26 iyun 2020 15:38
325

Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir!

Tariximizin əlamətdar səhifələrindən biri Azərbaycan Milli Ordusunun yarandığı gündür. Təməli 1918-ci ildə qurulmuş Azərbaycan ordusu artıq 102 illik böyük və şərəfli tarixə malikdir. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Beləliklə, hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu və ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçdi və bununla da Azərbaycanda ordu quruculuğuna start verildi. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı. Görülən işlər nəticəsində gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması və beləliklə də Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verildi. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradıldı. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Müstəqillik dövründə müxtəlif vaxtlarda ordumuzun hərbi potensialını nümayiş etdirən hərbi paradlar keçirilmişdir. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Sonrakı hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. 2018-ci ildə isə Ordumuzun 100 illiyinə həsr olunan möhtəşəm parad keçirildi. Bu möhtəşəm paradda Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak etdi. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Bütün bunlar son illər ərzində Azərbaycanın hərbi potensialının hansı səviyyədə inkişaf etdiyini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu son illər ərzində  ən müasir silah-sursat, texnika və avadanlıqla təchiz olunub. Qeyd edək ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi və minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbiçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyinin düzgün qurduğu fəaliyyəti nəticəsində Ordumuzun üzü ağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri də o oldu ki, Azərbaycan Ordusu mənəvi-psixoloji döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat və peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını əyani şəkildə ortaya qoydu və düşməndə bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu.

Bu məqamda Azərbaycan Ordusunun daha bir uğurundan danışmaq yerinə düşərdi. Ötən il Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır.

Bəli, bu gün ölkəmizdə ordu quruculuğu uğurla davam etdirilir və ordu qarşısında yeni perspektivlər qoyulur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb və  ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Bir sözlə, Azərbaycan Ordusu daim inkişaf edir və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün var gücü ilə çalışır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bugün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, biz hər birimiz inanırıq ki, 102 illik tarixi olan şərəfli Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı da azad edəcək və  xalqımızı Qarabağ müjdəsi ilə sevindirəcək. Ordumuz buna tam qadirdir.

Rüfət Əhmədov

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri