01 fevral 2019 11:41
233

Ölkəmizdə qrip virusunun yayılmasını təsdiq edən faktlar yoxdur

Bunu fevralın 1-də BMT-nin Bakı ofisində qrip barədə yayılan məlumatlarla əlaqədar keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Mətbuat konfransında ölkəmizdə donuz qripi yayılması barədə bəzi kütləvi informasiya vasitələrinin doğru olmayan məlumatlar yaydığı qeyd edilib. Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmançı sonuncu dəfə H1N1 virusunun Azərbaycanda 2009-cu ildə yayıldığını bildirib. “Hazırda isə Azərbaycanda belə bir virusun yayılması təsdiq edilmir”, - deyə vurğulayıb.

Nazirliyin baş epidemioloqu bildirib ki, bəzən digər infeksiyalara yoluxan xəstələr də yanlış olaraq donuz qripinə yoluxan kimi qəbul edilir. Lakin pandemiya ilə epidemiyanı qarışdırmaq lazım deyil. Tək-tək hallarda H1N1 virusunun olması heç də onun geniş yayılması anlamına gəlmir.