20 oktyabr 2020 18:05
1028

Ordumuzun möhtəşəm döyüş taktikası dünyanı heyran, erməniləri isə peşman edir

Beynəlxalq hərbi ekspertlərin qənaətinə görə, hücum dronlarının döyüşdəki yüksək hədəf dəqiqliyi dünya hərb tarixində bir ilkdir

Sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları bu gün də böyük qələbələrlə davam edir. 24 gündə  3 rayon mərkəzini, 100-dək kənd və qəsəbəni azad edən müzəffər ordumuzun döyüş taktikası artıq dünya miqyasında heyranlıqla qarşılanır. Xüsusilə hərbi ekspertlər bu fikirdədirlər ki, bu döyüş taktikası hətta ən fövqəlgüc ölkələrin ordularında qeydə alınmayıb. Tanınmış rusiyalı hərbi ekspert, «Milli Müdafiə» jurnalının baş redaktoru İqor Korotcenko bu barədə deyib: «Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilkdir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu gür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Bura Azərbaycan Ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir».

Bəli, məhz ordumuzun PUA-lardan və SİHA-lardan yüksək dəqiqliklə istifadəsi hərbçilərimizin itkisini minimuma endirib. Eyni zamanda, Azərbaycan Ordusu bu döyüşlərdə hərbçi şərəfini üstün tutaraq Dağlıq Qarabağda ancaq hərbi obyektləri vurmaqla mülki şəxslərin həyatını qorudu.

Daha bir xüsusi məqamı vurğulamaq lazımdır ki, tanınmış rusiyalı kinorejissor, milliyyətcə erməni olan Karen Şahnazarov da Azərbaycanın hərbi üstünlüyünü etiraf edib. O, «Rusiya 1» telekanalında «Vladimir Solovyovla axşam» verilişinin efirində bildirib ki, Azərbaycanın ərazi bütövlüyü problemi mövcuddur. və o bu problemi hərbi yolla həll etməyə qadirdir. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin yalnız hərbi həll yolu var: «Nə vaxt ki, tərəflərdən biri tamamilə tükəndiyini və artıq müqavimət göstərə bilməyəcəyini hiss edəcək, o zaman o, prinsipial qərarlara gedəcək. Nəzərə alınmalıdır ki, Azərbaycanın hərbi potensialı çox ciddidir. İndi 5 rayonu Azərbaycana qaytarmaq və Dağlıq Qarabağ üzərində Bakının hansısa protektoratını (idarəçiliyini-red.) yaratmaq lazımdır. Ancaq əgər Bakı hərbi yolla təzyiq göstərib qarşı tərəfin axırına çıxa biləcəyini hiss etsə, onda heç bir güzəştə getməyəcək.»

«Azərbaycan Qarabağı zor gücünə alacaq və heç kim də buna əngəl ola bilməyəcək» fikirləri İsrailin dövlət xadimi, «Nativ» xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmiyə məxsusdur. O,   «Rossiya» telekanalında bildirib ki, Ermənistanda son 15 ildə baş verənlər, yəni ölkənin daxili və xarici siyasətinin oriyentasiyasının dəyişməsi erməni dövlətini zəiflədib. Xüsusən, Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə İrəvanın Moskva ilə münasibətləri dəyişib, daha doğrusu, korlanıb. Halbuki, Ermənistanın əsas gücü birbaşa Rusiyanın onun arxasında durmasına bağlı idi. O deyib: « Rusiya zəif Ermənistanın əvəzinə Qarabağı qoruya bilməz. Əgər erməni ordusunun gücü yoxdursa, o zaman Qarabağı itirəcəklər. Odur ki, qoy arxaları ilə Moskvaya çevrilənlər özlərindən küssünlər».

«Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək». Bu fikir isə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzaya məxsusdur.

Ukraynalı hərbi ekspert-blogger Aleksey Arestoviç isə hesab edir ki, Azərbaycanın hərbi taktikası, döyüş manevrləri  ağıllı və məntiqlidir: «Bir neçə günlük döyüşlər nəticəsində Ermənistanın canlı qüvvəsi və texnikasında ciddi itkilər yaşandı. Ermənistan ordusunda döyüş effektivliyi minimuma endi. Ermənilər də qarşı tərəfin yeni döyüş taktikasından vahimələniblər. Bəli, Azərbaycan budəfəki əməliyyatlarda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edir».

Hərbi analitik bildirir ki, əgər Azərbaycan Ordusu bu möhtəşəm döyüş taktikası ilə davam edərsə, 2 həftəyə Ermənistan hərbi birləşmələrinin tamamilə iflası reallaşacaq.

Təbii ki, ordumuzun qürurverici hərbi taktiki döyüşləri  nəticəsində işğaldan azad olunan yaşayış məntəqələrimizin adları sırasına hər gün, bəzən gün ərzində bir neçə dəfə yeni adlar əlavə olunur. Bu isə o deməkdir ki, Azərbbaycan Ordusu öz hərbi vəzifəsini yerinə yetirəcək və işğal altındakı bütün torpaqlarımıza üçrəngli bayrağımız sancılacaqdır.

Elçin Zaman, «İki sahil»