16 mart 2020 13:46
849

Özünüməşğulluq proqramı: Sosial sahədə mühüm təşəbbüs

Vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi həyata keçirilən sosial layihələr arasında  daha çox maraq doğurur. Özünüməşğulluq proqramının əsas tərkib hissələrindən biri ünvanlı sosial yardımın mərhələli şəkildə dəyişdirilməsi və birbaşa iş yerlərinin yaradılmasıdır. Bu, təbii ki, ünvanlı sosial yardımın dayandırılması anlamına gəlmir.  Özünüməşğulluq imkan verir ki, büdcədən asılılıq aradan qaldırılsın, vətəndaş büdcə vəsaiti hesabına özünə iş qura bilsin. Nəticədə həm sosial müdafiə güclənir, eyni zamanda,  kiçik və orta sahibkarların sayı artır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanının həyata keçirilməsi ilə aztəminatlı ailələrin həyat tərzinin yaxşılaşmasına yönələn layihələrə maraq daha da artdı. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin gəlirlərinin artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. Beləliklə, hər il təqribən 10 minə yaxın vətəndaşın özünüməşğulluq proqramı ilə əhatə olunması, gələcəkdə layihənin miqyasının genişləndirilməsi istiqamətində maarifləndirmə işləri sürətləndirildi.

Dövlət başçısı İlham Əliyev belə sosial layihələrin əhatəsinin genişləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur. Əsasən Ailə Biznesinə Asan Dəstək (ABAD) proqramı çərçivəsində tətbiq olunan özünüməşğulluq proqramı xüsusilə regionlarda yaşayan əhalinin ailə büdcəsinin yaxşılaşdırılmasına, unudulmaqda olan xalq sənətkarlığının qorunmasına və təbliğinə geniş imkanlar yaradır.

Qeyri-formal məşğulluqla mübarizənin genişləndirilməsində,  korrupsiya və mənimsəmə kimi neqativ halların aradan qaldırılmasında  proqramın tətbiqinin mühüm əhəmiyyətə malik olduğunu önə çəkən  cənab İlham Əliyev, həmçinin əmək müqavilələrinin rəsmiləşdirilməsi ilə mənfi hallara son qoyulduğunu da diqqətə çatdırır. Ölkə Prezidenti  “Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır” söyləməklə ictimai ödənişli iş yerləri ilə bağlı bu cür təşəbbüslərin tətbiqində xüsusilə şəffaflığa ciddi fikir verilməsini tələb edir.

Dövlətimizin  başçısının  imzaladığı “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin, həmçinin DOST mərkəzlərinin yaradılmasında da  məqsəd məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Bu mərkəzlər  vətəndaşların daha  çox müraciət etdikləri, göstərilən xidmətdən razı qaldıqları, yeni texnologiyalar əsasında fəaliyyət göstərən strukturdur. Gənclərin, könüllülərin mərkəzlərdəki fəaliyyəti məmnunluqla qarşılanır.

Müasirlik, yenilik, yüksək səviyyəli xidmət kimi prinsipləri fəaliyyətlərinin  önündə saxlayan  mərkəzlərə müraciət edənlərin sayında artım da  göstərir ki, DOST-larla bağlı  vətəndaş məmnunluğu  yüksəkdir. DOST mərkəzlərində konsepsiyaya uyğun olaraq könüllülük proqramları geniş vüsət alıb. Mərkəzlərdə insanların ehtiyac duyduqları sahələr üzrə xidmətlərin sayı artmaqla insanların müvəqqəti işlə təminatına da şərait yaradılıb. Haqqı ödənilən işlərin sayının artması, könüllülərin cəlbi, “Gənc DOST” könüllü proqramın, ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramlarının icrası mərkəzlərə inamı artırır.

Özünüməşğulluq proqramına göstərilən diqqət sayəsində qeyri-neft, xidmət sektorlarında, kənd təsərrüfatında işləyən vətəndaşların sayı artır. Son illərdə daha çox insanın bu proqrama qoşulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Dünya praktikasında özünü doğruldan və uğurla nəticələnən bu layihənin Dünya Bankı tərəfindən dəstəklənməsi proqramın əhəmiyyətini daha qabarıq şəkildə nümayiş etdirir.

Yaqut Ağaşahqızı, “İki sahil”