08 yanvar 2020 20:19
503

Ölkəmizi geosiyasi təhlükələrdən qoruyan balanslı siyasət

Bölgəmizdə tüğyan edən hərbi- siyasi qarşıdurmalar artıq pik səviyyəyə yüksəlib. İran-ABŞ münasibətlərinin gərginləşməsi hər an böyük müharibəni başlada bilər. Bu gün qonşularımızdakı xaosun ölkəmizə sıçraması isə az ehtimal olunan amildir. Ona görə ki, Prezident İlham Əliyevin qətiyyətli, müdrik və ən başlıcası isə balanslı xarici siyasəti Azərbaycanı böyük dövlətlərin hərbi-siyasi poliqonuna çevrilməkdən qoruyur.

Bu gün inamla deyə bilərik ki, Azərbaycan müstəqil dövlət olaraq artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Yəni, dünyanı idarə edən fövqəlgüclərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi önəm daşıyır. Bu mənada fərəhlə demək olar ki, Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

Digər çox mühüm  məsələ odur ki, müasir dövrdə  dünyada cərəyan edən geopolitik qarma-qarışıqlıqda Azərbaycan dövləti özünə yönəlik təhlükələri  zamanında hiss etməklə ciddi önləyici tədbirlər həyata keçirir. Nəticədə milli mənafelərimiz, daxili sabitliyimiz kifayət qədər  etibarlı qorunur.

Bəs müstəqillik tarixi üç onilliyi ötməyən bir dövlət bütün bunlara necə nail olur? Təbii ki, qazanılan uğurlar Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin, milli mənafeləri daim öndə tutmaq bacarığının nəticələridir. Ölkəmizin başçısı ilk növbədə uğurlu daxili siyasətlə cəmiyyəti ölkənin maraqları, mənafeyi üçün səfərbər edir. Bu, xalq-iqtidar birliyinin təməl prinsipidir.

Eyni zamanda, siyasətdə və dövlət idarəetməsində qətiyyətlilik Prezident İlham Əliyevə ölkəmizi, hətta ən çətin hədəflərə çatdırmağa imkan verib. Diqqət yetirsək görərik ki, bir neçə il əvvəl ölkəmizin sahib olduğu neft kəmərlərinin dünya bazarlarına çıxışı üçün göstərilən təzyiqlər necə puça çıxdısa, Cənub Qaz Dəhlizi kimi layihə də bu gün bütün xarici təzyiqlərə rəğmən gerçəkləşməkdədir.

Dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan bu gün bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan istənilən təzyiqlər qarşısında məhz bunlara görə inamla, qürurla dayanır. Təbii ki, bu gün Azərbaycanın dünyaya inteqrasiyası, xüsusilə Avropa ilə əməkdaşlığı hansısa bir mərhələdə bitən proses deyil, davamlıdır. Bu proses başlanan andan ta  bu günə qədər atiılan addımlar heç də asan başa gəlməyib. Azərbaycan müstəqil olmasına rəğmən müxtəlif istiqamətlərdən təzyiqlər görüb, hər dəfə də bu təzyiqlərdən alnıaçıq çıxıb. Ən əsası dövlətimiz Qərb-Rusiya tərəzisində balansı qorumağa da nail olub. Axı bu, müasir inkişafın, yeni qlobal münasibətlərin tələbidir. 

Şimali Atlantika Alyansı ilə Rusiya arasında son 5 ildə 4 dəfə beynəlxalq məsələlərə dair görüşlər də Bakıda keçirilib. Əslində, bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenə görüşməsi həm də Azərbaycana verilən dəyər və onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir. Heç şübhəsiz, bu görüşlərin yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Birincisi odur ki, Prezident İlham Əliyevin balanslı xarici siyasəti iki fövqəlgücün ölkəmizə qarşı münasibətinin müsbət göstəricisidir. Təbii ki, tərəflər də bu münasibətə görə Azərbaycan paytaxtını münasib biliblər.

Bu gün Azərbaycanda başqa dövlətin hərbi kontingenti yoxdur. Bu baxımdan ölkəmiz neytrallığını qoruyub. Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya üzv deyil və Alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir.

Əlbəttə, Bakının dəfələrlə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəblərindən biri də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat layihələri ilə bağlıdır. Bu, onun beynəlxalq aləmdə statusunu və mövqeyini daha da möhkəmləndirib. Heç şübhəsiz, Bakının belə mühüm görüşlərə ev sahibliyi etməsi həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasətin nəticəsi, onun şəxsi nüfuzu, dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.

Nəhayət, görüşlər üçün Bakının seçilməsi deməyə əsas verir ki, beynəlxalq hərbi birliklərə üzv olmasa da  Azərbaycan ABŞ, Avropa İttifaqı və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir və onların hörmət bəslədiyi dövlətdir. Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir. Ümümiyyətlə Bakıda keçirilən bir çox hərbi, siyasi  görüşlər, o cümlədən ölkəmizin həm Qərblə, həm də Rusiya ilə normal əməkdaşlığının mövcudluğu beynəlxalq münasibətlərin tənzimlənməsinə çox dəyərli töhfədir. Bir sözlə, bu gün  Azərbaycan bir sabit dövlət kimi beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkanıdır.

Elçin Zaman, “İki sahil”