13 iyul 2020 18:46
1340

Odlar ölkəsinin od püskürən nəfəsi…

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var.”

Bu gün  müstəqil dövlətimizin güclü ordusunun olması təsadüfi deyil.  Ötən əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. Birinci dəfə  rus imperializminin əsarətindən xilas olub Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu.  1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradıldı. Avqustun 1-də isə  AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.   Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi.  AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi.

İkinci dəfə 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi. Müstəqillik bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi.

1991-ci ilin sonlarından başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində idi. Həmin partiyalar silahlı birləşmələri milli mənafelər uğrunda deyil, öz maraqları naminə, hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar.

Vahid komandanlığın olmaması ucubatından silahlı birləşmələrin müxtəlif  qrupların əlində  cəmləşməsinin nəticəsi idi ki, Azərbaycan daxilində qardaş qırğını üz-üzə qaldı  1993- cü il iyun ayında xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana dönüşü qardaş qırğının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna başlanıldı. Qüdrətli Azərbaycan Ordusunun olması isə hər bir Azərbaycan vətəndaşının arzusu idi.

Təbii ki, cəbhədəki vəziyyəti bir günə, bir aya düzəltmək mümkün deyildi. 1993-cü ilin sonunda yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən bütün silahlı birləşmələrin ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordunun yaradılması idi. Müdafiə Nazirliyinə, Baş Qərargaha, birlik və hərbi hissə komandirləri vəzifələrinə peşəkar hərbçilər cəlb edildi.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.  Azərbaycanın modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə olan inamını daha da möhkəmləndirdi. Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsbit edildi.

Silahlı Qüvvələrimizin müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşmışdır.

Dövlətin  xüsusi diqqət və qayğısı sayəsində hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də  mühüm addımlar atılmışdır. Son illərdə Azərbaycanın hərbi büdcəsi 20 dəfədən çox artmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında  öz rolunu oynayır və oynayacaq". Bu, dövlətin ordu quruculuğuna münasibətini dəyərləndirən tezisdir və belə bir tezis Azərbaycan Ordusunun dünyanın böyük dövlətlərinin orduları səviyyəsində olacağına zəmanətdir...

Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan,  sözün həqiqi mənasında, od-alovdan keçmiş, mətinləşmişdir. Vaxtaşırı keçirilən hərbi təlimlər ordu haqqında müsbət fikirlərin ortaya qoyulmasına xidmət etməlidir.

 İndi  sadə vətəndaş da çox yaxşı  biliri ki,  Azərbaycan cəmiyyətinin varlığı, sarsılmazlığı ordumuzun möhkəmliyinə, gücünə bağlıdır.

Ordumuzun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz donanmasından ibarət olması, Azərbaycan ordusu günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir.  Qəhrəmanlar təkcə müharibədən  bəhs edən filmlərdə,  kitablarda  olmur.  Azərbaycanda real qəhrəmanlığı Mübariz İbrahimov  kimi  igid  oğulların  timsalında görə bildik. 2010-cu ilə Mübarizin tək başına düşmən üzərinə şığıması düşməni lərzəyə salmışdır. Bu bir daha sübut edir ki, Azərbaycanın bir əsgəri erməninin yüz,  hətta min əsgərini məhv etməyə qadirdi.

Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur və onlar yüksək səviyyədədir. Belə ki, beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir.

Azərbaycan ordusu NATO standartlarına tam cavab verir. Bunu NATO rəsmiləri də ölkəmizdə səfərdə olarkən təsdiqləyiblər. NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə Azərbaycan Milli Ordusu üzvlərinin fəaliyyəti yüksək qiymətləndirilir. Azərbaycanın müdafiə qüdrətinin artması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmayıb. Hələ dörd il bundan əvvəl Davos İqtisadi Forumu zamanı açıqlanan Amerika nəşri “U.S.News and World Report”un “Dünyanın ən güclü orduları: güc amili” reytinq cədvəlində Azərbaycan ordusu 60 ən güclü ordu sırasında 38-ci yer tutduğu bildirilirdi.

2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyət çöx böyükdür. İlk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarmışlar. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilmişdir ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləmiş  oldu.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar.

Ordu sıralrında xidmət edən  Azərbaycan əsgərləri vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir.

İyulun 24 –də  Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad zamanı İlk olaraq Qızıl meydanda Milli Ordumuzun 75 hərbçisinin Azərbaycan istehsalı olan silahlarla hərbi marşla tribunaların önündən keçərkən haqlı  olaraq hamımız  qürur hissi keçirdik.  Çünki 1 941-45-ci illərin Böyük Vətən müharibəsində faşizmə qarşı döyüşlərdə azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar  milli hərb tariximizə şanlı səhifələr kimi yazılmışdır. Qələbənin  75  illiyinə həsr olunmuş  hərbi  paradın aparıcısı da  Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlınən döyüşdüyünü xatırlatdı.

Bəli,  Milli Ordumuz  odlar yurdumuzun od püskürən nəfəsidir…  Xalqımız  əmindir ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da özünün döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və  tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaqdır.

N.Muğanlı, “İki sahil”