04 mart 2020 20:29
3039

Ölkədə qazlaşdırmanın səviyyəsi yüz faizə yaxınlaşır

Son illər ölkəmizdə şəhər, rayon və kəndlərin qazlaşdırılması uğurla icra olunur. Hətta ən ucqar ərazilərə qaz xətləri çəkilir, əhalinin “mavi yanacaq”dan istifadəsi üçün lazımi tədbirlər görülür. Hətta sovet hakimiyyətinin ən inkişaflı illərində belə qazdan istifadə etmək imkanı olmayan bir sıra yaşayış məntəqələrindəki evlərdə indi “mavi yanacaq” şölələnir. Xüsusi vurğulamaq gərəkdir ki, son illərdə respublikamızın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirmişdir ki, artıq qazlaşdırmanın səviyyəsi ölkə üzrə 96 faizə çatdırılıb. Halbuki 2003-cü ildə respublikamızda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrimizdə, demək olar ki, təbii qaz yox idi. Şübhəsiz, yaşayış məntəqələrinin qazlaşdırılması hər bir rayonun, hər bir kəndin simasını dəyişməklə yanaşı, müəyyən problemlərin aradan qaldırılmasına da vəsilə olur.

Ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsinin belə bir həddə çatması bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində mümkün olub. Bu nəticə dünya miqyasında ən yüksək göstəricilərdən biri hesab olunur. Bu isə o deməkdir ki, Azərbaycan bu gün dünyada qazlaşdırmanın sürətlə və geniş miqyasda aparıldığı nadir ölkələrdəndir.

Yeri gəlmişkən qeyd edək ki, bu gün ölkəmizdə elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Bəzi rayonlarda bu göstərici 100, bəzilərində isə  95 faizdir. Məsələn,  Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşma səviyyəsi 100%-ə çatdırılıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşmanın səviyyəsi 90%-i ötüb. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Bu məqamda Prezident İlham Əliyevin bu fikirlərini də xatırlatmaq yerinə düşərdi: “...İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”.

Hazırda ölkəmizdə qazlaşdırma işləri regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində davam etdirilir.  Prezident İlham Əliyevin “Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 mart 2020-ci il tarixli Sərəncamı buna əyani misaldır. Sərəncama əsasən, bu il Gəncə şəhərinin 2 yeni massivinin, Daşkəsənin Aşağı Daşkəsən və Kəmərqaya, Göygölün Toğanalı kəndlərinin, Samuxun Sərkar kəndindəki yeni massivinin qazlaşdırılması məqsədi ilə 9 milyon manat vəsait ayrılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-dək fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən çox fərdi ev, eyni zamanda, Göygöl rayonunun Toğanalı kəndində 390-na və Samux rayonunun Şərkar kəndi ərazisindəki yeni massivdə 150-yə yaxın fərdi ev qazlaşdırılacaq.

Qeyd edək ki,  ötən il “Azəriqaz” İstehsalat Birliyi tərəfindən regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Bakı şəhərində 22 yeni yaşayış massivinin qazlaşdırılmasına dair birinci mərhələyə başlanılıb və hazırda da davam etdirilir. Əhali üzrə abonent sayı ötən il daha 100 min artaraq 2 milyon 300 minə bərabər olub.

Bu il ölkəmizdə qazlaşdırma işlərinin həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Başqa sözlə, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış massivinin “mavi yanacaq”la təchizatı gözlənilir. Bu günədək görülən işlər belə deməyə əsas verir ki, “Azəriqaz”  ölkə başçının bu tapşırğını da layiqincə yerinə yetirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”