12 sentyabr 2019 11:15
120

Ön xətdən reportaj Ruhumuzun fəsli

Yayın hökmü azalıb...

Payızın ilk ayıdır...

Ötənlərdə  payızda əsən yellər görmüşük, ətrini itirməyən gözəl güllər görmüşük, yaylağından aranına dönən ellər gönmüşük, ağacların budağından düşən yarpaq görmüşük, rənginə bir qızartı çökən torpaq görmüşük, hamımızın  əvəzi dinən bulaq görmüşük...

Payızın ilk ayıdır...

Hələ budağından üzülən yarpaq görməmişik, hələ çiçəklərin ətiri, rayihəsi özündədir. Bir qələbə istəyiylə məmləkətin gözü Cıdır düzündədir...

Bu ilin payızının ilk ayı əvvəlkilərə bənzəmir. Bu ilin payızının gəlişində qələbə ovqatı duyulur. Səngərli düşüncələrimin birində demişdim ki, Azərbaycan əsgərinin qələbə qazanacağı fəsilə ruhumuzun fəsili deyəcəyik; elə istərdik ki, bu ilin payızını ruhumuzun fəsili kimi uğurlayaq...

Ön xətdə bunlar haqqında söhbətləşmişdik. “Bu ilin payızının gəlişində bir şahanəlik duyulur...”, - demişdim. Əsgərlər göy üzünə, sonra tələsik qarşı tərəfə baxmışdılar. Zabit əsgərlərə xitabən demişdi.

Şahanəliyi təkcə gözçəkən mənzərələrlə müəyyənləşdirmək günahdı. Şahanəlik ruhla bağlıdı və hiss etdiyiniz, hiss etdiyimiz şahanəlik ruhumuza gözaydınlığı olacaq - bu ilin payızı qələbə payızı, qələbənin, Böyük Qələbənin payızı olacaq.

Kəlmələr səngərdə arzulanan bir könül xoşluğu yaratmışdı. Bura gələli niyyətimin, istəyimin boyuna biçilən könül xoşluğu səngərdə duruş tapmamışdı - könlümdəydi, düşüncələrimdəydi, mənimlə şəhərə dönürdü ki, az sonra hamının olsun, məmləkət bu ilin payızının şahanə gəlişinin yaratdığı könül xoşluğunu Böyük Qələbənin  novruzgülü bilsin...

Səngərdə müharibədən, müharibənin fəsadlarından söz açmışdıq, qələbədən qələbəni şərtləndirən amillərdən danışmışdıq və bu amillə bağlı deyilənlər bir-birini tamamlamışdı: ordunun gücü, qüdrəti. 2016-cı ilin aprel döyüşləri, Lələtəpə, Bayraqtəpə,  Günnüt zəfərləri təsdiqlədi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi kimi, “Azərbaycan güclü dövlətdir  və onun güclü ordusu vardır”. Güclü ordumuzun şəxsi heyətinin döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır; Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətin ifadəsidi. Bu ilin payızının qəlişi ərəfəsində bu biçim döyüş əzmi Ali Baş Komandanın döyüş əmrinə təşnəlikdi, bu qələbə ruhu torpaqlarımızın işğaldan azad ediləcəyinə içilən anddı, vəddi, qələbəyə zəmanətdi. Bu əzm, bu ruh Lələtəpə, Byraqtəpə, Günnüt zəfərləri ərəfəsində Azərbaycan əsgərinin yaşadığı, məmləkəti yaşatdığı döyüş əzminin, qələbə ruhunun davamıdı. Ona görə belə möhtəşəmləşib. Bu möhtəşəmliyi Vətənə sevgi, hərbçi məsuliyyəti, hərbçi-vətəndaş qətiyyəti yaradılıb. Bir az əvvəl səngərdə bu dönməz qətiyyətin könüləyatımlı cazibəsində Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad ediləcəyindən danışmışdıq. Sözarası 1993-cü ilin dekabırında Murovdağda mayor Qurban Qurbanovla, mayor Bəhram Ləzimovla, mayor İntiqam Mirzəyevlə çox mətləblər - bu dağın o üzündən, uzaq düşmələrinin sıxıntılarından danışmışdıq. 26 il əvvəlin bir qış gecəsinin kəlmələşməsi, bu kəlmələşmənin mahiyyəti əsgərləri duyğulandırmışdı. O gecə Qurban demişdi ki, qələbə gününə kimi bu sıxıntı Kəlbəcərli qaçqınlar kimi biz hərbiçilərin də sıxıntısı olacaq. Əslində, Laçının işğalı laçınlılardan, Kəlbəcərin işğalı kəlbəcərlilərdən, Ağdamın işğalı ağdamlılardan əvvəl bizim, biz hərbiçilərin sıxıntısıdı. Qurbanın dedikləri əsgərləri duyğulandırmışdı. Əsgərin dediklərini Azərbaycan əsgərinin düşüncəsi kimi ruhumuza köçürürük.

