13 mart 2020 21:00
1103

Növbəti erməni həyasızlığı

İranşünas erməni politoloqu Vardan Voskanyan bu günlərdə “Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsi və onların Qarabağa təsiri” mövzusunda keçirilən müzakirə zamanı növbəti dəfə həyasız fikirlər səsləndirib: “İran tərəfinin vaxtaşırı Azrəbaycanın “ərazi bütövlüyü “prinsipi ilə bağlı səsləndirdiyi bəyanatlar bizi narahat edir. Ancaq bir şeyi unutmamalıyıq ki, “Artsax” heç vaxt Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi olmayıb”. 

Çıxışı  zamanı Vardan Voskanyan Azərbaycan Respublikası və  Dağlıq Qarabağ məsələsinə münasibətdə İran İslam Respublikasının  “əvəzindən”  danışmaqdan da çəkinməyib: “...İran Azərbaycanın ərazi bütövlüyündən danışanda bu, heç də həmin dövlətin Azərbaycanın tərkibində Qarabağın mövcudluğunu nəzərdə tutması demək deyil. Bundan əlavə, İran  bir çox separatçı hərəkatların mövcud olduğu çoxmillətli bir dövlətdir. Odur ki, İran hakimiyyəti heç bir halda millətlərin öz müqəddəratını təyinetmə hüququ barədə danışmayacaq. Çünki bu, İranın müəyyən hissəsinin ondan ayrılması və sonradan Azərbaycana birləşdirilməsini nəzərdə tutan  Güney Azərbaycan problemi ilə üz-üzə qala bilər.”

Bu, həmin Vardan Voskanyandır ki, yanvarın əvvəlində general Qasım Süleymaninin qətlindən sonra  İran televiziyasına müsahibəsində adı çəkilən generalın “Qarabağ məsələsində İranın dövlət maraqlarından çıxış edərək Ermənistana tərəf olduğunu” söyləmişdi...

Nurəddin Ədiloğlu, “İki sahil”