16 oktyabr 2019 19:57
1316

Ölkəmizdə geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb

Bu günədək 36 min sahibkara 1,4 milyard dollar həcmində güzəştli kredit ayrılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII  Zirvə Görüşü iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan ki, Zirvə Görüşü üçün seçilən “ Kiçik və orta sahibkarlığın inkişafı” mövzusu bir daha ölkəmizdə  son 16 ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlara işıq saldı. Tədbirin keçirildiyi vaxta təsadüf edən Prezident İlham Əliyevin yanında  iqtisadi müşavirə də ölkəmizin ötən dövr ərzində qazandığı uğurları və prioritetləri açıqladı.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Daim bu çağırış da edilir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən təbii ki, ölkəmizin demoqrafik vəziyyətidir. Dövlətimizin başçısı bildirir: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik... Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.”  Neft siyasətinin məntiqi davamı olan qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticəsi rəqəmlərdə də öz əksini tapıb. Belə ki, iqtisadiyyatımız cari ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. “İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun” söyləyən dövlətimizin başçısı bildirir ki, qeyri-neft sektorunun inkişafı  əsas rol oynayır.

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkənin hərtərəfli inkişafında stimulverici amil rolunu oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq: “Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır.” Ölkə Prezidenti  Zirvə Görüşündə bu rəqəmi açıqlamışdır ki,  Sahibkarlığın   İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard dollar həcmində güzəştli kredit ayrılıb. Özəl sektorun ümumi daxili məhsulda 85 faiz təşkil edir. Son 16 ildə  ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 270 milyard dollardan çoxdur.

Dövlətimizin uğurlu siyasəti, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında  Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alır. Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki,  hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına  ən çox sərmayə yatıran ölkələrdən biridir. Yatırılan sərmayənin həcmi  15 milyard dollardır. Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi isə  12 milyard dollardır. “Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək” söyləyən cənab İlham Əliyev bildirir ki, bu günümüzün əsas tələbatı  iqtisadiyyatın yeni modelidir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir.  12 istiqaməti əhatə edən Strateji yol xəritələri ayrı-ayrı sahələrin inkişafına istiqamətlənib. Kompleks tədbirlər dayanıqlı inkişafı şərtləndirir. Strateji yol xəritələrindən öncə təsdiqlənən  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas prioritetlər və icra mexanizmləri  öz əksini tapıb. 2020-ci ilə qədər dövrü əhatə edən müddətdə əsas hədəf hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında addımlamaq, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına yaradılan şərait əldə olunan nəticələrdən daha aydın görünür. Bu çağırış daim irəli sürülür ki,  inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyiriksə, kiçik və orta sahibkarlığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Məhz bu məqsədlə 2017-ci ildə  Kiçik və  Orta Biznesin İnkişafı Agentliyi yaradılıb.

Dövlət investisiya proqramında infrastuktur layihələrinin uğurlu icrasında da əsas məqsədlərdən biri sahibkarlığın inkişafına zəruri olan bütün imkanları yaratmaqdır.  Qaz, su, elektrik enerjisinin təminatı məsələləri daim öz aktuallığını qoruyur. Ölkə Prezidenti bu rəqəmi də açıqlayır ki,  ilin əvvəlində qarşıya  bu vəzifəni qoymuşduq ki,  qazlaşdırma bu ilin sonuna qədər  95 faizə çatacaq. Biz buna nail olacağıq.  Həmçinin  içməli  su layihələrinin icrası,  avtomobil yollarının tikintisi davam edir. Yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan dünyada  36-cı  yerdədir.”

Qeyd etdiyimiz kimi, infrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən “ABAD” mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi müəyyənləşdirib. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında  duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.     

Cənab İlham Əliyev bunu da bildirir ki,  kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir: “Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur.” Əsas məqsəd budur ki,  ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Bu məqam hər zaman önə çəkilir ki,  əgər  sovet vaxtına nəzər salsaq görərik ki,  o vaxt bölgü aparılırdı.  Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, əvvəldə də qeyd olunduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaradır. İşsizlik və məşğulluq  probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir.  Yoxsulluq da 5 faiz səviyyəsindədir.

