29 yanvar 2019 17:25
252

Ölünü qoyub, diriyə «ağlayan» Avropa Parlamenti

Azərbaycana qarşı qərəzli  bəyanatlar qəbul olunanda, «qoca qitə»də ölkəmiz əleyhinə  aksiyalar keçirib, təxribatlar hazırlananda rəhmətlik müəllimimiz, millətini sevən Bəxtiyar Vahabzadənin bu sözlərini xatırlayıram. «Azərbaycana qarşı  xristianların «səlib yürüşü»nün davası deyil, din davasıdır.»  Sovet ideologiyasının buxovlarının  məngənəsində sıxıldığımız, nəfəsimizin kəsildiyi, «dinindən, dilindən asılı olmayaraq beynəlxalq ailənin üzvü kimi yaşadığımız» bir zamanda bu sözün mənasını tam dərinliyinə  qədər  başa düşmürdük.  Çünki müğənnilərimiz də  oxuyurdular ki, «Kür, Araz, Ararat, gözəldir bu həyat. Qardaş olub  Hayastan, Azərbaycan.» Heç onda da  başa düşmürdük ki, İrəvan olan yerdə bu «Hayastan» nə deməkdir?  Dağlıq Qarabağ məsələsində  «miatsum» xəstəliyinə tutulan, öləndə də bu kəlməni  deyən  gorbagor erməni harsınının millətçiliyini görəndə   daşnakların «böyük Ermənistan» xəyallarının qaynaqlandığı  «miatsum»un ağrı- acısını  gördük, həm də yaşadıq. Maraqlıdır ki, «can deyib, can eşitdiyimiz böyük ailədə»  respublikaları  birləşdirən imperiyanın başbilənləri də  soruşmadılar ki, İrəvan olmasın, lap  Ermənistan, (Armeniya) olsun. Axı sizin respublikanızın adı var. Bu, «Hayastan» haradan  zühur etdi.

Demək o illərdə də  Kremldə çoxluq təşkil edən ermənilər və ermənipərəstlər  Qarabağ planını hazırlayarkən bizə beynəlmiləlçilik dərsi keçirmişlər. İndi, bu Avropa Parlamentinin üzdəniraq parlamentariləri də  imperiyanın illərdən bəri  sadiq qaldığı  siyasəti yeridir. Yəni dini, dinindən olan ermənilərin sözünü deyir. Xaçı xaçından olan  daşnakların başına əl çəkir.

17 yanvarda,  Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etdiyi gün İrəvanın «Nubaraşen həbsxanasında» 5 dekabr 2018-ci ildə  aclıq elan edən  jurnalist, «haynews.am» saytının rəhbəri, «Erməni qartalları: «Vahid Ermənistan Partiyası»nın sədr müavini, Paşinyanın «küçə şouları»na  dəstək  verməyən Mqer Yegiazaryan səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürülmüşdü. Siyasi mövqeyinə görə Ermənistanın baş naziri  Nikol Paşinyanın göstərişi əsasında «dələduzluq» ittihamı ilə həbs  edilən jurnalist aclıq aksiyasını 44 gün davam etdirdi. Yəni  Paşinyan tərəfindən siyasi baxışına  görə  cəzalandırılan,   etdiyi müraciətlərə məhəl qoyulmayan  Mqerin   hüquqları  pozuldu və öldü. 

Bu hadisə həmin vaxta təsadüf edirdi ki,  Mqerin  ölüsünə ağlamayan Avropa Parlamenti  heç aclıq aksiyası  keçirməyən Mehman Hüseynovun diriliyinə «yas tuturdu.» Vay-şivən qoparırdı ki, qoymayın, Mehman ölümə məhkum  olunub  Azərbaycanda demokratiya pozulub,  insan hüquqları qorunmur. Yəni, ölən Mqer olsa da AP-də müzakirəyə çıxarılan «Mehman Hüseynov məsələsi» oldu.   

Əvvəllər olduğu kimi avropalı parlamentarilər yenə də   Ermənistan hakimiyyətinə güldən ağır söz demədilər.  «Mart hadisələri» ilə ittiham edilən,  prezident seçkilərində aksiya iştirakçılarını gülləbaran edən  sabiq prezident  Robert Koçaryanı həbs edən  Nikol Paşinyanın əməllərini «görməyən» erməniləşmiş avropalılar baş nazirin başına tumar çəkdilər.

