30 sentyabr 2020 19:04
1001

Ordumuzun əsas hədəfi: Ərazi bütövlüyümüzün bərpası

Torpaqlarımızı işğal etmiş Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Çünki ordu cəmiyyətdə daxili özünəinamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.

Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz verilən bütün əmrləri ruh yüksəkliyi və uğurla icra edir. Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır.

İstər Aprel döyüşləri, istər Tovuz hadisələri, istərsə də hal-hazırda cəbhə xəttində davam edən döyüşlər ordumuzun gücünün, xalqla ordunun vəhdətinin göstəricisidir. Bu döyüşlər sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı zamanı işğal altında olan kəndlərimiz və əlverişli yüksəkliklərimiz geri qaytarıldı və təhlükəsizliyi təmin olundu. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Əldə olunan yüksəkliklər və kəndlər sayəsində ordumuz düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı.

Eyni zamanda, bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, o torpaqlarda Azərbaycanın üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağı ucaldıldı.

Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alınır. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur edir.

Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. R.T.Ərdoğan çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib. Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlətmişdir.

Röya Rasimqızı, “İki sahil”