Bu uğurları şərtləndirən əsas amillərdən biri də  Azərbaycanın innovasiyalara meyilli olmasıdır. Dövlətimizin başçısı bildirir: “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir.”  Dövlətimizin siyasətində insan amilinə verilən dəyər atılan addımlardan, imzalanan Fərman və sərəncamlardan aydın görünür.  İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Təkcə cari ilin ötən dövründə  dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi sosial paket  yüzlərlə, minlərlə ailəyə sevinc gətirdi. Bu sosial paketlərin tərkib hissəsinə diqqət yetirdikdə insanları narahat edən bütün məsələlərin çözülməsinə diqqət yetirildiyi daha aydın görünür. Problemli kreditlərin həlli, evlərin sənədləşdirilməsi məsələsi və s. kimi biri-birindən vacib məqamlar imzalanan  sənədlərin əsas mahiyyətini təşkil edir. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki,  ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək.

Özünüməşğulluq proqramının uğurlu icrası da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına xidmət edən addımlar sırasındadır.  Azərbaycanın bu sahədə də təcrübəsi təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dünyaya səs salan Azərbaycan brendləri sırasında yer alan ABAD layihəsi də bu məqsədə xidmət edir. Bir müddət öncə Bakıda  “WoWoman” platformasının və “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin təşkilatçılığı ilə “Azərbaycanda kiçik ailə bizneslərinə dəstək modelləri””” adlı tədbir keçirildi. Tədbirdə “Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişaf indeksləri”, “Kiçik sahibkarlığın inkişafı üçün yardımçı modellər: ABAD təcrübəsi” və “ABAD modeli prizmasında inkişaf edən sahibkarlıq fəaliyyəti və kiçik ailə biznesləri modelləri” mövzuları əhatə edildi, ən əsası ölkəmizin qeyd olunan istiqamətlərdə təcrübəsi, əldə etdiyi uğurlar geniş təhlil olunaraq hədəflərə çatmaq üçün geniş imkanların mövcud olduğu xüsusi qeyd edildi.

Dövlətimizin başçısı İlham Əliyevin  23 sentyabr 2016-cı il tarixli  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı   məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla bərabər  işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar açır.

Göründüyü kimi, bu günümüzün əsas çağırışı olaraq, işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər davamlılığı ilə diqqət çəkir. Ailə təsərrüfatlarına asan dəstəyin həyata keçirilməsi ABAD ailəsinin tərkibinin genişlənməsinə yol açır. “ABAD-ın sakinləri asan dəstəyi necə qarşılayırlar”  sualına gəldikdə isə  ailə təsərrüfatlarının bu günə qədər problemləri fərqli olduğundan   onlara göstərilən dəstəklər də təbii ki fərqli olacaq. Belə ki, konkret misallara müraciət etsək, əvvəllər  kiçik sahibkarlıqla məşğul olan ailələr avadanlıqlarla, yaxud istehsal etdikləri məhsulların satışı ilə bağlı problemlər yaşayırdısa, bu gün artıq ABAD mərkəzləri bu dəstəklərini göstərməklə  kiçik sahibkarların  sabaha da böyük inamla baxmalarına yardımçı olurlar. Bu gün hər bir  ABAD sakini sağlam rəqabət şəraitində  bazara  çıxış imkanlarını artırmalarından  məmnunluq hissi keçirirlər. Təbii ki, atılan addımların son nəticəsi ailə büdcəsinin zənginləşməsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da  azalacaq.

Keçilən yolun qısa təhlili bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addmlamaq istəyi  reallıqdır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etsək, kiçik və orta sahibkarlığın inkişafına yaradılan şərait böyük sahibkarlar sinfinin formalaşmasına yol açır. Regionların potensial imkanlarından səmərəli istifadə məqsədilə  təsdiqlənən və uğurlu icrası başa çatan 3 Dövlət Proqramı və icrasına başlanan  dördüncü sənəd Azərbaycanın qeyri-neft sektorunda əldə etdiyi uğurların miqyasını daha da genişləndirməklə yanaşı, özəl sektora investisiya axınını sürətləndirir.

Yeganə Əliyeva, “İki sahil”