22 aprel 2019 10:57
1003

Ordumuz düşmənin bu “səhvini” səbirsizliklə gözləyir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivinə baxışlar müxtəlifdir.

Bəzi ekspertlər hesab edirlər ki, görüşdən sonra səsləndirilən bəyanatlar nəzərə alınarsa, ciddi razılaşmalar olmasa da, tərəflər arasında bir sıra məsələlərdə ortaq mövqe əldə edilib. Bu, əsasən humanitar addımları və danışıqların davam etdirilməsini ehtiva edir. Digər qrup ekspertlərin fikrincə, Ermənistanın danışıqlar prosesində imitasiya etməsi və Vyana görüşündən sonra təcavüzkar ritorikanı artırması müharibənin yenidən alovlanması qənaətini artırır. Xüsusilə əraziləri işğal altında olan Azərbaycan cəmiyyətində münaqişənin hərbi yolla həlli variantının seçilməsi çağırışları artmaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə “Müharibə hələ bitməyib” deyərək Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına cavab olaraq münaqişənin həllinin hərbi variantının hələ də gündəmdə olduğunu xatırlatmışdı. Məhz Vyana görüşü ərəfəsində ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyan “yeni müharibə yeni ərazilərdir” açıqlamasını vermişdi. Bundan sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Çünki D.Tonoyan bu bəyanatdan sonra bir neçə dəfə Ermənistan-Azərbaycan dövlət sərhədinə gəlib və müşahidələr aparıb. Onun belə səfərlərindən sonuncusu aprelin 13-də Gədəbəy rayonunun Başkənd qəsəbəsi sərhədinə olub. Xatırladaq ki, ermənilər hələ də bu ərazilərin onlara aid olması iddiasından nəinki əl çəkmirlər, əksinə “Arşaven” adlandırdıqları Başkəndi xəyali “Şimali Qarabağ”ın “açarı” hesab edirlər.

Bütün bunlar danışıqların davam etdirilməsi razılığının əldə edilməsinə baxmayaraq Ermənistanın hər an təxribat törədə biləcəyi ehtimalını artırır. Lakin maraqlısı budur ki, Azərbaycan cəmiyyətində ermənilərin bu “səhvi” edəcəyini həvəslə gözləyirlər...

Siyasi və hərbi ekspertlər Ermənistanın təxribat törətməsi ehtimalını əslində düşmən ölkənin məhv olmasının başlanğıcı hesab edirlər. Çünki belə olan halda Azərbaycan Ordusunun öldürücü zərbələrindən Ermənistanı heç bir qüvvə xilas edə bilməyəcək.

Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə, təxribat erməni tərəfindən həmişə olub, indi də var. Lakin Azərbaycan Ordusu hər zaman tam hazırlıqlı vəziyyətdə olub və təxribatların qarşısını alıb.

İstefada olan general Yaşar Aydəmirov isə hesab edir ki, düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradar. Bu halda Azərbaycan hərbi yolla bütün əraziləri azad edə bilər. Hətta Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün fürsət əldə edə bilər. Azərbaycanın o dəmir yolunu açmaq üçün hərbi əməliyyatlar keçirmək hüququ var: “Üç il əvvəl iki bölməmizin döyüşlərinin məntiqi nəticəsi olaraq onlar bütün komandanlığı, döyüş təminatı rəislərini, müdafiə nazirini də, baş qərargah rəisini də dəyişdilər. Bu dəfə də bizə, sadəcə, bəhanə lazımdır. Ona görə də düşmən risk edib bu təxribata gedən deyil, sadəcə, söz oyunundan istifadə edir”.

Taleh Turqut, “İki sahil”