08 avqust 2019 20:50
360

Pakistan kino-teatrlarında hind filmlərinə qadağa qoyulacaq

Pakistanın hakimiyyət orqanları ölkə kino-teatrlarında hind filmlərinin nümayişinə qadağa qoymaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Pakistanın Baş Naziri İmran Xanın informasiya və radio yayımları siyasəti üzrə xüsusi köməkçisi Firdus Aşik Avan bildirib. O qeyd edib ki, hökumət incəsənətdə hind mədəniyyətinə aid istənilən kontenti qadağan etmək üzərində də işləyir.

İslamabad bu addımı Kəşmir ətrafında yaranmış vəziyyət səbəbindən Pakistan və Hindistan münasibətlərində artan gərginlik fonunda atıb. Hindistan illik kinofilm istehsalına lider ölkələrdən biri hesab olunur. Hind filmləri 90-dan çox ölkənin ekranlarında nümayiş etdirilir.

Hindistanın hakimiyyət orqanları bu həftə Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək bu ərazini Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Pakistan hökuməti buna cavab olaraq Hindistanla diplomatik münasibətləri daha aşağı səviyyəyə endirməyi və onunla ikitərəfli ticarəti dayandırmağı qərara alıb.