13 noyabr 2019 19:50
911

Ölkəmizin ərazi bütövlüyünün müzakirə predmeti olmasına heç vaxt imkan verilməyəcək

Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və səfər çərçivəsində ikitərəfli əlaqələrin mövcud durumu və perspektivləri, regional təhlükəsizlik, habelə Dağlıq Qarabağ mövzusu ətrafında bir sıra müzakirələr aparılıb. Rusiya xarici işlər nazirinin səfərin ikinci günü İrəvanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinin çox qəliz olduğunu və Dağlıq Qarabağ “xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirib. Səfərdən öncə isə o, erməni KİV-i olan “Mediamax”a müsahibəsində bölgənin yekun statusunun öz müqəddəratını təyinetmə hüququ əsasında gerçəkləşə biləcəyini iddia etmişdi.

Bununla da S.Lavrov faktiki erməni işğalına dəstək ifadə etmişdi. Çünki erməni xalqı çoxdan öz müqəddəratını təyin edib - Ermənistan “dövləti” şəklində. Hərçənd İrəvanda Lavrov konfliktin həll prinsipləri sırasında ərazi bütövlüyünü də qeyd edib və yekun qərarı Bakı və İrəvanın verməli olduğunu deyib.

Göründüyü kimi, Bakı bu qərarı çoxdan verib. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn təməl prinsipləri, öncəliklə ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət əsasında nizamlanmalıdır və Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin yaradılmasına və ya ölkəmizin ərazi bütövlüyünün müzakirə predmeti olmasına heç vaxt imkan verilməyəcək. Bu mesajı bir daha, son olaraq Prezident İlham Əliyev Soçidə elə Sergey Lavrovun özünün və Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı “Valday” forumunda açıq şəkildə bəyan edib: “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!”

Sözügedən məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, buna əsas səbəb olan amillərdən biri Azərbaycanın Avropa Birliyi ilə Assosiativ saziş imzalamağa hazırlaşması ilə əlaqədar ola bilər: “Rusiya bildiyimiz kimi, keçmiş Sovet respublikalarının Qərbə inteqrasiyasına mənfi münasibət bəsləyir. Son zamanlarda Ukraynanın NATO-ya üzvlüyü məsələsinin aktuallaşması fonunda, Rusiya bu cür destruktiv bəyanatlar verərək Qafqazda ikinci cəbhə açmaq, lazım gələrsə tərəflərin hərbi əməliyyatlara başlamasına dəstək mesajı verə bilər. Lavrovun bəyanatı faktiki olaraq status-kvonun pozulmasına, qoşunların təmas xəttində atəşkəsin hərbi əməliyyatlar mərhələsinə keçməsinə qədər gedib çıxa bilər. Rusiyanın bu demarşları Azərbaycanla Avropa arasında Assosiativ saziş və Ukraynanın NATO üzvlüyü ilə bağlı Qərbə ünvanlanmış addımlardır. Rusiya Qərbə hər an status-kvonu pozmaq mesajı göndərir. Bununla da Ukraynanın və Gürcüstanın NATO üzvlüyü planı pozula, Qərbin diqqəti Cənubi Qafqaz bölgəsinə yönələ bilər”.

Politoloq onu da qeyd etdi ki, daima beynəlxalq hüquqa istinad edən Rusiya birdən-birə vasitəçilik missiyasının prinsiplərinə tamamilə zidd olaraq bu cür bəyanatlar verirsə, onu buna təhrik edən müəyyən səbəblər var: “Görünür Rusiyanın indiki məqamda Azərbaycandan müəyyən gözləntiləri və tələbləri var və hansısa prinsipial məsələlər ətrafında güzəştlər qoparmağa çalışır. Dağlıq Qarabağ məsələsində Ermənistanı dəstəkləmə görüntüsü yaradaraq Azərbaycana təzyiqini artırır və Lavrov belə demarşlara gedir. Lavrovun bu bəyanatı ilə Paşinyanın Paris səfəri və orada Rusiyaya yönəlik reveranslar etməsi arasında hər hansı əlaqə mövcuddur. Bunlar onu deməyə əsas verir ki, Rusiya, Fransa və Ermənistan müəyyən razılığa gəlmiş ola bilər. İstisna etmək olmaz ki, ABŞ-ın Qarabağ planı Ermənistanı, erməni diasporasını qane etməyib və Paşinyan digər həmsədrlər - Rusiya və Fransaya üz tutub. Hər halda Azərbaycanın daxili və xarici siyasətində müəyyən addımlar, ilk növbədə müstəqillik Rusiyada müəyyən dairələri narahat etməsi və Lavrovun dili ilə ölkəmizə xəbərdarlıq ehtimalı istisna olunmur”.

Mənsumə Babayeva, “İki sahil”