25 yanvar 2021 17:46
1277

Ölkəmizdə peyvəndləmə prosesi davam edir

Çindən gətirilən «CoronaVAC»  mütəxəssislər tərəfindən  yoxlanmış, sınanmış, təhlükəsiz vaksindir.

Dünyanı dolaşan,  bütün ölkələrin iqtisadiyyatına,  insanların həyat tərzinə, dövlətlərarası  münasibətlərə  təsir edən  COVID-19-la bağlı  həyəcanlı  rəqəmlər  arxayınlığa asas olmadığını göstərir. Müxtəlif ölkələrin mütəxəssislərinin  araşdırmaları nəticəsində pandemiyaya qarşı  vaksinlər hazırlansa da, koronavirusun yayılma sürətinin azalması ilə bağlı göstəricilər dəyişilsə də, hələ ki,  COVID-19-a qalib gələn ölkə yoxdur.  Pandemiya ilə bağlı  açıqlamalardan aydın olur ki,  dünya üzrə bu təhlükəli infeksiyaya yoluxanların sayı 100 milyona yaxınlaşır. 2 milyondan çox insan isə pandemiyanın qurbanı olub.  Mütəxəssislərin ümumi rəyi budur ki,   pandemiyaya qalib gəlmək üçün dünya əhalisinin  60 faizdən çoxunda  virusa qarşı immunitet formalaşmalıdır.

Bütün dünyanı bürüyən COVID xəstəliyi ilə əlaqədar  Prezident İlham Əliyevin  Sərəncamına əsasən  fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə uyğun  quran  Operativ Qərargah yaradılmışdır.  İnsan, maliyyə,  inzibati resurslar səfərbər olunmuş, pandemiya ilə mübarizə məsələlərinə həsr olunmuş müşavirələrdə vəziyyətdən çıxış yolları ilə bağlı  müzakirələr aparılmışdır. Qısa müddətdə   test laboratoriyalarının sayı artırılmış, maska və dərman qıtlığı aradan qaldırılmış, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir.

Bəzi aylarda  ümumi karantin  sərtləşdirilmiş rejimlə əvəz olunmuş, təbii olaraq iqtisadiyyatda, sosial sferada,  insanların davranışlarında məhdudiyyətlər tətbiq edilmişdir. COVID-19-la mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulmuşdur. İqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilmişdir. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.  Xəstəliyin yayılma dinamikası da stabil deyil. Müxtəlif aylarda tətbiq olunan karantin rejimlərinin sərtləşdirilməsi ilə  bəzi hallarda yumşalma hiss olunsa da, vətəndaşlarda yaranan arxayınlıq ciddi tədbirlərin tətbiqini qaçılmaz edir.    Pandemiyanın yayılma riskinin ən çox  hiss edildiyi Bakı Metropoliteninin, iri ticarət obyektlərinin,  əhaliyə kosmetik xidmət göstərən mərkəzlərin fəaliyyətlərinin dayandırılması, məktəblərdə distant təhsilin tətbiqi, bəzi mağazaların onlayn xidmətə keçməsi,  pandemiyanın qarşısının alınması üçün nəzərdə tutulan  məhdudiyyətlər nəticəsində  yoluxanların sayında  azalma hiss olunur.   Görülən tədbirlər nəticəsində  nisbətən yumşalma, stabillik yarandığı üçün yanvarın 18-dən  ölkədə  bəzi məhdudiyyətlərin aradan qaldırılması o demək deyildir ki, təhlükə arxada qalıb.  Karantin rejiminin tətbiqi ilə  virusa yeni yoluxanların sayının, ölüm hallarının azalması ilə müqayisədə  xəstəlikdən sağalanların sayının 2-3 qat artması ölkədə həyata keçirilən sanitar-epidemioloji vəziyyətin nəzarət altında olması ilə bağlıdır. Son həftələrdə gündəlik yoluxma statistikasında müşahidə olunan azalmalar insanlarda yaranan psixoloji gərginliyi də aradan qaldırır.   

