27 iyun 2020 18:40
1587

Ordumuz xalqımızın milli vətənpərvərlik hisslərini ən bariz şəkildə təcəssüm etdirir

Ordu Azərbaycanın dövlətçilik atributu, xalqımızın qürur və güvənc mənbəyidir. Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ilk sistemli və fundamental tədbirlərin həyata keçirilməsi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı dövrünə təsadüf edir. Güclü ordunun müstəqillik və ərazi bütövlüyünə ən böyük zəmanət olması reallığını çox böyük uzaqgörənliklə dərk edən ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsi ilə dərhal ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu bildirib.

Deputat diqqətə çatdırıb ki, 1994-cü ildən 2003-cü ilə kimi ordu quruculuğunda əldə olunan böyük nailiyyətlər dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə daha geniş vüsət aldı, islahatların miqyası və effektivliyi nəzərəçarpacaq dərəcədə dərinləşdi. Prezident İlham Əliyevin çıxışlarının birində ifadə etdiyi “Bundan sonra da ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq” fikri ordu quruculuğu sahəsinə olan həssas münasibəti ortaya qoymaqla yanaşı, hərbi potensialımızın daim genişlənəcəyinə dair möhkəm əminlik yaratdı. “Aydın məsələdir ki, ordunun gücü və döyüş qabiliyyəti həm də texniki imkanlarla, silah-sursatın müasirliyi, dağıdıcılığı və effektivlik əmsalı ilə şərtlənir. Bu sahədə idxaldan asılılığın azalması müharibə şəraitində yaşayan bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir" , - deyə deputat əlavə edib. O qeyd edib ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması həmin zərurətləri özündə ehtiva edirdi. Azərbaycan brendi altında ən müasir silahların istehsalına başlanması ilə həm ordumuzun döyüş potensialı artdı, həm də gələcəkdə silah ixracatçısına çevrilmək yolunda önəmli məsafə qət edildi. Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, hazırda sözügedən qurum tərəfindən 1200 adda müxtəlif növ silah istehsal olunur ki, həmin silahların bir qismi xarici ölkələrə ixrac edilir.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan bu gün ordu quruculuğunda öz standartlarını təqdim edir. Coğrafi baxımdan kiçik bir ölkə olmağımıza rəğmən, dünyanın ən güclü 50 ordusundan birinə sahibik və bu, bir daha onu təsdiq edir ki, siyasi iradə varsa, istənilən hədəfə çatmaq mümkündür. Azərbaycan ordusu Prezident İlham Əliyevin təbliğ etdiyi ideya və dəyərlərdən güc alır. “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” deyən Prezident güclü ordu və güclü dövlət anlayışlarının vəhdət təşkil etdiyini formul olaraq ortaya qoyur. Bu gün fəxrlə deyə bilərik ki, Qafqazın ən güclü ordusuna sahibik. Dövlətçiliyimizin məhək daşı hesab etdiyimiz ordu Azərbaycan xalqının milli vətənpərvərlik hisslərini ən bariz şəkildə təcəssüm etdirən təsisatdır. 2016-cı ilin Aprel döyüşləri şanlı ordumuzun qələbə əzmi və döyüş ruhunu düşmənə və bütün dünyaya nümayiş etdirdi. Aprel zəfərinin ən mühüm nəticəsi o oldu ki, düşmən təkcə hərbi-texniki üstünlüyümüzün fərqinə varmadı, eyni zamanda, xalqımızın əlahiddə döyüş əhvalına sahib olduğunu dərk etdi. Bir daha bütün dünya əmin oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin böyük zəfər yürüşünə başlayacağı gün uzaqda deyil.