08 avqust 2019 11:49
354

Ordubadın Üstüpü adlı incisini siz də tanıyın

Bu gün dağ kəndlərinədək qurulan müasir yol infrastrukturu istənilən istiqamətə rahat və qısa  vaxtda yetişmək üçün körpüdür. Bu körpüdən keçərək biz də Ordubadın tarixi və füsunkar mənzərəli kəndlərindən biri olan Üstüpüyə doğru yol alırıq.

Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2018-ci il tarixli Sərəncamı ilə hazırda yolun müxtəlif hissələrində tikinti işləri davam etdirilir, yol yatağı genişləndirilir. İndi Ordubada yalnız ordubadlılar getmir, nəinki muxtar respublikamızın, eləcə də ölkəmizin digər bölgələrindən Azərbaycanın incisini görmək, özünəxas mətbəxindən, ləziz nemətlərindən dadmaq, hələ ilin bu vədəsində buz kimi sularından içmək, yamyaşıl düzlərində, əzəmətli dağlarında gəzmək, tarixi yerlərinə səyahət etməyi xarici turistlər də arzu edir. Odur ki, bu yolun tikintisi böyük əhəmiyyət daşıyır. Magistraldan ayrılıb Düylün və Çənnəbi geridə qoyub 13 km məsafəni qət edəndən sonra nəhayət, dağlar gözəli Üstüpüyə yetişirik. Kənd camaatının dediyinə görə Üstüpü-3 təpə sözündəndir və 3 qayanın arasında yerləşir. Əsgər, Qaraquş, Elçidaşı və ya Xoşgəldin qayası deyirlər. Kəndin tarixi qədimə söykənir. Kənd mərkəzindən təxminən 5-6 km-lik bir məsafədə dağların arasında Köçəri qəbiristanlığı vardır. Böyük ərazini əhatə edir. Bu tayfaların adını köçüb gələnlərlə, eləcə də qədim köçəri türk tayfaları ilə də əlaqələndirirlər. Görünür qədimdə kənddə yaşayan qədim türk tayfaları ilə yanaşı bura kənardan gələnlər də çox olub.   Kənddə Şərq memarlığının nadir tikililərindən olan XVIII əsrə dair hamam da var. Hamam XX əsrdə də fəaliyyət göstərib. Sonuncu bu hamamı işlədən Hacı Şəfi adında bir kişi olub. Həmin hamamın işləməsi üçün təqribən 800 metr məsafədən saxsı güyümlər (saxsı borular) vasitəsilə su gətirilib.

Burada tarixən məhəllə adları da mövcud olub: Şərifbəy, Meydan, Alməmməd və Xanlıq.Kəndi ağuşuna alan qayalar, əzəmətli dağlar dosta “xoşgəldin”,- deyir. Necə xoş gəlməyəsən? O qədər mehriban, mehriban olduqları qədər də zəhmətkeş insanları var ki. Özünü burada qəti ögey hiss etməzsən. Böyükdən-kiçiyə hər kəs səninlə qaynayıb qarışacaq. Tanımasalar belə, salamlarını əsirgəməyib evlərinə dəvət edəcəklər. Nur üzlü, xoş çöhrəli, mehriban simalı üstüpülülərə də muxtar respublikada aparılan quruculuq işlərindən pay düşüb. 2017-ci ildə Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Kəndin  mərkəzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət təhsil ocağı ucaldılıb. Kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib. Kəndi üzük kimi araya almış dağların başından baxanda Üstüpü bir inciyə bənzəyir. O incinin saf havasını ciyərlərinə çəkdikcə, dumduru bulaqlarının gözündən su içdikcə, barlı-bərəkətli torpaqlarının yetirdiyi məhsulları daddıqca qiymətini anlayırsan bu yerlərin. Boş torpaq sahəsi tapa bilmirsən burada. Sahələrdən başqa evlərin də qarşısındakı bostanda əkilən kələmlər gül buketi kimi hər tərəfdə göz oxşayır. Kələm, kartof və lobya üstüpülülərin yetişdirdiyi əsas məhsullardır. 40 ha sahədə kartof, 12 ha sahədə lobya və 9 ha sahədə kələm əkən üstüpülülərin bir kiloqram belə məhsulu yerdə qalmaz. Dağlardan gələn saf, tərtəmiz su ilə yetişdirilən tərəvəz-bostan məhsullarının dadı-tamı bir başqa olar. Üstüpülülər lobyanı ətə bərabər tutarlar.

Naxçıvan bazarında Üstüpü kələmi adı ilə bilinər. Üstüpü kənd icra nümayəndəliyinə tabe olan Məzrə və Üstüpüdən aşağıda yerləşən Çənnəb kəndlərində də kələm əkini diqqətdə saxlanılır. Çənnəbə girişdən ta Məzrənin çıxışınacan göz işlədikcə uzanan kələm sahələri bu il də məhsulun bol olacağından xəbər verir.

Üstüpünün 1421 nəfər əhalisi 421 təsərrüfatda birləşib. Kənd camaatının digər məşğuliyyəti heyvandarlıq və arıçılıqdır. Hazırda kənddə 652 arı ailəsi saxlanılır. Kənddə nəqliyyat növü kimi atdan da istifadə olunur. Odur ki, nalbəndlik sənəti bu kənddə ömrünü başa vurmayıb. Kərimovlar ailəsi, ata-oğul bu sənəti davam etdirirlər. Kənddə Xidmət mərkəzi istifadəyə verildikdən sonra burada ərzaq və təsərrüfat malları mağazası ilə bərabər, bərbərxana da fəaliyyət göstərir. Bir sözlə, ucqar dağ kəndinin sakinlərinin problemlərini həll etmək və ya gündəlik tələbat malları əldə etmək üçün rayon mərkəzinə getmələrinə ehtiyac yoxdur. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, rabitə evi, kitabxana, baytarlıq məntəqəsi və digər dövlət qurumları üçün  yaradılan şərait sakinlərə nümunəvi xidmət göstərməyə imkan verir.

Üstüpünün nəqşi onun insanlarıdır. Torpağı bərəkətə çevirən də, təbiətinə sığal çəkən də, kəndə nəfəs verən də, qonaqlı-qaralı edən də təbii ki, insan faktorudur. Bu kəndin insanları zəhmətkeş olduqları qədər də mərd və elinə-obasına sadiqdirlər. Son illər gənclər arasında zabit olmaq istəyi artıb. Ağa Babayev ordumuz haqqında qürurla danışdı. Tam əminliklə deyə bilərik ki, Ağa Babayev qüdrətli ordumuzun peşəkar zabitlərindən olacaq. O, Heydər Əliyev adına Hərbi Liseyin builki məzunudur. Ali təhsilini Bakıdakı Heydər Əliyev adına Hərbi Məktəbdə davam etdirəcək. Uğurlar olsun! Kənddə liseyin məzunları onlarladır. Öyrəndik ki, onlardan biri də hazırda Türkiyədə ali hərbi təhsilini davam etdirən Turan Muradlıdır. Hələ orta məktəbdə oxuyarkən valideynlərinə hərbçi olmaq arzusunu bildirib: “Ya hərb peşəsini seçəcəm, ya da məndən başqa ixtisas ardınca gedəcəyimi gözləməyin”,-deyə yoluna davam edib. Anası Arifə Pirimovadan öyrənirik ki, Turanın böyük qardaşı Tayfun isə NDU-nun coğrafiya müəllimliyi ixtisasını bitirib. Hazırda hərbi xidmətdədir. Onun ən böyük arzusu kəndlərində coğrafiya elminin sirlərini şagirdlərə aşılamaqdır. Budur, vətən məhəbbəti, yurd sevgisi.

Üstüpü Vətən yolunda iki şəhid də verib. Kazım İsmayılov 1993-cü ildə Beyləqan rayonunun Vəlixanlı kəndi uğrunda döyüşlərdə, Üzeyir Babayev isə 1994-cü ildə Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalıblar.

Kənddə  50-yə yaxın uşaq və gənci öz ətrafında birləşdirən  idman məktəbi də var. Burada onlar karate-do idman növünün sirlərinə yiyələnirlər. İdmançılar arasında qızlar da üstünlük təşkil edir.

Sağlam ruhlu, mərd, vətənpərvər və qonaqsevər üstüpülülər üçün Üstüpü yaşamağın, yaratmağın ən doğru ünvanıdır. Nəinki kəndə gələn qonaqlar, turistlər üçün də Üstüpü kənd turizminin verdiyi imkanlardan yararlanmaq istəyənlər üçün ideal məkandır. Kənddən təndir tüstüsü əskik olmur. Evdar xanımlar tez-tez qonşuları başına yığıb Ordubad çöçəsi bişirirlər (ordubadlılar buna “kükə” deyir). Ətri bütün məhəlləni bürüyən çöçədən öncə bişirilən və səliqə ilə kənara qoyulan lavaşı isə  kənd pendiri ilə dadmasan, demək ki, ağzının dadını bilmirsən. Ordubadlılar yalnız bayramda deyil, yayın lap cırhacırında belə təndiri yandırmaqdan, ləziz mətbəxlərinə xas nemətlərdən bişirməkdən usanmazlar. Ordubadlılar yüksək mətbəx mədəniyyətinə sahibdirlər. Qonağa öncə çay təklif edərlər. Çay dəstgahı o qədər zəngin olar ki, bəzən yeməyə ehtiyac duymazsan.

Burada evlərin əksəriyyəti ikimərtəbəlidir və genişdir. Müasir tikililərlə yanaşı, qalınlığı 70-80 sm-ə çatan divarlarında şkaf əvəzi hələ də taxçaları olan qədim evlər də var. Yayda istinin evə girməyə gücü yetməz, kondisionerin adı çəkilməz. Sərin olar.

Yay fəsli yetişən kimi, xaricdə yaşayan üstüpülülər də elə istirahətin ən yaxşı ünvanı kimi öz doğma yurdlarını seçərlər. Şəhərin səs-küyündən uzaq, xoş bir aura bəxş edən kənd evləri, insanın ruhunu müalicə edən füsunkar təbiət, gecə-gündüz melodiyasını əsirgəməyən dağ çayları və sağlam qidalanma istirahətin əsasını təşkil edir və kənd turizminin özəllikləridir.

Üstüpünün ortasından axan çaya kənd sakinləri elə Üstüpü adı verib. Üstüpü çayının kənarındakı yaşıllıqlarda-təbiətin ağ ciyərində nəfəs almaq, günü sağlam və mənalı keçirmək istəyənlərin isə ardı-arası kəsilməz. Hələ də istirahətinizi harada keçirəcəyinizi düşünürsünüz? Ucqar bir dağ kəndində yaradılan şəraitdən siz də istifadə edin. Ordubadın Üstüpü adlı incisi sizin yolunuzu gözləyir.

Ruhiyyə Rəsulova,

Naxçıvan televiziyasının baş redaktoru