KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Öz ailəsinin qadınlarına sayğı duyanlar…

11 fevral 2019 16:22
1252

“Xaricdə oturub Azərbaycanın müqəddəs ailə dəyərlərinə belə əl uzadanlar bu millətdən ola bilməz! Bunlar mütləq Azərbaycana qənim kəsilmiş məlum millətlə qanı qarışmış ünsürlərdir. Əsl Azərbaycanlı nə olur-olsun, heç vaxt ailə, qadın məsələlərinə bu qədər tərbiyəsiz və əxlaqsız müdaxilə etməz!Əsl Azərbaycan kişisi ən qatı düşməninin belə ailəsinin, qadınının namusunu öz namusu qədər dəyərli bilər, onu qoruyar. Amma göründüyü kimi, xaricdəki bəzi ünsürlər bütün bu dəyərləri ayaqlar altına atıb. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycanlı bu ləyaqətsizliyin cavabını verməlidir. Biz, siyasi mübarizəyə ailənin-qadınların alət edilməsini heç cür məqbul saya bilmərik və bu adamların bir an öncə dayandırılması lazımdır. Yeri gəlmişkən, bunlar əgər başqalarının ailəsinə-qadınına əl və dil uzadırsa, demək ki, öz ailələrindəki qadınlara heç bir sayğıları yoxdur. Öz ailəsinin qadınlarına sayğı duyanlar başqa qadınlara da sayğılı davranar. Bunlarsa əksini edir. Sadəcə onların ailələrindəki qadınlara yazıq olur”.

Bu sitat bu günkü açıqlamamdandır. Son günlər bir halı müşahidə edirəm: xaricdəki söyüş çetesi bütün hədləri aşır. Söyüşlər artıq konkret şəxslərə deyil, onların ailəsindəki xanımlara yönəlir. Olmaz belə, olmaz!

Dəfələrlə dilə gətirdiyim sualı bir daha təkrarlamaq istərdim: məgər siz ailənizdə də belə söyüşlə danışırsınız? Məgər anlamırsınızmı ki, o söyüşlərinizi sizin yaxınlarınız olan xanımlar da oxuyur, eşidir, görür? Yəni doğrudanmı ağzınızı bulaşdırdığınız söyüşlərlə qadınlarınızın da qulaqlarını və gözlərini yağır etdiyinizin fərqində deyilsiniz? Axı siz demokratiya uğrunda mübarizə apardığınızı iddia edirsiniz? Necə olur ki, o “mübarizə”ni yalnız söyüşlərlə yürüdürsünüz?

Söyüşçülər öz yerində. Sadəcə maraqlıdır ki, özünü siyasi alternativ sayanlar da bu söyüş çetesinin arxasındadır. Bizsə düşünürdük ki, onlar həmin söyüşçülərə çağırış edər, onları ədəb çərçivəsinə dəvət edər. Hər nə qədər olmasa da eyni “cəbhə”nin adamlarıdırlar, bir-birilərinin dilini yaxşı anlarlar. Amma etmirlər. Əksinə, söyüşçüləri daha da qızışıdırırlar.

İndi iş qalır Azərbaycan ictimaiyyətinə. Bu adamların əsl məqsədinin ölkədə demokratiya və insan haqlarının oturuşmasına xidmət olmadığını görmək üçün söyüşə üstünlük vermələrinə diqqət yetirmək bəs edər. Heç bir ölkədə, heç bir xalqın müxalif düşüncəli kəsimi öz siyasi mübarizəsini söyüşlə aparmır. Heç uzağa getməyək, işğalçı Ermənistanda belə müxaliflər söyüşlə məşğul olmur. Yaxud da bizim kimi Sovetlərin şinelindən çıxmış digər ölkələrdə. Örnək üçün, xaricdə çoxsaylı və yetərincə radikal deyə biləcəyimiz müxalifəti olan Tacikistanda belə söyüşdən əsər-əlamət yoxdur. Şəxsən özüm tacik müxalifətinin Avropadakı çoxsaylı nümayəndələrinin fəaliyyətini görürəm, izləyirəm. Tacikistan hakimiyyətinə qarşı olduqca radikaldırlar, amma bir dəfə də olsun ağızlarından söyüş çıxmaz.

Bəs, “bizimkilər”ə nə düşüb? Niyə onlar normal siyas mübarizə aparmaq üçün imkan varkən hər bir məsələni söyüş müstəvisinə çəkirlər? Maraqları nədir? İstər müxalif ol, istər iqtidar, fərq etməz axı. Əgər siz söyüşü mübarizə üsulu seçmisinizsə, mənsub olduğunuz xalqın imicini dünyaya bu cür təqdim etmiş olursunuz. Öz xalqını doğrudan da sevən heç bir insansa – ən radikal müxalifətçi belə istəməz ki, xalqıyla bağlı belə imic formalaşsın. Bunlarsa istəyir.

Bunlar əllərindən gələni edir ki, Azərbaycan xalqı haqqında dünyada belə düşünsünlər. Burdan da o qənaətə gəlirik ki, adamların məqsədi həqiqətən də başqadır. Bu, elə bir məqsəddir ki, həmin məqsədin heç bir Azərbaycanlıya zərrə qədər də olsa faydası ola bilməz!

Durum bundan ibarətkən bu gün xaricdə oturub özünə müxalifət deyənlərə az-çox rəğbət bəsləyənlər ciddi düşünməlidir. Onları izləyən, onlara baxıb həvəslənən hər kəs anlamalıdır ki, bu yol fəlakət yoludur. Hər kəs onun fərqinə varmalıdır ki, bu adamlar Azərbaycanda səmimi müxalifətçilik edənləri də öz arxalarınca söyüş-təhqir girdabına sürükləyir. Ona görə də diqqətli olmaqda yarar var.

Normal müxalifət, özünü hakimiyyətə alternativ görənlər, yaxud da sadəcə ölkədə demokratiyanın möhkəmlənməsinə töhfə vermək istəyənlər bunun üçün ağlını-zəkasını səfərbər etməlidir. Bunlarsa yalnız söyüşə üstünlük verir. Düşündürücü deyilmi? Şəxsən mənim üçün düşündürücüdür. Zəka mübarizəsi varkən söyüşə üstünlük verilirsə, adamların məqsədi başqadır. Ona görə də, təkrar deyirik, diqqətli olmaq lazımdır.