18 may 2020 11:02
318

Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb

İkisahil.TV-nin bugünkü müsahibi Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylidir

-Qulamhüseyn müəllim, koronavirusla mübarizədə Azərbaycan modelinin uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib. Bu gün dövlətimiz əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəldib. Dövlət başçısının özünün qeyd etdiyi kimi, “əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı.” Dövlətin burada əsas məqsədi odur ki, vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır. Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır. Sərhədlərin bağlanması, xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsinin və karantin rejiminə keçirilməsinin təmin edilməsi, müayinə test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədi ilə dövlət büdcəsindən vəsaitin hökumətə ayrılması, iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. Kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının göstəricisidir. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidentinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir.

- Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Maraqlıdır, siyasi partiyalarla aparılan müzakirələr Azərbaycana nə vəd edir?

- Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Ölkəmizdə ilk növbədə çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək üçün partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq həlli vacib vəzifələrdən biri kimi meydana çıxmışdır.

Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Ən əsası yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaq, təkan verəcəkdir. Bu isə öz növbəsində müstəqil Azərbaycan Respublikasının dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə tamamilə cavab verən hadisədir.

- Azərbaycan hakimiyyəti tərəfindən bütün siyasi partiyalara təklif edilən dialoq çağırışını necə dəyərləndiririniz?

-Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətlərini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır.

-Amma buna baxmayaraq, bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar...

-Hesab edirəm ki, hazırkı şəraitdə belə mövqe sərgiləmək düzgün deyil. Xüsusən, radikal mövqedə dayanan partiyaların bu proseslərdən kənarda qalmaları o qədər də doğru deyil. Axı nəyə görə həmin partiyalar özlərini siyasi proseslərdən kənarda saxlamalıdırlar? Bir halda ki, belə bir təklif var, onu dəstəkləmək lazımdır. Müasir dünyada siyasi mübarizənin formaları tamamilə dəyişib, artıq buna uyğunlaşmaq lazımdır. Radikal müxalifət düşərgəsində olan partiyalar siyasi arenada qalmaq istəyirlərsə, artıq siyasi mübarizə formalarını dəyişməlidirlər. Əks halda çox acınacaqlı bir vəziyyətə düşəcəklər. Bu da onların öz fəaliyyətlərinin, partiyada yenidənqurma işlərinin aparılmamasının nəticəsi olacaq. Nəzərə almaq lazımdır ki, həmin partiyalar elə bir duruma düşüblər ki, elektoratları onlardan uzaq düşüb, seçkiləri uduza-uduza gəlirlər. Çoxpartiyalı sistem demokratiyanın göstəricisidir. Bu gün bu, Azərbaycanda var. Təbii ki, belə bir şəraitdə hər zaman iqtidar və müxalifət partiyaları arasında təmasların olması, dialoqun olması çox zəruridir. Xüsusilə də ümummilli məsələlər ətrafında müzakirələr aparmaq vacibdir. Bildiyiniz kimi, bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal olunub. Belə olan halda elə hesab edirəm ki, bu cür dialoqların davamlı olması zəruridir. Amma gördüyünüz kimi, hər zaman AXCP və Müsavat belə görüşlərindən qaçırlar. Bu da o deməkdir ki, bunlar ümummilli məsələlərin müzakirəsindən qaçırlar. Deməli, ümummilli məsələlərin müzakirəsindən qaçırlarsa, onda onlar ümummilli maraqlara deyil, öz qrup maraqlarına xidmət edirlər. Bu gün adı çəkilən partiyaların əsas fəaliyyətləri Azərbaycanın davamlı inkişafına mane olmaq, hakimiyyətə qarşı qara yaxmaqdan ibarətdir. Onlar cəmiyyətin dəstəyindən tamamilə məhrum olduqlarına görə məhz bu cür anormal mövqe tutublar.

-Ölkədə dərin islahatlar həyata keçirilir. Neqativ halların aradan qaldırılması istiqamətində aparılan islahatlar sözsüz ki, hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin dövlət məmurlarının rüşvətxorluq və koorupsiya hallarına qarşı atdığı addımları necə dəyərləndirirsiniz?

- Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Hər birimizə məlumdur ki, bu gün cəmiyyətimizdə bəzi məmurların öz vəzifələrindən sui-istifadə etməsi, vətəndaşlarla ünsiyyətdə kobudluğa və ya hüquq pozuntusuna yol verməsi ictimai narazılıqlara gətirib çıxarır. Ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrlə yanaşı, mədəniyyət sahəsində gördükləri işlər, mədəniyyət incilərimizin qorunması, onların başqa ölkələrdə tanıdılması istiqamətində həyata keçirdikləri layihələr bir örnəkdir. Amma bu gün bu sahədə çalışan məmurların bu örnəkdən bəhrələnmək əvəzinə yanlış addımlar atdığının şahidi oluruq. Hamı bilir ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün gedişində ərazilərimizin bir qisminin işğal edilməsi nəticəsində tarix və mədəniyyət abidələrimiz tamamilə dağıdılıb, xalqımızın adına olan nə varsa hamısı vəhşicəsinə dağıdılıb. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirəsalınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq təəssüf ki, ölkəmizdə aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları da var. Prezident dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edib. O cümlədən vətəndaşlara münasibətdə səmimi olmadıqları, özlərini təkəbbürlü aparmadıqları, eləcə də rüşvət və korrupsiya hallarına yol verdikləri üçün onlara dəfələrlə çox sərt şəkildə xəbərdarlıq edilib. Ümidvaram ki, nəhayət, tutduğu vəzifədən asılı olmayaraq, düzgün yolda olmayan bəzi məmurlar son zamanlarda baş verən hadisələrdən nəticə çıxararaq Prezidentimizin məmurlarda görmək istədiyi keyfiyyətləri özlərində aşılayacaqlar.

- Qulamhüseyn müəllim, sevindirici haldır ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata, gənclərimizin həyat tərzinə çevrilib. Gənclərimizin könüllülük fəaliyyətini necə dəyərləndirirsiniz?

- Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır. Könüllülük cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Bu gün doğrudan da çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini uğurla davam etdirir. “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında, əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanmasında əvəzsiz xidmət göstərmişlər.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”