Ancaq unutmayaq ki, COVID-19-un fəsadları,  yayılma riski hələ davam edir.  Bu baxımdan  yeni yoluxma hallarının qarşısının alınması üçün tibbi maskalardan, qoruyucu vasitələrdən istifadə, ara məsafənin gözlənilməsi kimi  xəbərdarlıqlara əməl olunmalıdır. Virusun yayılması üçün münbit şərait olan kütləvi toplaşmaq hallarına qarşı mübarizə  qüvvədədir.  Ən etibarlı seçim vaksinasiyanın tətbiqidir. Artıq Almaniyada,  İtaliyada,  İspaniyada, virusun ikinci ştammı qeydə alınan Böyük Britaniyada,  ABŞ-da, Çində, Rusiyada, Türkiyədə vaksinasiyanın tətbiqin prosesinə başlanılıb.

«Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir» söyləyən Prezident İlham Əliyevin,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyinin  nəticəsində  Azərbaycan da vaksinasiya prosesinə qoşulan  ölkələr sırasındadır.  İnsan amilinə diqqət və qayğının ön planda saxlanıldığı Azərbaycanda da  yanvarın 18-dən etibarən COVID-19-a qarşı  peyvəndləmə prosesinə başlanılıb. Respublikamızda   bir neçə ölkədə sınaqdan keçirilən Çinin «Sinovac» şirkətinin istehsalı olan «CoronaVAC» vaksininə üstünlük  verilib.

Bakı Sağlamlıq Mərkəzində  keçirilən ilk  vaksinasiya prosesində iştirak edən, peyvənd olunan respublikanın səhiyyə naziri Oktay Şirəliyevin mətbuata açıqlamasında qeyd olunduğu kimi,  «CoronaVAC»ın mənfi təsirləri hiss olunmayıb.  Peyvənd olunanlardan  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  ölkə üzrə vaksinasiya kampaniyasının uğurla davam etdiriləcəyini bildirmişlər. «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün  Vaksinasiya Strategiyası»na əsasən, ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qrupuna daxil olan  insanların peyvənd ediləcəyi nəzərdə tutulur. Gün ərzində   çoxsaylı insanlarla təmasda olan «ASAN xidmət»də, DOST mərkəzlərində, nəqliyyatda, bank sektorunda çalışanların vaksinasiya prosesinə cəlb olunmalarına  xüsusi diqqət göstəriləcək.  Birinci mərhələdə tibb işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları prosesə cəlb olunacaq. Əsas məqsəd odur dünyada geniş yayılmış pandemiyanın qarşısını almaq, insanların immunitetini gücləndirmək,  infeksiyanın yayılma riskini məhdudlaşdırmaqdır.  Tənəffüs sistemində nasazlığı olanlar,  xroniki hemodializ xəstələri,  II tip şəkərli diabetdən əziyyət çəkənlər də  ilk vaksin olunanlar qrupuna daxildirlər. İki  dozadan ibarət olan peyvəndin birinci vaksinini vurduranlar virusa yoluxsalar belə, xəstəliyi yüngül keçirəcəklər.

Yeniliyin tətbiqi, mahiyyətinin açıqlanması,  səmərəsi ilə bağlı təsəvvür yaratmaq həmişə çətin olduğu üçün  maarifləndirmə işinin gücləndirilməsi ilə insanlarda  ümumi fikir formalaşdırmaq təcrübəsi bu gün daha aktualdır. Xəstəliyin fəsadlarından qorxuya düşən insanlarda  peyvəndlə bağlı  düzgün fikir formalaşdırmaq, vaksinasiya prosesini uğurla davam etdirmək üçün ilk növbədə tibb işçilərinin fəallığı  lazımdır. Bütün dünya dövlətlərində tətbiq olunan peyvəndlərlə bağlı  müxtəlif fikirlərin formalaşması insanlarda təlaş yaradır,  peyvəndlər barədə neqativ  rəylər eşidilir. Amma unutmaq olmaz ki,   Ümumdünya Səhiyyə Təşkilatının dünyada tanınan mütəxəssisləri tərəfindən sınaqdan çıxarılan, dəfələrlə yoxlanılan, lisenziya alan vaksinlərin tətbiqinə icazə verilir. Bu baxımdan tam əminliklə demək olar ki, ölkəmizə gətirilən «CoronaVAC» təhlükəsiz və  fəsad verməyən vaksindir.

Xuraman İsmayılqızı, «İki sahil»