11 fevral 2020 11:10
1875

Ölkəmizdə vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir

Ölkəmizdə vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib

9 fevral növbədənkənar parlament seçkiləri bu reallığı bir daha təsdiqlədi

Artıq 9 fevral növbədənkənar parlament seçkiləri arxada qaldı. Hər bir mühüm hadisənin, o cümlədən seçkilərin ölkəmizin həyatında əhəmiyyətini və rolunu nəzərə alsaq, keçilən yolun təhlili bir zərurət kimi qarşımızda dayanır.

Bu statistikanı qeyd edək ki, 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edən 9 fevral növbədənkənar parlament seçkilərində 5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, mühüm addım səsvermə prosesinin şəffaflığının, demokratikliyinin təminatında mühüm amillərdən biridir. Belə ki, veb-kameralar vasitəsilə prosesi ölkə xaricindən də izləmək imkanları yaranır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb. Bu statistika da seçkilərin demokratikliyinin təsdiqidir. Ölkəmizdə bütün siyasi partiyaların. ictimai birliklərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Seçkilərin bütün mərhələlərində də istər fərdi, istərsə də siyasi partiyalar, təşəbbüs qrupları tərəfindən namizədliyi irəli sürülən bütün şəxslərə öz təbliğatlarını normal şəkildə həyata keçirmək üçün eyni şərait yaradılmışdı. Cəmiyyətdə nüfuzu olan, böyük sosial dayağa malik siyasi partiyaların namizədləri yaranmış şəraitdən bəhrələnməklə qələbələrini təmin etmək imkanında idilər. 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparmışdır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadın idi. Onu da qeyd edək ki, parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçmişdir. Müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin təmsilçiləri “exit-poll” keçirməklə seçici rəylərinin öyrənilməsinə, həmçinin seçkilərlə bağlı ilkin rəylərin açıqlanmasına öz dəstəklərini ifadə etmişdilər. Səsvermədən sonra ilkin nəticələrlə bağlı xarici müşahidəçilərin, “exit-poll” keçirən təşkilatların açıqlamaları da Azərbaycanın demokratiya təcrübəsinin nümunəviliyinə bir daha işıq saldı.

Seçkilər, eyni zamanda, xalqımızın uğurlarımızın davamlılığına dəstəyini bir daha ortaya qoydu. Xalqın yüksək fəallığı dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək” fikrinin reallığa əsaslandığının  təsdiqi oldu. ABŞ-ın tanınmış “Arthur J. Finkelşteyn & Associates” şirkətinin ölkəmizdə növbədənkənar parlament seçkilərində keçirdiyi “exit-poll”un nəticələri də bu məqama işıq salmışdır ki, seçicilər ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyin davamını istəyir, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatların uğurlarından məmnundurlar.

O da məlumdur ki, ölkəmizdə dəfələrlə sorğu aparan ABŞ-ın nüfuzlu “Gallup İnternational” təşkilatının təhlillərində də Azərbaycan xalqının dövlətimizin başçısı İlham Əliyevə inamı, ölkənin inkişaf səviyyəsinə vətəndaş dəstəyi ifadəsini tapmışdır. “Callup İnternational”ın dünyanın müxtəlif ölkələrində  eyni mövzu üzrə apardığı sorğunun nəticələrinə görə Azərbaycan ilk onluqda yer alır. Ölkələr üzrə inkişafın dinamikasını əks etdirən statistikada deyildiyi kimi, ilk onluqda təmsil olunmaq o deməkdir ki, mövcud siyasətə, tərəqqiyə nikbinliklə baxan ölkə əhalisi gələcəyə böyük ümid bəsləyir, qarşıdakı illərdə əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inamında qətiyyətlidir.

9 fevral növbədənkənar parlament seçkilərindən öncə də belə sorğular təşkil olunmuş, ölkə əhalisi Prezident İlham Əliyevlə həmrəyliyini nümayiş etdirərək ulu öndər Heydər Əliyev ideyalarının davamına tərəfdar olduqlarını bildirmişdilər. Fransanın “Opinionway” Yenilikçi Araşdırma Şirkətinin də ilkin rəyi ürəkaçan və təqdirəlayiqdir. Bu kimi uğurlu nəticələr təsdiqləyir ki, Azərbaycan düşünülmüş, təkmil inkişaf konsepsiyası üzrə strategiyasını müəyyənləşdirir və bu istiqamətdə qazandığı uğurlar xalqın rifahına xidmət etdiyi üçün milyonlar tərəfindən dəstəklənir. Ölkədəki siyasi sistemin fəaliyyətindən razı qalanlar da böyük çoxluq təşkil edir.

Təbii ki, qeyd etdiyimiz kimi, müsbət göstəricilər Azərbaycan dövlətinin uğurlu siyasətindən, atılan hər bir addımın əsasında vətəndaş amilinin dayanmasından irəli gəlir. Xalqın Prezidentinə etimadının, həyata keçirilən siyasətə inamının böyük olduğu ölkədə xalq-iqtidar birliyi sarsılmazdır. Hər sahədə təcrübəsi nümunə göstərilən Azərbaycan xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu bir ölkə kimi təqdir olunur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.”

