17 fevral 2020 21:00
1268

Ölkəmizdə təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyin sintezi var

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqdadır

Ölkədə hər bir inkişafın təməlində sabitlik dayanır. Azərbaycanın bu gününü müstəqilliyinin ilk illəri ilə müqayisə etdikdə sabitliyin yol açdığı uğurların miqyasının nə qədər geniş olduğunu aydın görərik. Müstəqilliyimizin ilk illərində yaşanan xaos, anarxiya, özbaşınalıq ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə daxili sabitliyin yaradılması beynəlxalq baxışın dəyişməsinə də öz müsbət təsirini göstərdi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollardan artıqdır. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə qorunmasının, Azərbaycanın bu gününə və gələcəyinə inamın artmasının göstəricisidir.

Seçkilərin nəticələrinin ölkədə mövcud ab-havanı əks etdirdiyini nəzərə alsaq 9 fevral növbədənkənar parlament seçkiləri son illərdə dərinləşən islahatların uğurlarının, eyni zamanda, onlara xalqın dəstəyinin təqdimatı oldu. Bircə faktı qeyd etmək kifayətdir ki, 2015-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizədlərin sayı 767 nəfər olmuşdusa, builki seçkilərdə bu rəqəm 1314-dür. Bu rəqəmin kəsb etdiyi mənaya ətraflı yanaşsaq, onu ölkədə yaradılan demokratik şəraitin, bütün sahələrdə inkişafın, tərəqqinin ümumiləşdirilmiş ifadəsi kimi qəbul edə bilərik. İqtisadi inkişafa geniş yol açan demokratikləşmə prosesinin sadəcə bir niyyət, şüar olmadığı, ölkənin hərtərəfli inkişafına xidmət etdiyi bir daha öz təsdiqini tapdı. 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçinin seçkilərlə əlaqədar akkreditasiyadan keçməsi, 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisinin prosesi işıqlandırması Azərbaycana diqqət və marağın, beynəlxalq baxışın yüksək səviyyədə olmasının göstəricisidir.

Bu kimi marağa əsas yaradan təbii ki, islahatların zamanın və dövrün tələblərinə uyğunlaşdırılması fonunda davamlı uğurlara imza atılmasıdır. Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqdadır. 20 ən islahatçı ölkə sırasında yer alıb. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlar Azərbaycanın şüurlu seçimidir. İqtisadi islahatlar nəticəsində təkcə ötən il  büdcəyə 850 milyon manatdan çox vəsait toplanaraq sosial sahəyə yönəldilmişdir. Rəy sorğuları da göstərir ki, əhalinin mütləq əksəriyyəti həyata keçirilən siyasəti dəstəkləyir, iqtidara alternativ görmür.

Beynəlxalq maliyyə qurumlarının uğurlarımıza söykənərək açıqladığı proqnozlarda da dəyişikliklər diqqətdən kənarda qalmır. Artım proqnozunun yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında yeni-yeni hədəflərə əsaslanır. Məhz bu uğurların əsasında işlənib hazırlanaraq təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin məcmusu və icra mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 2012-2020-ci illər ərzində Azərbaycanın iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olması hədəflənib. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-nin həcminin iki dəfə artaraq 13000 dollara çatması, Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almasının əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı ölkələri” qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənib. Artıq bu proqnozlar gerçəkdir. Ən əsası Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallığa çevrilib. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin daha da yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.

Təhlillər fonunda bu reallığın şahidi oluruq ki, möhkəm təmələ əsaslanan siyasətin nəticəsi olaraq hər il əvvəlki ildən daha möhtəşəm uğurlarla yadda qalır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: “Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək dəyərləndirilir.” Dövlətimizin başçısı daim çıxışlarında bu reallığı diqqətə çatdırır ki, əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda  ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq.

Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın neft-qaz sektorundan asılılığının minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyevin son 16 ildə bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün təsdiqlədiyi Dövlət proqramlarının uğurlu icrası növbəti proqramların qəbulunu zərurətə çevirir. Son 16 ildə Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkədir. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Bu illər ərzində iki milyondan artıq yeni iş yeri yaradılıb. Təkcə ötən il 98 min yeni iş açılıb. Cənab İlham Əliyev bu çağırışı edir ki, iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Dövlət proqramlarının uğurlu icrası nəticəsində   işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi dinamik iqtisadi inkişafımıza təkan verir.

Əvvəldə də qeyd etdiyimiz kimi, uğurlarımız ölkəmizə beynəlxalq baxışın daha da yüksəlməsinə öz müsbət təsirini göstərir. Beynəlxalq aləmdə islahatçı, eyni zamanda, təşəbbüsləri gerçəkliyə çevirən, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan “Doing Business 2019” hesabında mövqeyini möhkəmləndirmişdir. Azərbaycan hesabatda dünyada daha çox islahat aparan 20 ölkədən biri olub. Təbii ki, ölkəmizin bu uğuru son dövrlər biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı göstərilən təşəbbüslərin, atılan biri-birindən əhəmiyyətli addımların nəticəsidir. “Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Azərbaycan yenə də dünyanın ən rəqabətli iqtisadiyyata malik ölkələri arasındadır. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranının nəticələrinin davam etdiyi dövrdə əldə edilib. Dövlətimizin başçısı İlham Əliyev reallıqlar əsasında bu inamı ifadə edir ki, 2020-cı ildə də biz uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələr icra olunacaq.

Uğurlar biri-birini əvəzlədikcə  bu gün dünyada nadir Azərbaycan inkişaf modelinin mövcudluğu bir daha təsdiqlənir. Cənab İlham Əliyev bildirir: “Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.” Hərtərəfli inkişaf, xalqın yüksək rifah şəraitində yaşaması dövlətin siyasətinin əsasını təşkil edir. Məhz insan amilinə verilən dəyərin nəticəsidir ki, bu gün Azərbaycan özünü dünyaya iqtisadi möcüzələr, eyni zamanda, sosial dövlət kimi təqdim edir. Güclü sosial siyasətlə tamamlanan iqtisadi təşəbbüslər xalq tərəfindən dəstəklənir, yeni-yeni hədəflərin gerçəkləşməsinə stimul yaradır. “Daha güclü Azərbaycan naminə!” şüarı ilə növbədənkənar parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyasının daha müasir, çevik, təkmil parlamentin formalaşmasına xidmət edən məlum təşəbbüsünün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət və dəstəklə qarşılanmasını da şərtləndirən əsas amil məhz bu idi- Azərbaycanı daha güclü, qüdrətli, insanları yüksək rifah şəraitində görmək. Qanunverici orqanda da təkmilləşmə, yeniləşmə islahatlar prosesinin davamıdır. Bir sözlə, ölkəmizdə təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyin sintezi var.

Yeganə Əliyeva, “İki sahil”