06 noyabr 2019 20:19
142

Ölkədə görülən işlər, aparılan islahatlar əhalinin rifahının yaxşılaşmasına hesablanıb

“Ölkədə aparılan son islahatlar  ölkə başçısının planlı, düşünülmüş siyasətinin nəticəsidir. Həyata keçirilən son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir”.

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva bildirib. Qeyd edib ki, ölkəmizdə gənclər siyasəti dayanıqlı inkişafa hesablanıb. Modern dünyanın çağırışlarına və idarəetmədəki innovativ yeniliklərə daha yaxından bələd olan gənc nəsil regionlarda böyük işlər görməyə qadirdir. Regionlarda inkişaf ilk növbədə yerli idarəetmə orqanlarının müasir idarəetmə tələblərinə cavab verməsindən asılıdır. Bu günlərdə Yevlax və Xaçmaz rayonlarına təyin edilən icra başçıları kifayət qədər gənc kadrlardır. Görüşdə ölkə başçısı onlara güvəndiyini bildirdi və paytaxtla bölgələr arasındakı fərqin minimuma endirilməsindən bəhs etdi.  Ümid edirəm ki, biz regionlardakı dinamik inkişafı, turizmin və digər sahələrin yüksəlişini çox tez bir zamanda görəcəyik. Bizim kifayət qədər bacarıqlı gənclərimiz var. Azərbaycanın sürətli inkişafı uğurlu kadr islahatlarından sonra daha da genişmiqyaslı vüsət alacaq. Cənab Prezidentin hədəfi regionlarımızda da paytaxtda olduğu kimi yüksəlişin olmasıdır. Xalqımız bu inkişafın şahidi olacaq. Çünki görülən işlərin və inkişafımızın arxasında düşünülmüş və uğurlu siyasət durur.

Ölkəmizin beynəlxalq uğurlarına diqqət çəkən Sona Əliyeva bildirdi ki, Bu günlərdə Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata-Qoşulmama Hərəkatına sədr seçilib. Azərbaycan “Bandunq” prinsipləri”ni əsas götürməklə növbəti 3 il ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək. Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülhə, təhlükəsizliyə və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Odur ki, təşkilata sədrlik Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir.

S.Əliyeva vurğulayıb ki, görülən işlər, aparılan islahatlar radikal müxalifəti və anti-Azərbaycan qüvvələri narahat edir. Onlar hər bir vasitə ilə buna mane olmağa çalışırlar. Məlum məsələdir ki, radikal müxalifətin arxasında heç bir elektoratı yoxdur. 19 oktyabrda keçirilən mitinqə diqqət yetirək.  Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə deyil, məhz şəhərin mərkəzində qanunsuz mitinqə cəhdlər edildi. Onların xüsusi təşəbbüsü olmadan da hamı bilir ki, 28 May metrostansiyasının ətrafında hər gün minlərlə adam olur. Hamı anlayır ki, radikal müxalifətin bu seçimi nəyə hesablanmışdı. Əsas məqsəd xaos görüntüsü yaratmaq və bunu xarici havadarlarına göstərmək idi. Təəssüf ki, ölkə daxilində heç bir elektoratı olmayan radikal müxalifət xarici anti-Azərbaycan qüvvələrdən mədət umur. Bu, “Milli Şura” adlı qurumun rəhbəri Cəmil Həsənlinin bu günlərdə ABŞ-da keçirdiyi görüşdəki çıxışında da sübut olundu. O, beynəlxalq təşkilatları Azərbaycana sanksiya tətbiq etməyə çağırmaqla radikal müxalifətin əsl antimilli üzünü göstərdi.

S.Əliyeva əlavə edib ki, həqiqət budur - Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevə alternativ tanımır. Prezidentin rəhbərliyi ilə ölkədə görülən işlər, aparılan islahatlar əhalinin rifahının yaxşılaşmasına hesablanıb.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”