Bu gün sosial şəbəkələrin xəbər mənbəyi olaraq önə çıxması, informasiya mübadiləsində vacib rol oynadığı danılmaz faktdır. Sosial medianın aktuallığı isə həm ənənəvi, həm yeni mediaya olan tələbata əhəmiyyətli dərəcədə təsir etdi. Yeni media dedikdə nəzərdə tutulan isə onlayn şəkildə fəaliyyət göstərən xəbər saytları və portallarıdır. Bir zamanlar yeni media növlərinin yaşadığı məşhurluq statusunu hazırda daim dəyişən, artan və inkişaf edən sosial şəbəkə növləri alır.
Sosial şəbəkələr insanların ünsiyyət qurması, virtual olaraq müzakirə, rəy mübadiləsi etmək üçün fəaliyyətdə olan onlayn sferadır. Burada hər hansı bir siyasi, ictimai, sosial yönümlü məlumatlar haqqında insanlar öz müstəqil fikirlərini bölüşə bilərlər. Amma sosial şəbəkənin birbaşa xəbərin qaynağı olması isə heç bir halda doğru deyildir.
Sosial şəbəkələrin medianın, xüsusilə də ənənəvi medianın fəaliyyətinə kölgə salmasının başlıca səbəbi isə operativlik, xəbərin elektron formada təqdimatı, həmçinin əlçatan və rahat başa gəlməsi, elə o cür də yayımlanmasıdır. Sosial şəbəkələr hər saniyə xəbər ötürür, informasiya mübadiləsi, axını zamanı yaranan zaman məsafəsi çox qısa olur. Bütün bu xüsusiyyətlər isə sosial şəbəkəyə oxucu tələbatını, müraciət sayını artırır. Bundan başqa isə insanlar aldıqları xəbərə münasibət bildirirlər, həmin hadisə fonunda ictimaiyyətin rəyini də öyrənirlər. Beləliklə, sosial şəbəkələr vasitəsilə gündəm haqqında yaranan ictimai rəylər açıq-aşkar hər kəsə bəlli olur. Sosial şəbəkələr oxucusuna istənilən mənada azadlıq verir. Bu da sosial mediaya olan marağı daha da artırır. Müasir dövrün tələblərinə, prinsiplərinə sosial şəbəkə növləri tam şəkildə cavab verir. Modern funksiyalara, üstünlüklərə, əyləncəli xüsusiyyətlərə, geniş imkanlara, multimedia xüsusiyyətlərinə sahib olması, daim yenilənməsi, dəyişməsi sosial şəbəkələri “məşhurluq” baxımından önə çıxarır.
Qeyd edək ki, kütləvi informasiya vasitələrinin hər bir növündə qorunan, diqqət və nəzarət edilən jurnalistikanın prinsip və funksiyalarına, peşə etikası, əxlaq normaları, keyfiyyət, doğruluq və dəqiqlik prinsipi sosial şəbəkə üzərindən yayımlanan xəbərlərdə də qorunub saxlanılırmı? Təbii ki, xeyir. Sosial şəbəkə vasitəsilə hər bir hadisədən ilk məlumatlı olmaq olar. Amma, əsas məqam budur ki, oxunulan xəbər necə yazılıb? Dəqiq, obyektiv, qərəzsizdirmi? Bu suallara isə “bəli” cavabı verilə bilməz. Sosial şəbəkə hesabı müstəqil və müxtəlif şəxslər tərəfindən idarə olunan şəxsi hesablardır. Burada jurnalistikanın bütün funksiya və prinsiplərinə əməl olunacağına, peşə etikasının, əxlaq normalarının gözlənəcəyinə də heç kəs zəmanət vermir. Medianın fəaliyyət göstərən istənilən növü yaydığı xəbərə görə konkret məsuliyyət daşıyan bir orqandır. Sosial şəbəkələrdə isə məsuliyyət və cavabdehlik kəlmələrinin heç baş hərflərindən belə söhbət gedə bilməz. Bu baxımdan da, sosial şəbəkələr və onun formaları xəbər əldə etmək üçün, qaynaq, mənbə olmaq üçün etibarlı, doğru və münasib platforma deyil.
Sosial şəbəkələr “operativ” olsun deyə çox zaman ələkdən keçirmədən, təhlil etmədən, araşdırmadan informasiyanı yayımlayır. Heç bir məsuliyyət daşımadığı üçün də konkret şəkildə desək, azadlığı sərbəstliyə qurban verərək fəaliyyət göstərirlər. Sırf sosial şəbəkə üzərindən yayımlanan, qeyri-dəqiq, həqiqəti əks etdirməyən, yarımçıq, ya da kifayət qədər mübaliğə ilə “zəngin” yalan-yanlış məlumatlar yayımlayırlar. Nəticədə isə həm özləri aldanır, həm də ictimaiyyəti aldadırlar.
Jurnalistikanın müxtəlif janrları var. Sosial şəbəkə fəaliyyətində xəbərləmə janrı ilə uyğunlaşsa da, publisistika, araşdırma, analitika və s. üçün məqbul mühit sayıla bilməz. İnformasiyanın alınması, ötürülməsi, yayımlanması üçün bizim mətbuatımız, onlayn şəkildə fəaliyyət göstərən xəbər saytları var. Bütün bunları bir kənara qoyub sırf sosial şəbəkə üzərindən xəbər almaq, onu “əvəzolunmaz” xəbər qaynağı hesab etmək məqbul deyildir. Sosial şəbəkələr faydalıdır, amma jurnalistika sahəsinə daxil olmağa çalışmamalıdır. Əyləncə, ünsiyyət funksiyalarını saxlayıb, gənclər üçün virtual sfera yaratmaqla fəaliyyətini davam etdirməlidir. Sosial şəbəkələrdə istənilən imkan ola bilər. Amma jurnalistika peşəsinin bütün xüsusiyyətlərinə cavab verə biləcək “potensial” yoxdur.
Yaqut Ağaşahqızı, “İki sahil”