21 fevral 2019 11:39
460

Ölkədə sənədsiz və qeydiyyatsız bina qalmayacaq

Bu sahədə şəffaflıq və ən əsası vətəndaş məmnunluğu təmin olunacaq


Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqlarının qarantı olan, hələ ilk dəfə dövlət başçısı seçilərkən “hər bir azərbaycanlının Prezidenti” olacağına söz verən və bu vədinə əməl edən cənab İlham Əliyev vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Dövlətimizin başçısı ölkə vətəndaşlarının gündəlik qayğı və problemlərinin həllini daim diqqətdə saxlayır, insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması, onların daha yaxşı yaşamasına imkan verən sosial infrastrukturun yaradılması üçün bütün tədbirlərə önəm verir.

Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradıb. Xüsusilə qeyd etmək yerinə düşər ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü və sistemli tədbirlərin həyata keçirilməsi də böyük sosial əhəmiyyətə malikdir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Fərmana əsasən, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə çoxmənzilli yaşayış binalarının istismarına icazə veriləcək.

Bu günə kimi yüzlərlə çoxmənzilli binalarda yaşayan insanlar müəyyən səbəblər üzündən öz mənzilinə hüquqi sahib ola bilmirdi, nə də yaşadığı yer üzrə qeydiyyata düşə bilmirdi. Bu da özündə çoxlu çətinliklər yaşadırdı və vətəndaşları narahat edirdi. Yeni Fərman illərdən bəri yaşadığı mənzili sənədləşdirə bilməyən, tikinti şirkətləri və müxtəlif rəsmi qurumlarla çox çətin problemlər yaşayan minlərlə insanın yolunu açmaq və problemin həllini asanlaşdırmaqla, bütün Azərbaycan cəmiyyətinin həyat tərzinə təsir göstərmək istiqamətində mühüm əhəmiyyət daşıyır.

Sənədə əsasən vətəndaşlar mənzillərinin sənədləşdirilməsi problemi ilə yanaşı, bəzi çoxmənzilli binaların sakinləri kommunal xidmətlərdən istifadədə çətinliklərlə də üzləşirdilər. Prezidentin imzaladığı Fərman əsasında vətəndaşlar qaz, su, işıq problemindən tam azad olacaqlar. 2020-ci ilin yanvarın 1-dək qüvvədə olacaq Fərmanda dövlətimizin başçısı Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə tapşırıqlar da verib.

Bir sözlə, belə bir Fərmanın imzalanması bir daha sübut edir ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin və ölkə Prezidentinin apardığı sosial siyasətin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər hazırda da davam etdirilməkdədir.

Qeyd etmək yerinə düşər ki, dövlətimizin başçısının çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini, həmin binaların istismarına icazə prosedurunu, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı Fərman əhali tərəfindən çox böyük sevinclə qarşılanıb. Bir sözlə, Fərman sayəsində ölkədə sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Heç bir əngəl olmadan bəzi çoxmənzilli binaların sənədləşdirilməsi işi həyata keçiriləcək. Ən əsası isə vətəndaşların vaxt itkisi ilə üzləşməməsi üçün sənədlərin hazırlanması prosesi elektron qaydada aparılacaq. Bununla da Prezident İlham Əliyev daha bir “çoxillik həllolunmaz problem”ə son qoydu.

Bu bir daha sübut edir ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır. Görülən işlər, həyata keçirilən uğurlu islahatlar, imzalanan Fərman və sərəncamlar xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşlarımız üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir.

Orxan Vahidoğlu, “İki sahil”