29 iyul 2020 17:49
452

Özəlləşdirmə hərracları başlayır: 450 manata mağaza, 1500 manata klub...

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fasilə verilmiş özəlləşdirmə hərracları yenidən keçiriləcək. Növbəti hərracı İqtisadiyyat  Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 18-də təşkil edəcək. Hərraca ümumilikdə 35 dövlət əmlakı çıxarılıb. Bunlardan 34-ü kiçik dövlət müəssisəsi, 1-i isə yarımçıq tikilidir. Eyni zamanda, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı  hərracda iştirak üçün sifarişləri qəbul edilmiş nəqliyyat vasitələrinin 31 mart 2020-ci il tarixində təxirə salınmış hərrac da  həmin gün baş tutacaq. Digər bir hərrac 25 avqustda keçiriləcək. Hərraca çıxarılan 58 dövlət əmlakının 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisəsi, 2-si qeyri-yaşayış sahəsi, 3-ü isə yarımçıq tikilidir.

Görünən odur ki, hərracların qaldığı yerdən davam etdirilməsi pandemiya dövründə ölkədə investisiya mühitinin canlanmasına stimul xarakteri daşıyır. Eyni zamanda, hərraca çıxarılmış dövlət əmlaklarının əsasən kiçik müəssisələr olmasını kiçik və mikro sahibkarlıq fəaliyyətinə başlamaq və ya fəaliyyətini genişləndirmək arzusunda olanlar üçün əlverişli hesab etmək olar. Çünki belə müəssisələr böyük investisiya tələb etmir. Məsələn, avqustun 18-də keçiriləcək hərracda qiymət 1500 manatdan başlayır. Bu məbləğə Xaçmaz rayonu, Mollaburhan kəndində torpaq sahəsi 157,5 kvadratmetr olan kənd klubuna sahib olmaq olar. Elə paytaxtda da çox böyük olmayan məbləğə daşınmaz əmlak əldə etmək mümkündür. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən, sahəsi 143,1 kvadratmetr olan yeməkxananın ümumi ilkin satış qiyməti 7500 manatdır. 25 avqustda keçiriləcək hərracda isə Siyəzən şəhərində yerləşən, ilkin ümumi satış qiyməti 450 manat olan mağaza diqqəti cəlb edir. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı paytaxt və digər şəhər və rayonlarda yerləşir. Belə dövlət əmlaklarının  təkrar hərraca çıxarıldığını nəzərə alanda, qanunvericiliyin tələbindən irəli gələrək bunun qiymətlərdə də öz əksini tapdığı müşahidə edilir.

Həmçinin sənaye, nəqliyyat, inşaat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan əmlak respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Qeyd edək ki, 2019-cu ildə olduğu kimi, bu il də özəlləşdirmədən daxilolmalar dövlət büdcəsinin kəsirinin maliyyələşdirmə mənbələrindən biridir. Belə ki, ötən il özəlləşdirmədən dövlət büdcəsinə 94,1 milyon manat daxil olub. 2020-ci ildə isə bu göstəricinin 62 milyon manat olması proqnozlaşdırılıb.      

Sərtləşdirilmiş karantin rejiminin müddətinin uzadılıb-uzadılmayacağından asılı olmayaraq hərraclarda hər kəsin sərbəst iştirakı təmin ediləcək. Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, iştirak etmək istəyən şəxslər seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşula da bilərlər. Bildirilib ki, prosesə marağı olan şəxslərə hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləmək imkanı yaradılıb.

Ceyhun Piriyev, “İki sahil”