01 iyun 2020 11:15
1153

Özünütəcrid  koronavirusla mübarizədə uğurlu nəticələri şərtləndirir

Karantin rejiminin yumşaldılmasında məqsəd  ölkə vətəndaşlarının  əvvəlki həyat tərzini  müəyyən dərəcədə bərpa etməkdir

   «Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən özünütəcrid qaydalarına riayət olunmasının ən vacib amil kimi önə çəkilməsi uğurlu nəticələrdə əhəmiyyətli rol oynadı. «Biz birlikdə güclüyük!», «Evdə qalaq, özümüzü, ətrafımızdakı insanları qoruyaq!», «Evdə qal həkimlərə dəstək ol!» kimi çağırışların sözdə deyil, əməldə özünü doğrultması bir daha koronavirus pandemiyasına qarşı mübarizədə vətəndaş-dövlət  birliyinin, həmrəyliyinin roluna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq təsdiqlənən Tədbirlər Planının uğurlu icrası, Nazirlər Kabineti yanında Operativ Qərargahın   missiyasına uyğun olaraq gündəlik məlumatların açıqlaması, karantin rejiminin günün tələblərinə uyğun olaraq sərtləşdirilməsi, yaxud yumşaldılması istiqamətində  addımların atılması, həmçinin ölkə Prezidentinin daxili tədbirlərlə kifayətlənməyərək türk dünyasına, bütün dünya dövlətlərinə birlik, həmrəylik  çağırışlarını ünvanlaması və bunu əməldə təsdiqləməsi və sair kimi biri-birindən önəmli addımlar Azərbaycanın koronavirus  pandemiyası ilə mübarizə sahəsində təcrübəsinin nümunəviliyinə bir daha aydınlıq gətirir. Bu tədbirlər çərçivəsində bir əsas məqamı da qeyd edək ki, 20 xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib ki, onlar ən müasir avadanlıqlarla təchiz edilib. Pandemiya dövründə Bakıda  575 çarpayılıq «Yeni klinika» tibb müəssisəsi, digər  3 şəhərdə  ümumi çarpayı sayı 500-dən artıq olan yeni xəstəxanalar istifadəyə verilib.  Qısa müddətdə  6-sı dövlət, 4-ü özəl  sahibkarlar tərəfindən tikilməkdə  olan, hər biri 200 çarpayılıq 10  müasir modul tipli xəstəxananın  istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan biri istifadəyə verilib. Koronavirusla  Mübarizəyə Dəstək Fonduna  110 milyon manatdan çox ianə toplanıb ki, bu da  xəstələrin müalicəsi üçün zəruri olan bütün imkanların yaradılmasına yönəldilib.  «Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb» söyləyən cənab İlham Əliyev bildirir ki,  çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq: «Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.»    Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar əldə edilib.  Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıb.

   «Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görəndə ki, inkişaf etmiş ölkələrdə gündə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir, əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür» bildirən cənab İlham Əliyev vurğulayır ki,  hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Həmin  ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən Azərbaycana  nümunə  göstərilirdi. Amma pandemiya  dövründə hər kəs gördü ki, qeyd edilən ölkələrdə  vəziyyət artıq böhranın pik həddinə çatıb: «Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamaqda görürük və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır.»

     Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanıldığı gündən sistemli atılan addımlara diqqət yetirək. Karantin rejimi öncə sərtləşdirildi. Sual oluna bilər- nə üçün?  Azərbaycan dövləti yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasının prioritetliyini açıqlayaraq özünütəcridi prosesin başlanğıcı üçün daha məqsədəuyğun hesab etdi. Amma zaman keçdikcə  sağalanların sayının yoluxanların sayından xeyli çox olduğunu gördükdə  yumşalma tədbirlərinə başlanıldı. Çox təəəssüflər olsun ki, bu yumşalma tədbirləri bəzi insanlarda sanki  pandemiyanın yox çıxması təsəvvürünü yaratdı. Bu baxımdan ki, artıq  səbəbsiz olaraq, ehtyac duyulmadığı təqdirdə belə  evdən çıxma halları geniş vüsət aldı. Həmin dövrdə dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  müraciətlərinin əsassında bu məqam yer aldı ki, özünütəcrid pandemiyaya qarşı mübarizəyə verilən ən böyük töhfədir. «Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb» söyləyən Mehriban xanım Əliyeva xalqımıza müraciətində bildirmişdir ki, bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada: «Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.»  Bu əminlik də ifadə edilir ki,  COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil.

     May ayının 31-dən karantin rejimində növbəti yumşalma tədbirləri öz əksini tapdı.  Yumşalma tədbirləri yalnız bir məqsədə xidmət edir ki, ölkə vətəndaşlarının  öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Hər bir məsələnin həllində maarifləndirmə tədbirlərinin əhəmiyyətini nəzərə alsaq,  daim ölkə ictimaiyyətinə bu kimi məqamlar çatdırılır ki, karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb. Karantin rejimi  iyun ayının 15-dək uzadıldı.  Qaydaları pozanlara qarşı  daha ciddi cəza tədbirləri görüləcək ki,  vəziyyət daim nəzarətdə saxlanılsın. Tibbi maskaya görə tətbiq olunan cərimələr məhz insanların öz sağlamlıqlarına məsuliyyətlə yanaşmalarına bir çağırışdır.  Şəhərin hər  yerində rast gəldiyimiz  reklam lövhələrində maarifləndirici fikirlərin öz əksini tapması, hər addımda  evdə qalmağa çağırışların olunması,  marşrutlardan istifadə  zamanı  vətəndaşlara müəyyən qaydalara  əməlin olunması ilə bağlı müraciətlərin  təqdim edilməsi, bizi birləşdirən dəyərlərin bir daha xatırladılması günümüzün əsas  reallıqları sırasındandır.
   Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərindən geniş bəhs edərək  Ümumdünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların, dövlətlərin  Azərbaycanın bu istiqamətdə  fəaliyyətini necə qiymətləndirməsinə də diqqəti yönəldir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru dövlətimizin başçısına ünvanladığı iki məktubunda, ABŞ Prezidenti Donald Trampın məktubunda  koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu xüsusi qeyd edilir:  «İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.» Zirvə görüşləri göstərdi ki,  səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik.

   Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Bəzisi bu sınaqdan  layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə.  Dövlətimizin başçısı İlham Əliyevin  gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açıldıqda Azərbaycanın adı birincilər sırasında  qeyd olunur. Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət nəticələr dünya dövlətləri və təşkilatları tərəfindən yüksək dəyərləndirilməklə yanaşı,  tətbiq etdiyi  təcrübənin öyrənilməsinə də xüsusi maraq göstərirlər. Həmrəylik və birlik ruhunda bu bəladan da  uğurla çıxılacağına əminlik ifadə edilir.

Yeganə Əliyeva, «İki sahil»