25 yanvar 2019 14:37
278

Novak Cokoviç turnirin finalına yüksəlib

Yanvarın 25-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ikinci qarşılaşmasında Novak Cokoviç və fransalı Lukas Pouille üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, “Roda Leyver Arena” kortunda keçirilən görüşün hər üç seti serbiyalı Novak Cokoviçin xeyrinə başa çatıb (6:0, 6:2, 6:2). Beləliklə, yanvarın 27-də keçiriləcək finalda ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi qarşılaşacaq. Xatırladaq ki, bir gün əvvəl keçirilən yarımfinal oyunu ispaniyalı Rafael Nadalin qələbəsi ilə başa çatıb. Hazırda Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.

Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.

Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-ci ildə qazanıb.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.