14 may 2019 10:30
94

Ölkəmizin beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən əsassız iddialar iflasa uğrayacaq

Son zamanlar Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, nüfuzlu idman yarışlarına, festivallara, qlobal forumlara, konfranslara yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizə göstərilən yüksək etimaddan irəli gələn addımdır. Sözsüz ki, bu da Azərbaycanın qazandığı uğurların, ölkəmizin dünyadakı çəkisinin, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar qarşısında nüfuzunun göstəricisidir. Eyni zamanda, belə tədbirlər Azərbaycan dövlətinə və xalqına da mühüm dividentlər gətirir. Ölkəmizin ev sahibliyi etməyə hazırlaşdığı növbəti mötəbər tədbir mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final matçıdır.

Təəssüf ki, Böyük Britaniya XİN-i də daxil olmaqla bir sıra instansiyalar qarşıdakı mühüm hadisə ilə bağlı idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mötəbər idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Amma hər kəs çox yaxşı bilir ki, anti-Azərbaycan dairələrin irəli sürdüyü iddialar tamamilə əsassızdır.

Ekspert Elşad Mirbəşiroğlu məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, mayın 29-da UEFA Avropa Liqasının final matçına Azərbaycanın ev sahibliyi etməsi müəyyən dairələrdə ciddi qısqanclıq yaradıb: “Bunun da nəticəsində obyektivliyi əks etdirməyən iddialar irəli sürür. Lakin o qüvvələrə bizim verəcəyimiz tutarlı cavab da vardır. Bildiyimiz kimi, Azərbaycan 2012-ci ildə “Eurovision” mahnı yarışmasına çox uğurla ev sahibliyi etdi. Bundan başqa, 2015-ci ildə ilk dəfə olaraq I Avropa Oyunları məhz Azərbaycanda keçirildi. Həmçinin IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi qlobal idman tədbirlərini də yüksək səviyyədə təşkil edən Azərbaycanda bu yarışlar çox yüksək səviyyədə təhlükəsizlik şəraitində keçirildi. Bütün bunları diqqətdən kənarda qoyaraq UEFA Avropa Liqasının final matçının Azərbaycanda keçirilməsinin təhlükəliliyi və yaxud da ki, digər məqamlarla bağlı əsassız iddiaların ortaya qoyulması təbii ki, bir daha ondan xəbər verir ki, müəyyən dairələr ölkəmizin uğurları var ki, həzm edə bilmirlər”.

E. Mirbəşiroğlu, həmçinin onu da qeyd etdi ki, Böyük Britaniya XİN ölkəmizlə bağlı bu cür bəyanatı tamamilə əsassızdır: “Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Azərbaycanda təhlükəsizlik mühiti dünya ölkələri üçün örnəkdir. Azərbaycanı bu gün təhlükəsizlik adası adlandırırlar. Avropanın özündə təhlükəsizlik səviyyəsinin ölkəmizdə mövcud olan təhlükəsizlik səviyyəsinə çatmasına hələ çox var. Aviareyslərin tariflərinə gəldikdə isə Azərbaycan beynəlxalq tariflərdən aşağı tariflər təklif edir. “Arsenal” komandasının tərkibində erməni oyunçunun təhlükəsizlik məsələsi ilə bağlı narahatçılığın da heç bir əsası yoxdur. Unutmaq lazım deyil ki, Azərbaycanda dəfələrlə erməni əsilli idmançılar çıxış ediblər. Tolerantlıq, multikulturalizm dəyərlərini unudanlar düşünə bilərlər ki, erməni idmançını Azərbaycanda hansısa bir təhlükə gözləyə bilər. Təbii ki, bütün bunlar bir daha göstərir ki, Azərbaycanla bağlı səsləndirilən iradlar, iddialar tamamilə əsassızdır. Bu iddiaların bəzisinin kökündə qısqanclığın dayandığı göz önündədir. Sözsüz ki, bu cür iradlar Azərbaycanı mövqeyindən çəkindirmir, ruhdan salmır, əksinə, ölkəmizi gücləndirir və  daha da yüksək inkişaf səviyyəsinə çatmağa sövq edir. Onu da qeyd edək ki, ölkəmizin beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən əsassız iddialar iflasa uğrayacaq və hər dəfə olduğu kimi, bu idman tədbiri də ən yüksək səviyyədə təşkil ediləcək, dünya  nümunəvi final təşkilatçılığının şahidi olacaq”.

Mənsumə Babayeva, “İki sahil”