28 oktyabr 2020 17:32
1316

Nobel mükafatına layiq görülən xanımlar

Dünyanın ən  məşhur və nüfuzlu mükafatlarından biri olan və 1901-ci ildən  verilən Nobel mükafına bu günə qədər  58 qadın layiq görülüb. Adətən sülh və ədəbiyyat qadınların ən çox mükafat aldığı sahələrdir. İndiyə qədər qadınlar ən çox ədəbiyyat və sülh kateqoriyalarında Nobel mükafatına layiq görülüb.

Nobel mükafatını ilk alan qadın Mariya Küri olub. 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsində mükafata layiq görülən radiologiya elminin qurucusu Küri Nobel mükafatını iki dəfə alan tək qadındır. Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən dünyasını dəyişib. Fizika və kimya elminin təmsilçisi olmasına baxmayaraq, o,  uranın radioaktivliyi haqqında  xəbərsiz olub. O, həmçinin insan orqanizmi üçün təhlükəli olan radium elementini üzərində talisman kimi gəzdirib.

1901-ci ildən, Nobel sülh mükafatının verilməsinə başlanandan bəri dünya üzrə 15 qadın bu mükafata layiq görülüb. 1905-ci ildə bu mükafata ilk dəfə Avstriyadan yazıçı  Berta Von Sattner layiq görülmüşdü.

Nobel sülh mükafatını qazanan ən gənc qadın isə Malala Yusifzaydır. O, 2014-cü ildə hələ 17 yaşında olarkən bu mükafata layiq görülüb. Yusifzay qazandığı 1,1 milyon ABŞ dolları olan pul mükafatını Pakistandakı məktəblərə verəcəyini açıqlamışdı. Xüsusilə qız uşaqlarının təhsili məsələsində adı simvollaşdırılan Malala adına açılan fondla inkişaf etməkdə olan ölkələrin bir çoxunda qızların məktəbə gedə bilməsi üçün işləməyə davam edir. Malala 9 oktyabr 2012-ci ildə məktəbə getmək üçün mindiyi avtobusda hücuma məruz qalmışdı. Avtobusa minən Taliban silahlısı onun adını soruşub, daha sonra qıza üç dəfə atəş açıb. Başından yaralanan Malala hücumdan 6 gün sonra müalicə üçün İngiltərəyə aparılıb, burada başına metal lövhə yerləşdirilmişdi.

Myanma xarici işlər naziri və prezidentlikdən məsul dövlət naziri Aung San Suu Çii 1991-ci ildə “demokratiya və insan hüquqları üçün şiddəti rədd edən mübarizəsi” səbəbi ilə sülh mükafatına layiq görülüb.

Ərəb dünyasında Nobel sülh mükafatı qazanan ilk qadın olan yəmənli Təvəkkül Karman da qadının cəmiyyət içindəki rolunun gücləndirilməsinə verdiyi töhfələrə görə bu mükafatla mükafatlandırılıb. Karman 2011-ci ildə Liberiya prezidenti Ellen Conson-Sirleaf və liberiyalı Leymah Gbovi ilə birlikdə bu mükafata layiq görülüb.

Selma Laqerlof isə ədəbiyyat sahəsində 1909-cu ildə mükafat alan ilk qadın və ilk isveçli yazıçı olub. Əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, aydın parlaq fikir və müqəddəsliyi tərənnüm etdiyinə görə o bu mükafata layiq görülmüşdür.

Fiziologiya və tibb sahəsindəki ilk mükafatı 1947-ci ildə biokimyaçı Gerti Tereza Kori alıb.    Kori qlikogenin katalitik çevrilməsinin gedişatını kəşf etdiyinə görə  bu mükafata layiq görülmüşdür. Kori mükafatı həyat yoldaşı Karl Ferdinand Kori və argentinalı fizioloq Bernardo Hussay ilə paylaşmışdı.

Afrikada isə sülh mükafatını ilk alan qadın Vanqari Mathay olub. O, 2004-cü ildə davam etdirilə bilən inkişaf, demokratiya və sülhə verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb.

Fransalı Fransua Barre-Sinoussi də 2008-ci ildə HİV kəşfləri səbəbi ilə fiziologiya və tibb mükafatı qazanıb.

İqtisadiyyat üzrə Nobel mükafatını alan ilk qadın Elenor Ostrom olub. Amerikalı siyasi iqtisadçı bu mükafata 2009-cu ildə layiq görülüb.

2013-cü ildə Nobel Komitəsi müasir qısa hekayə janrındakı ustalığına görə Elis Manronu ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan etdi. Elis Manronu “Kanadanın Çexovu” adlandırırlar. Manro hekayələrində sevgi və ölüm kimi mövzuları ön plana çıxarır. Hekayələrin mərkəzində qadınlar dayanır. Manronun qadın obrazları mədənidir və kitab sevəndir.

Olqa Tokarçuk 2018-ci il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 57 yaşlı Olqa Tokarçuk yaşıdları arasında polyak dilində yazan ən güclü yazıçı kimi göstərilir. Mükafat komitəsi xüsusilə “Yakobun kitabları” adlı XVIII əsr Avropasında baş verən hadisələrdən bəhs edən epik romandan çox təsirləndiyini vurğulayıb. Olqa Tokarçuk, həmçinin 2018-ci ildə xarici dildə ən yaxşı film "Oskar" mükafatına namizəd olan “Spoor” filminin ssenaristi olub.

Statistik göstəricilərə görə, qadın laureatların təmsil olunduğu ölkələrdən birinci yeri Amerika Birləşmiş Ştatları, ikinci yeri isə İngiltərə tutur.

Bu İl Nobel mükafatına kimya sahəsində Jeniffer Dudna və Emmanuel Şerpantye layiq görülüblər. Onların kəşf etdikləri "genetik qayçı" üsulu, genomu təkmilləşdirmək üçün bir vasitədir.  Bunun sayəsində həm insanların, həm heyvanların, həm də bitkilərin sağlamlığını yaxşılaşdırmaq mümkündür.Onların kəşf etdiyi "genetik qayçı" metodu  xərçəng və  irsi xəstəliklər kimi müxtəlif sferalarda mübarizə məqsədi daşıyır.

2020-ci ildə fizika sahəsində mükafata layiq görülən digər  qadın Andrea Mia Qomezdi. Bu xanım Reinhard Gentzelin komandasında olsa da, onlardan xəbərsiz Kek rəsədxanasında araşdırmalar apararaq, bu qənaətə gəlib ki,qalaktikamızın mərkəzində ifrat kütləli kompakt bir obyekt var.Təqdim etdiyi elmi dəlillərə görə, qalaktikamızın mərkəzində  həmçinin bir qara dəlik var.

Son on ildə qadın Nobel mükafatı laureatlarının sayının artması bu tendensiyanın gələcəkdə də davam edəcəyi və qadınların elmi fəaliyyətinin ən yüksək səviyyədə qiymətləndiriləcəyi ilə bağlı ümidləri gücləndirir.

 Samirə Tağıyeva, "İki sahil"