O Murovda mayorun dedikləri hamımızı düşündürəcək. Mayorun dedikləri hərbi xidmətə məsuliyyətidi, dövlətə, dövlətçiliyə sədaqətin təzahürüdü. Biz əsgərik, əmrləri məsuliyyətlə yerinə yetirəcəyik. Biz də qaçqınları sıxıntılardan qurtaracaq döyüşlərin, torpaqlarımızın işğaldan azad edəcək döyüşçülərin əsgəri olmaq istəyirik:

Əsgər Sahib Əhmədov əsgər yoldaşının sözünü ərklə kəsir:

Gecələri bu istəklə səhər edirik desək, daha doğru olar.

Əsgər Şahin Qasımov əsgər yoldaşlarının fikirlərini həmişə qürurla xatırlayacağım bir mətləblə yekunlaşdırır:

Sahibin də, Şahinin də dediklərini hər birimizin dedikləri bilin. Biz 2016-cı ilin aprel döyüşlərində orta məktəbdə oxuyurduq. O böyük qələbələrin sevincini yeniyetmə kimi yaşamışdıq. Qürururmuz yerə-göyə sığmamışdı. Həmin döyüşlərin iştirakçılarının hər birini qəhrəman bilirdik, indi də o fikirdəyik ki, aprel döyüşlərində hər bir əsgərimiz qəhrəman kimi döyüşüb.

Şahin bir anlığa susur, nələrisə xatırlayır və qətiyyətlə, inamla sözünə davam edir:

İstəyirik ki, yeniyetmələr tanımadıqları, tanıyacaqları əsgərlər sırasında bizi də xatırlasınlar...

Duru niyyətdi. Vətənə gərəkli niyyətdi, vətənsevərlik niyyətidi, sabahlarımıza ad olası niyyətdi. Zabit indi görürmüş kimi əsgərlərə baxır. Bu gözdoyduran baxışlarda təəssübkeşlik var, ehtiram var, sevgi var. Bu baxışların eynini 2016-cı ilin ilkin yazında - döyüşlər ərəfəsində Cocuq Mərcanlıda da gördüyümü deyirəm. Zabit gülümsünür. Bu təbəssümün səmimiliyi də mənə eşitdiklərim qədər könül xoşluğu verir. Zabitin həmin döyüşləri xatırladığına əminəm. Xatırlayır və özünün o zabitlərlə, əsgərlərin o əsgərlərlə müqaisə edilməsi onu bayaqki səviyyədə qürurlandırır:

Zabitlər də, əsgərlər də hərbi anda, dövlətə sədaqətlə xidmət edir. Belə məsuliyyətli xidmətin nəticəsidir ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü təsdiqlədi. Ali Baş Komandanımızın əmriylə başlayacaq döyüşlər o döyüşlərdə, qazanılacaq qələbə Lələtəpənin, Bayraqtəpənin, Günnütün davamı olacaq.

Zabitin gözdolusu baxışları yenidən əsgərlərə yönəlir:

Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının zəmanətilə deyirəm ki, biz Böyük Qələbəylə nəticələnəcək döyüşlərə tam hazırıq. Çox istərdik ki, döyüş əmri bu payız, elə bu günlərdə verilsin.

Bu ilin payızının qələbə ovqatlı gəlişini ön xətdə yerləşən “N” saylı hərbi hissəsinin zabit və əsgərləri də duyur. Bu duyum döyüş əzmindən, qələbə ruhundan süzülən duyumdu. Ona görə belə ötkəmdi.

Əsgər Cəmaləddin Qurbanov deyir ki, biz 2016-cı ilin aprelində Lələtəpə, Bayraqtəpə zəfərlərini qazananların davamçıları olacağıq. Bu əminliyi əsgər yoldaşlarının döyüş və mənəvi-psixoloji hazırlığına bələdliyinin, inamının əminliyi bilirlər.

Əsgər Sahib Əhmədov Şərifin fikrinin davamı kimi deyir:

Bu əminlik həm də istifadəmizdə olan ən müasir silahların istismarını mükəmməl mənimsəməyimizdə inamın əminliyidir...

Günəş qüruba meyillənib...

... Payızın ilk ayında ön xətdə əsgərlərlə bu səmimi müklimələşmənin məzmunu mahiyyəti təsdiqləyir ki, hərbi qulluqçular hərbi anda Vətənə, dövlətə, dövlətçiliyə xidməti ömrünün mənası bilib xidmət edir. Payızın şahanə gəlişində qələbə ovqatı var. İstəyirik ki, builki payız ruhumuzun fəsli olsun.

Rəşid Faxralı