06 dekabr 2021 10:55
914

Nizami rayonunda Vətən müharibəsi şəhidi Anar Qumaşovun anım günü qeyd olunub - FOTO

Nizami rayonunda Vətən müharibəsi şəhidi  Qumaşov Anar Saleh oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib.

“İki sahil” xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin, Nizami və Keşlə bələdiyyələrinin, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi və şəhid Anar Qumaşov haqqında danışanlar şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayıblar. Şəhid Anar Qumaşov kimi qəhrəman övlad böyütdüklərinə görə onun valideyninə, əzizlərinə təşəkkür edilib. Qeyd edilib ki, Anar Qumaşov Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Sonra Vətən müharibəsi şəhidi Anar Qumaşovun ruhuna dualar oxunub, məzarı üzərinə əklil, tər gül-çiçək dəstələri düzülüb.

Daha sonra digər şəhidlərin ailə üzvləri ilə də görüş keçirilib, söhbət aparılıb.