KÖŞƏ

Qvami Məhəbbətoğlu

Növbə Bako Saakyanındır?

25 iyun 2019 10:35
2612

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş hərbi xuntaya qarşı təzyiqləri getdikcə artırır. Belə ki, o, Koçaryan-Sarkisyan koalisiyasını tamamilə sıradan çıxarmaq üçün 1 mart hadisələrindən başqa, məğlub olduqları 2016-cı ilin Aprel döyüşlərindən də istifadə etməyə başlayıb. Hətta Nikol Paşinyanın göstərişi ilə  Ermənistan parlamenti Aprel savaşını araşdırmaq məqsədi ilə komissiya da yaradıb. Ermənistan siyasətçilərinin fikrincə, Nikol Paşinyanın “Mənim addımım” alyansından olan parlament deputatı Andranik Koçaryanın başçılıq etdiyi komissiya sabiq prezidentlərin müttəfiqi, Dağlıq Qarabağdakı separatçıların “rəhbəri” Bako Saakyanı həbsə sürükləyə bilər. Məlumata görə, komissiya öz araşdırmalarının nəticələrini 6 aydan sonra açıqlayacaq.

Bunu anlayan Bako Saakyan baş nazir Nikol Paşinyanla münasibətləri gərginləşdirməməyə çalışır. Çünki o, yaxşı başa düşür ki, sabiq prezidentlər - Robert Koçaryanın həbsdən azad edilməsində göstərdiyi fəallığı, eləcə də Serj Sarkisyana olan rəğbəti ona baha başa gələ bilər. Xatırladaq ki,  Nikol  Paşinyanın bu il mayın 9-da Azərbaycanın işğal  olunmuş ərazisinə - Dağlıq Qarabağa səfəri zamanı ona qarşı olan saymazlıq özünü bir daha büruzə verib. Belə ki, elə həmin gün  bu əraziyə səfər edən sabiq dövlət başçısı Serj Sarkisyan prezident kimi qarşılanıb, Nikol Paşinyan isə sıravi vətəndaş statusunda. Üstəlik, Dağlıq Qarabağdakı separatçı rejimlə Fransanın şəhərləri arasında imzalanmış “dostluq xartiyaları”nın Azərbaycanın diplomatik səyləri nəticəsində ləğv edilməsi də Bako Saakyanı pis vəziyyətə salıb. Şübhəsiz, bu xartiyaların ləğvi işğalçı dövlətin sülhməramlı olmamasını, baş nazir Nikol Paşinyanın beynəlxalq tribunalardan söylədiklərinin yalanlardan ibarət olmasını bir daha ortaya qoyub. Yeri gəlmişkən, bu, Azərbaycan diplomatiyasının növbəti parlaq uğuru kimi dəyərləndirilməlidir. Bu, həm də o deməkdir ki, dövlət başçımızın yürütdüyü siyasət istənilən halda öz sözünü deyir və işğalçı ölkənin niyyətlərini puça çıxarır. Odur ki, Bako Saakyan hazırda Nikol Paşinyanın qarşısında, əgər belə demək mümkünsə, günahlarını yumağa cəhdlər edir. Yəni o, Robert Koçaryana, eləcə də Serj Sarkisyana daha yaxın olmamasını sübut etmək üçün baş nazirin göstərişləri ilə oturub-durmağa başlayıb.

Hətta Bako Saakyan baş nazir Nikol Paşinyanın tövsiyəsi ilə Xankəndidə separatçı rejimin yüksək rütbəli hərbçilərini də ordudan uzaqlaşdırıb. Hərçənd bütün bunlar erməni mətbuatında kadr islahatı kimi qələmə verilir. Amma bu, bir həqiqətdir ki, bu təbliğat erməni xalqının gözünə kül üfürməkdən başqa bir şey deyil. Yəni Nikol Paşinyanın əsas məqsədi Dağlıq Qarabağda yüksək vəzifələrə özünə daha sadiq olan şəxsləri yerləşdirmək və onların vasitəsilə öz hakimiyyətini möhkəmləndirməkdir. Hətta Nikol Paşinyan Serj Sarkisyan tərəfindən qovulmuş hərbçiləri də yenidən vəzifəyə qaytarmaqdadır. Bir sözlə, Nikol Paşinyan Robert Koçaryan və Serj Sarkisyan rejimlərinin qalıqlarını tamamilə təmizləməkdə israrlıdır.

Bir sözlə, verdiyi vədlərin heç birini yerinə yetirməyən, öz xarici siyasətində heç bir uğura imza atmayan, işğalçılıq siyasətini davam etdirən, elə bu kimi səbəblərdən Ermənistanı fəlakətə sürükləyən Nikol Paşinyan bununla kifayətlənmir. Belə ki, o, uğursuzluqlarını ört-basdır etmək məqsədi ilə sabiq prezidentlərin, eləcə də Bako Saakyanın müxtəlif vəzifələrdə çalışan digər tərəfdaşlarını da müəyyən  bəhanələrlə zərərsizləşdirməkdə davam edir. Bütün bunları analiz edən bəzi siyasətçilərin qənaətinə görə, indi işğalçı ölkədə, eləcə də işğal altında olan Dağlıq Qarabağda 1937-ci ilin ab-havası yaşanır. Bütün bunları nəzərə alan erməni politoloq Yervand Bozoyan bu gün rəsmi İrəvanla keçmiş hakimiyyət təmsilçiləri, daha doğrusu “Qarabağ klanı”arasında vəziyyətin daha da pisləşəcəyini, üstəlik, Ermənistan və Dağlıq Qarabağda idarəolunmaz xaos yaradacağını proqnozlaşdırıb. Hətta “Qarabağ klanı” Nikol Paşinyana qarşı çevriliş planı da həyata keçirə bilər. Unutmayaq ki, “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Belə ki, separatçılar prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırmaqla nəyə qadir olduqlarını nümayiş etdirmişdilər.