08 avqust 2019 11:08
212

Nigeriyada əsgərlər 3 polisi öldürüblər

Nigeriyanın şimal-şərqində yerləşən Taraba əyalətində əsgərlərin polis maşınına atəş açması nəticəsində 3 qanun keşikçisi və 1 mülki şəxs öldürülüb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, polis adam oğurluğunda şübhəli bilinən şəxsi məntəqəyə götürürmüş, lakin Nigeriya ordusunun əsgərləri həmin adamı sərbəst buraxıblar. Qarşıdurma nəticəsində baş verən atışmada ordunun əkskəşfiyyat qrupunun döyüşçülərinin açdığı atəş nəticəsində 3 qanun keşikçisi və yaxınlıqdan keçən 1 mülki şəxs qətlə yetirilib. Cinayətdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb.

Nigeriya ordusunun sözçüsü Sagir Musa bildirib ki, əsgərlər polisləri səhvən öldürüblər. Onun sözlərinə görə, şübhəli şəxsi məntəqəyə aparan polis maşını əsgərlərin xidmət etdikləri nəzarət-buraxılış məntəqəsində dayanmayıb və ordu mənsubları atəş açmağa məcbur olublar.

Nigeriya ərazisində terrorçu Boko Haram təşkilatının üzvlərini müəyyən etmək üçün çoxlu sayda hərbi nəzarət-buraxılış məntəqəsi var. Bundan əvvəl ölkənin Borno əyalətindəki Maidiguri rayonunda da əsgərlər elektrik ustalarını qonşu qəsəbəyə aparan həmkarlarının maşınına atəş açıblar.