9 fevral növbədənkənar parlament seçkilərində xalqımız “Daha güclü Azərbaycan naminə!” devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmaqla ümumilikdə həyata keçirilən siyasətə dəstəklərini nümayiş etdirdilər. “Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır... Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq” söyləyən cənab İlham Əliyevin bu fikirləri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, eyni zamanda, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə bir baxış, xalqın bu partiyaya inamının, dəstəyinin böyüklüyü kimi də dəyərləndirilir.

Qeyd etdiyimiz kimi, 9 fevral növbədənkənar parlament seçkiləri artıq arxada qalsa da, prosesin demokratikliyinin, şəffaflığının, beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi üçün dövlətimizin atdığı addımlar beynəlxalq səviyyədə də təqdir olunur. Ümumi fikir budur ki, Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının istər seçkilərə hazırlıq mərhələsində, istərsə də səsvermədə yüksək fəallığı, ən əsası partiyanın Sədri, ölkə Prezidenti  İlham Əliyevin son 16 ildə gördüyü işlər, əldə olunan uğurlar qələbə üçün stimul oldu. Hər zaman qeyd olunan bu fikri xüsusi vurğulamaq istərdik- Siyasət real məsələlər, konkret işlərdir. Ölkə ictimaiyyəti reallığa yüksək dəyər verərək, inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycanımızın gələcək uğurlarının davamlılığını təmin etmək üçün düzgün seçim etdi, seçki hüququndan istifadə edərək inkişafa dəstək oldu. Yeni Azərbaycan Partiyasının seçkilərdə növbəti qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, xalqımız Azərbaycanı daha da güclü görmək istəyir.

Təbliğat-təşviqat kampaniyası dövründə ictimaiyyətə təqdim etdiyi qısa arayışda  Azərbaycanın son illərdə  iqtisadi, siyasi, xarici siyasət sahəsində qazandığı uğurların mənzərəsini daha aydın yaradan Yeni Azərbaycan Partiyası, həmçinin qarşıdakı 5 ildə görüləcək işlərə də diqqəti yönəltdi. Bu hədəflər ümumilikdə Azərbaycanın hərtərəfli inkişafına, insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, ən əsası beynəlxalq mövqelərimizin möhkəmlənməsi fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə istiqamətlənib. Bu əminlik xüsusi ifadə olunur ki, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.  

“Bu gün Azərbaycanın birmənalı siyasəti-cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır” söyləyən ölkə Prezidenti İlham Əliyevin 2011-ci ildə müstəqilliyimizin 20 ilinin uğurları əsasında təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 2012-2020-ci illər üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaratdı. Bu dövr ərzində ümumi daxili məhsulun daha 2 dəfə artırılması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması əsas hədəf kimi nəzərdə tutulmuşdur. İqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verdi. Təkcə 2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir.

Atılan hər bir addımın ölkəmizin gələcəyinə xidmət etdiyini qeyd edən cənab İlham Əliyev bu fikri də hər zaman çıxışlarında önə çəkir ki, görülən işlər, tədbirlər hansısa dövlətə, təşkilata xoş gəlmək məqsədi daşımır. Azərbaycan siyasətində müstəqildir. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin: “Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq- müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik.”

Azərbaycanın uğurlarının bələdçisi olan, inkişafa, tərəqqiyə öz töhfələrini verən dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə, tutduğu yola sadiqlik nümayiş etdirərək, daim irəliyə doğru inamla addımlayır. Hal-hazırda sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 750 minə yaxın  üzvü birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Ulu öndər Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikirləri milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 27 ilə yaxın  dövr ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, gələcəyə doğrü inamla irəliləyir. Azərbaycanın bugünkü reallıqlarında öz payı olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin qüdrəti ilə qürur duyur, inkişafa dəstək olmaq üçün ciddi səylər göstərir.

Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin daha da sürətlənməsində stimul rolunu oynayır. 1998, 2003, 2008, 2013 və 2018-ci illərin prezident, 1995, 2000, 2005, 2010, 2015, 2020-ci illərin parlament, 1999, 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yazılıb.  “Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq” deyən Prezident İlham Əliyev, eyni zamanda, bildirir: “Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir.”

9 fevral növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə xalqın dəstəyi bir daha bu reallığı təsdiqlədi ki, zaman hər bir siyasi qüvvənin fəaliyyətinə dəyər vermək baxımından ən böyük yaddaşdır. Məhz ötən illərin uğurları partiyanın növbəti qələbəsini təmin etdi. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir.” Təbii ki, xalq-iqtidar birliyini möhkəmləndirən əsas amil hər bir vədin konkret əməli işdə təsdiqini tapmasıdır. Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat materiallarında son illərin on möhtəşəm uğuru və gələcəyə 10 addım bir daha uğurlarımızın təqdimatı oldu.

Reallıq və bugünümüzün qürurverici hadisəsi budur ki, 9 fevral növbədənkənar parlament seçkiləri şəffaf, azad, demokratik və beynəlxalq standartlara uyğun keçirildi, Azərbaycanın demokratiya təcrübəsinin dünya ölkələrinə nümunə olduğunu təsdiqlədi. Beynəlxalq müşahidəçilərin rəylərində, “exit-poll” keçirən təşkilatların sorğularının nəticələrində  əksini tapan fikirlərə diqqət yetirdikdə Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunun bir daha şahidi oluruq. Azərbaycan demokratiya yolunda inamla irəliləyir, düzgün təmələ əsaslanan siyasətin nəticəsi olaraq davamlı inkişaf qaçılmazdır.

Yeganə Əliyeva, “İki sahil”