19 yanvar 2021 16:22
470

Ölkəmizdə atmosfer havasının çirklənməsinin səbəbi açıqlanıb

“20 il bundan əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar müəssisələr,  məsələn, sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı”. 

"İki sahil" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib. O bildirib ki, avtonəqliyyat vasitələrinin rolu burada az idi: “İndi isə atmosfer havasının çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələridir. Bu da son illərdə sənayenin güclü inkişafı ilə bağlıdır. Sənayenin inkişafı, rifahın yaxşılaşması maşınların sayının artmasına gətirib çıxarıb. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır”.

O qeyd edib ki, Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir: “Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş, beşdə biri yaşı 30 ildən çox olan avtomobillərdir. Sözsüz ki, köhnə avtomobillər ətraf mühitə daha çox zərər verir, onlarda zəhərli maddələrin miqdarı yeni avtomobillərdən çox olur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılma yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsinin yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir”.