazılanlara cavabı çox gecikməyəcək. Bu isə o deməkdir ki, bu yay da müxalifətdə ciddi qarşıdurmalar səngiməyəcək, əksinə, artacaq. Hər halda gerçək odur ki, dağıdıcı müxalifət belə hərəkətlərlə gündəmdə qalmaq istəyinə çata bilər, amma Azərbaycan xalqının hörmətini heç vaxt qazana bilməz.