04 iyun 2020 10:33
1004

Nikol Paşinyan pişiyi torbadan necə çıxaracaq?

İşğalçı Ermənistan baş naziri Nikol Paşinyanın ailəlikcə koronavirusa yoluxması artıq təkzibolunmaz faktdır. Bunu özü də etiraf edib. Lakin Paşinyan virusa heç də işgüzar iclas zamanı deyil, məhz Dağlıq Qarabağda qondarma prezident seçkilərində iştirakı zamanı yoluxub.
Bu sözləri  baş nazir   Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirusdan sağalandan sonra  Moskvada faşizm üzərində qələbənin 75 illiyi  münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi, bu minvalla dolayısı ilə Rusiyaya səfərdən imtina etməsi haqda danışarkən deyib.
Ermənistan baş naziri Nikol Paşinyan video yayımlayaraq bildirib ki, o, ailə üzvləri ilə birlikdə bir ziyafətdə iştirak edərkən  koronavirusa yoluxub.  Paşinyanın bu videosunun altından şərh yazılıb ki, “deyəsən, torbada pişik var. “ Artur Qazinyan adlı yüksək vəzifəli bir erməni isə “Bu ziyafətdə artıq Nikol Paşinyan koronavirusa yoluxmuşdu” şərhini yazdı. Məsələ ondadır ki, Paşinyan həqiqətən də bu ziyafətə qədər virusa yoluxmuşdu. Bu məlumat erməni mətbuatında da geniş şəkildə verilib. Yoluxmanın vaxtını ora-bura çəkməklə Paşinyan Rusiyaya getməmək üçün özünə süni alibi yaradır.
Rəsmi Moskvanın  nəzərində Nikol Paşinyanın nüfuzu çox aşağı düşüb. Nikolun babasının faşistlərə xidmət etməsi məsələsi Paşinyanın həm Ermənistanda, həm də Rusiyada nüfuzuna ciddi zərbə vurub. Məsələ ondadır ki, Rusiyada Nikol Paşinyanın babasının terrorçu general Njde Qareginin tabeliyində olan erməni legionunda xidmət etməsi geniş müzakirə edilir. Belə olan təqdirdə Nikol  Paşinyanın Rusiyaya Qələbə paradında iştirakı da  çox  gülünc görünür. Onun koronavirusdan sağalacağı halda  Moskvada  faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə keçiriləcək hərbi parada qatılacağı vədini verməsi inandırıcı deyil. Çünki iştirak etmək istəməməsi açıq  şəkildə görünür. Koronavirusa yoluxması isə lap ürəyincə olub. Təbii ki, nəvə Nikolun  babası Nikola  qarşı döyüşənlərin qələbəsinə sevinməsi inandırıcı  olmaz.
Belə səfərlərdən yaxa qurtarmaq məqsədi ilə çox düşünüb-daşınan Paşinyan hakimiyyətin bir hissəsini  tədricən prezident Armen Sarkisyana ötürmək istəyir. Nikol Paşinyan bir neçə  gün əvvəl qeyd edib ki, belə getsə, vəzifəsinin bəzi hissələrini mərhələli şəkildə prezident Armen Sarkisyana ötürəcək. Hətta bunun üçün Konstitusiya Məhkəməsində də müvafiq iş gedir. Məsələ ilə bağlı artıq Ermənistan parlamentində 86 nəfər “hə”, 16 nəfər isə “yox” cavabı verib. Nikol Paşinyanın belə bir addım atmasını, əslində, anlamaq olar. Görünür, o, bütün yükü, daxildən və xaricdən göstərilən təzyiqləri təkbaşına çəkə bilmir. Buna görə də Ermənistanda ikibaşlı hakimiyyətə keçməyi düşünür. Bu isə çıxış yolu deyil, tədricən mövqeləri əldən verib özünü asılı vəziyyətə salmaq, məsuliyyətdən qaçmaq yoludur.

Vəli İlyasov,

“İki sahil”