Əslində Mehman Hüseynov  məsələsi qitə ölkələrində məskunlaşan milli xəyanətkarlar, Azərbaycanın  daxili  düşmənləri tərəfindən  süni olaraq ortaya atılan bəhanə idi. Çünki  bloqqerin  ailə üzvləri, həbsdə ona   baş çəkən hüquq müdafiəçiləri də təsdiqlədilər ki,  Mehman aclıq keçirməyib və  səhhətində heç bir problem yoxdur. Mehmanın  saytlarda yerləşdirilən  idmançıya məxsus görkəmi də  onun aclıq keçirmədiyini təsdiqləyirdi.  

Mehman Hüseynovun  müraciətinin  araşdırılması üçün aidiyyəti orqanlara  tapşırıq verən, ölkəmizdə demokratiyanın inkişafı üçün ciddi islahatlar aparan, insanların azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas amili kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin humanizmi və xeyirxahlığı nəticəsində məsələ  müsbət  həll olundu.

Ermənistanda isə siyasi  mövqeyinin qurbanı olan, hakimiyyətə qarşı  müxalif mövqedə dayanan  siyasi məhbusun,  jurnalistin ölümü təbii qəbul edildi. «Jurnalistin ölümü hakimiyyətin siyasi qətlidir» söyləyən  erməni şərhçi Qarnika Qevorqyanın da  səsi Avropa Parlamentinə «çatmadı.»

Milyondan artıq azərbaycanlı qaçqın və köçkünün  Ermənistan tərəfindən pozulan hüquqlarını din qardaşlarının konyakları ilə pərdələyən,  « sərxoş olub, başını itirən», «xristian həmrəyliyini» Eçmiədzin kilsəsi, erməni lobbisi  tərəfindən yığılan pullar hesabına təsdiqləyən  parlamentarilər növbəti dəfə kar, kor olduqlarını qərəzli  qətnaməni qəbul etməklə təsdiqlədilər.

  Eyni ərazidə yerləşən  respublikalarda baş verən hadisələri fərqli  baxışdan dəyərləndirən  AP-nin gözlərinin qabağında, Fransada baş verən  hadisələri də «görməməsi» bu təşkilatın bivec üzvlərdən ibarət formalaşdığını göstərir. Bu kimi  antidemokratik mövqeyin nəticəsidir ki,  Böyük Britaniyanın ardınca Almaniya, Fransa kimi   dövlətlər də Avropa təşkilatlarında  təmsil olunmaq istəmirlər. Dünya siyasətini çək- çevir, ələk-fələk  edən  ikili standartların söz sahibi olduğu, beynəlxalq hüqüqu  arxa plana  dirədiyi,   bütün dövlətləri biri-birinə vurduğu bir zamanda  münaqişələrin həlli ilə məşğul olmaq əvəzinə  kimlərinsə maraqlarını müdafiə edərək vəziyyəti daha da gərginləşdirən  avropalı  «demokratların»   hadisələrə  ədalətli  dəyər vermək  missiyası əslində antidemokratik  meyarları əks etdirir. Qitə  dövlətlərində məskunlaşan mühacirlərlə qeyri-insani  rəftar edənlərə, terrorçulara dəstək  göstərilir.   Yəni,  Avropa Parlamentinin iç üzü budur.

Avropa Parlamenti kimi  ermənipərəst  qurumların qərəzli  qətnamənin  heç bir əsasının olmadığını bildirən  Prezident İlham Əliyevin  qətiyyətli sözləri həqiqəti əks etdirir: «Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! «Müsəlmanlara stop» deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.»

Buna baxmayaraq qarşılıqlı tərəfdaşlığa,  hörmət və ehtirama sadiq qalan Azərbaycan  Avropa İttifaqına üzv dövlətlərlə  strateji tərəfdaşdır.  Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti  ölkəmizə  qarşı ədalətsizlikləri, ikili standartları etiraf edirlər.

Amma  əməkdaşlıqla   inteqrasiyanı, təsir və təzyiqi  qarışdıranlar əməllərinə  beynəlxalq hüquq normaları əsasında  yanaşıb, vicdanlarının səsinə qulaq asaraq bəyanatlara imza atsalar onda qazanan əsl demokratiya olar.  «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.» Bu sözlər də  Prezident İlham Əliyevin ikili standartlardan yararlananları ədalətə çağırışıdır

Xuraman İsmayılqızı, «İki sahil»