13 iyun 2019 16:52
335

Optik və kosmetik linza seçimi zamanı gözlənilməli qaydalar

Rəngli və optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı və müxtəlif çalarlar verməklə yanaşı eynəkləri də əvəz edir. Linzasevərlər çox vaxt bu həvəsi istədikləri göz rənginə sahib ola bilməklə izah edirlər. Linzalar həm də eynək taxmaq istəməyəndə bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olanlar üçün də əvəzsizdir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova AZƏRTAC-a deyib: “Linzalar silikon-hidrogen və hidrohen olur. Silikon-hidrogen linzalar daha çox nəfəs alandır. Onları gün ərzində 12-13 saat taxmaq məsləhətdir. Hidrogen linzaları isə 8 saata qədər taxmaq olar”.

Optik linzalarla yanaşı kosmetik linzaların seçimi zamanı da həkim məsləhəti almaq tövsiyə edilir: “Linzanı müddətindən artıq istifadə etmək məsləhət görülmür, çünki linzanın nəfəs alıcılığı azalır, onda quruluq yaranmağa başlayır, yaxud suyu vaxtlı-vaxtında dəyişdirilməyəndə və gigiyena qaydalarına əməl olunmayanda gözlər üçün fəsad yarada bilər”.

Hər linzanın öz diametri, baza əyriliyi olduğu üçün gözə uyğun ölçülərdə linzalar seçilməlidir. Onlar gündəlik və aylıq olur. Gündəlik linzalar yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Aylıq linzaları isə xüsusi mayelərlə dolu konteynerlərdə saxlamaq mümkündür.