21 iyun 2019 19:33
1603

Özgə atına “sahiblənmək” istəyənlərin bitməyən xofu...

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu günlərdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistanda geniş ajiotaj doğurub. Sözügedən mətbuat konfransında Azərbaycan Ordusunun inkişafı ilə bağlı qeyd olunan fikirlər Ermənistan mətbuatında geniş şərh olunub, ölkəmizin hərbi üstünlüyü dərin narahatlıq hissi ilə etiraf edilib.

Yazıda qeyd olunub  ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir texnikalar idi. Müəllif bildirib ki, belə müasir texnikaya malik Azərbaycan Ordusu ilə qarşılaşsa Ermənistan öz sonunu gətirmiş olacaq: “Azərbaycanın müdafiə naziri deyib ki, ordunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Nazir helikopter meydançalarının yeniləndiyini, müasir silahlarla təchiz edildiyini və onların uzaq məsafədən hədəfləri dəqiq vurmağa qadir olduğunu bildirib. Bu isə o deməkdir ki, ehtimal olunan müharibə zamanı Ermənistan sovetin vaxtından qalma köhnə və zəif hərbi hava hücumundan müdafiə sistemi ilə ümumiyyətlə, Azərbaycan Ordusunun qarşısında dayana bilməyəcək. Deməli, Ermənistan istənilən vaxt havadan ölümcül zərbə ala bilər”.

Yazının müəllifi, həmçinin Ermənistanın yeni hakimiyyətini və müdafiə naziri David Tonoyanı erməni cəmiyyətini aldatmaqda ittiham edib: “Azərbaycanın müdafiə naziri açıq şəkildə bəyan edir ki,  David Tonoyan yalan danışır və ermənilər Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alıblar. Belə anlaşılır ki, Ermənistan hökuməti cəbhədəki itkiləri xalqından gizlədir. Əgər belə olmasaydı, Zakir Həsənov əmin bir şəkildə “bir müddət sonra Ermənistan öz itkilərini açıqlayacaq” fikrini səsləndirməzdi. Buradan belə çıxır ki, Paşinyan hökuməti də siyasi sələfləri kimi xalqdan çox şeyi gizlədir, spekulyasiyalarla məşğuldur”.

Erməni analitiki narahat edən digər bir məsələ də Azərbaycan Ordusunun öz hərbi- siyasi müttəfiqləri ilə birgə hərbi təlimlər keçirməsidir.  Müəllif xüsusilə son dövrlərdə Türkiyə ilə birgə keçirilən təlimlərə diqqəti yönəldərək dərin narahatlığını və xofunu ifadə edib: “Məlumdur ki, bu yaxınlarda Naxçıvanda Azərbaycanla Türkiyənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirildi. Düşünürəm ki, bu təlimlər  güclü orduya və böyük hərbi potensiala malik iki strateji müttəfiqin Ermənistana ünvanladığı son dərəcə ciddi hərbi mesaj idi. Türkiyə ilə olan birgə təlimlərin qorxusu erməni xalqının canından çıxmamış Azərbaycanın müdafiə naziri Zakir Həsənov mətbuat konfransında bəyan etdi ki,  Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin də birgə təlimləri keçiriləcək. Aydın məsələdir ki, hər iki ölkənin güclü və yüksək hazırlıqlı xüsusi təyinatlı qüvvələri var və onların bir-biri ilə bölüşəcəyi təcrübə mübadiləsi mümkün müharibə ehtimalında Ermənistanı daha da zəiflətməyə xidmət edəcək.

Azərbaycanda keçirilən istənilən hərbi təlimlər boyu biz istənilən anda müharibənin başlayacağını düşünürük. Hər bir hərbi təlim xəbəri veriləndə Azərbaycan Ordusunun hücuma keçə biləcəyini istisna etmirik. Ermənistan xalqı bir yandan aclıq və səfalətin pəncəsindədir, digər tərəfdən də  müharibə xofu altında yaşayır”.

Zakir Həsənovun “Azərbaycan Ordusu   aprel qələbəsini hər an təkrarlamağa hazırdır” fikrinə xüsusilə diqqət çəkən analitik ehtimal olunan müharibə ilə bağlı qorxusunu bölüşüb: “Azərbaycanın müdafiə naziri ökəsinin ordusunun çox yüksək səviyyədə hazırlığından fəxrlə söz açır. Buna əsasları da var. Çünki həqiqətən aprel müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının əyani şahidi olduq.  Azərbaycan tərəfi qürurla bəyan edir ki, təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Ermənistanın keçirdiyi hərbi təlimlərdə isə hələ də 80-ci illərin silahları istifadə olunur. Azərbaycanın gündən-günə öz hərbi potensialını artırması, öz   ordusunu yeni silahlarla tam şəkildə təmin etməsi,  ordunun idarə olunmasının ən yüksək səviyyədə təkmilləşdirməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyan öz hökuməti ilə hələ də  siyasi müstəvidə gah Rusiya, gah Avropa, gah da ABŞ-la “evcik-evcik” oyunu  oynayır...”

Bütün bu yazılanlardan anlaşılır ki, Ermənistan cəmiyyəti hədsiz təşviş içindədir. Yazı müəllifi isə məqaləsində Azərbaycan Ordusunun gücünü, ölkəmizin müdafiə nazirinin qətiyyətini və Ermənistanın hər baxımdan zəifliyini qeyd etsə də, əsas məqamı vurğulamağı “yaddan çıxarıb”.  Bilərəkdən “unudulan”  məqam isə budur ki, yazı müəllifi  lap yaxşı bilir ki, Ermənistan məhz işğalçılıq siyasətinə görə qorxu altında yaşamağa məhkum olub. İşğalçılıq siyasəti bitən gün onların xofu da bitəcək.  Ermənistanda uşaqdan böyüyə hamı yaxşı  bilir ki,  başqasının torpağını işğal  edənlər  gec - tez quyruğunu qısıb zorla yiyələnmək istədiyi  torpaqdan çıxmalı olacaq. Yüzillərin sınağından çıxan bir atalar sözündə deyildiyi kimi, özgə atına minən tez düşər...

Sevinc Abdullayeva, “İki sahil”