10 avqust 2019 20:59
128

Pakistan Hindistanla avtobus əlaqəsini kəsib

Pakistanın hakimiyyət orqanları Lahor - Nyu-Dehli marşrutu üzrə avtobusların hərəkətini müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Pakistanın rabitə və poçt xidməti naziri Murad Səid rəsmi Twitter səhifəsi vasitəsilə yayıb. Nazir bu addımın Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən atıldığını bildirib.

Bundan əvvəl isə Cammu və Kəşmir ştatının statusu ilə bağlı fikir ayrılığı səbəbindən Pakistan tərəfinin Hindistan istiqamətində iki qatarın hərəkətini ləğv etdiyi barədə xəbər yayılıb.

Hindistanın avqustun 5-də Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti Hindistanla diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini, onunla ikitərəfli ticarəti dayandırdığını və bu ölkə ilə digər sazişlərə yenidən baxılacağını elan edib.