26 avqust 2019 09:10
1351

Onun böyük ürəyi

Mehriban xanım Əliyevanın doğum gününə

Təqvimin 26 avqust günü təkcə Mehriban xanımın özü və doğmaları üçün deyil, onu tanıyanların, bu görkəmli dövlət xadiminin fəaliyyətini izləyənlərin hamısı üçün, o cümlədən mənim üçün əlamətdar bir gündür.

Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı elçisi kimi onun gördüyü işlər o qədər çoxcəhətli, o qədər dəyərli və əhəmiyyətlidir ki, onları göz önünə gətirəndə qəlbən sevinir, Vətənə və xalqa böyük məhəbbət və xidmətin parlaq nümunəsi ilə fəxr edirsən.

Hər il Mehriban xanımın doğum günündə mən 1994-cü ildə Amerikanın Hyuston şəhərində bu günü möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə necə qeyd etdiyimizi xatırlayıram. O vaxt Amerikada biz Qərbin iri neft şirkətləri ilə sonralar  “Əsrin müqaviləsi” kimi böyük şöhrət tapmış məşhur Sazişlə nəticələnən gərgin danışıqlar aparırdıq və həmin o xudmani məclisdə Azərbaycanın gələcəyi ilə bağlı arzularımızı səsləndirirdik. Bu, böyük xoşbəxtlikdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində arzularımız çin olub, müstəqil Azərbaycan çiçəklənən diyara çevrilib.

Bu il mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə ölkəmizin Prezidenti  mənə Heydər Əliyev Mükafatını təqdim edərkən və mən bu yüksək mükafat üçün ona minnətdarlığımı bildirərkən 25 il bundan  qabaq Hyustonda keçən həmin günləri də xatırladım. Dedim ki, “Mən burada Birinci vitse-prezident Mehriban xanım haqqında da bir-iki kəlmə söz demək istəyirəm. Biz 1994-cü ildə Hyustonda olanda Mehriban xanım da bizimlə idi. Bizə həmişə öz  məsləhətlərini verirdi, bunu belə edin,  buna belə baxın. Ən vacibi isə o idi ki, biz gedəndə arxamızca su atırdı ki, işimiz uğurlu olsun”.

Mən artıq 67 ildir neft sənayesində çalışıram. Azərbaycanın inkişafı Heydər Əliyevlə başladı, indi bu işi İlham Əliyev davam etdirir. Mehriban xanım Azərbaycanın adını dünyanın çox ölkələrində yüksəklərə qaldırıb.

Öz xanım-xatınlığı, nəcib və xeyirxah təşəbbüsləri və çoxillik səmərəli fəaliyyəti ilə Mehriban xanım respublikamızda və yaxın-uzaq ölkələrdə milyon-milyon insanın dərin rəğbətini qazanıb. Respublikamızda o, sosial həyatın, mədəniyyət, incəsənət və idmanın inkişafı, uşaq və gənclərin təlim-tərbiyəsinin təkmilləşdirilməsi işinə böyük əmək sərf edir. Son illərdə ölkəmizdə keçirilmiş böyük beynəlxalq siyasi, elmi və mədəni tədbirlər, incəsənət və idman bayramları Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılıq məharətini parlaq şəkildə nümayiş etdirib, respublikamızda və xaricdə ona  böyük şöhrət və rəğbət qazandırıb.

O, “Avroviziya - 2012” beynəlxalq musiqi müsabiqəsi, “Bakı-2015”           I Avropa Oyunları təşkilat komitələrinin sədri, Bakıda keçirilən bir sıra digər böyük tədbirlərin ideya rəhbəri kimi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi işinə layiqli töhfələr verib. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsində Mehriban xanımım xidməti ölkəmizin ali mükafatı – “Heydər Əliyev” ordeni ilə qeyd olunub.

Dünyada Mehriban Əliyevanı doğma xalqının həyatında, taleyində və ürəyində xüsusi yeri olan müdrik, xeyirxah, humanist bir Azərbaycan xanımı kimi tanıyırlar. Milli  və ümumbəşəri dəyərlərin zənginləşdirilməsi, mərhəmət hissinin dünyanın hər yerində insanların mənəvi tələbatına çevrilməsi işinə onun verdiyi töhfələr  Rusiyanın “Dostluq”, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransanın “Şərəf Legionu”, Pakistanın “Hilale Pakistan”, İtaliyanın “Xidmətlərə görə “ Böyük Xaç Kavaleri, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı ordenləri, bir sıra digər dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların mükafatları ilə qeyd edilib.

Mehriban xanımın böyük ürəyi ölkəmizin və dünyanın heç bir probleminə laqeyd qalmır. Onun ürəyi daim böyük mərhəmət hissi, yaxşılıq duyğusu və insanları həmişə xoşbəxt görmək arzusu ilə döyünür.

Azərbaycan neftçiləri Mehriban xanıma və ailəsinə möhkəm cansağlığı, uzun ömür, xalqımız və ölkəmiz üçün çox gərəkli fəaliyyətində yeni-yeni nailiyyətlər, daha nurlu günlər arzulayırlar.

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki